Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:43

Azərbaycanda cəbhəçilərin üzü gülmür...


İlham Əliyev
İlham Əliyev

Azərbaycanda iqtisadi vəziyyət, «gülençi» ittihamı ilə həbslər və Girdiman çayında ekoloji fəsadlar bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCANIN İNKİŞAFI

«Azərbaycan» qəzetində «Azərbaycanda dayanıqlı inkişaf təmin edilib» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, ölkədə qeyri-neft sənayesinin, sahibkarlığın inkişafı, maliyyə sahəsində şəffaflığın artırılması və ictimai nəzarət mexanizminin fəallaşdırılması istiqamətində konkret addımlar atılır, mühüm sənədlər imzalanır: «Prezident İlham Əliyevin iqtisadi islahat konsepsiyasında yer alan ən mühüm amil ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, regionların tərəqqisinin sürətləndirilməsidir. Yeni iqtisadi islahatlar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının tələblərindən irəli gəlir».

Müəllifin fikrincə, Azərbaycan istisna olmaqla, region dövlətlərində və dünyanın əksər ölkələrində iqtisadi artım tempi enir. Müəllifə görə, ölkə iqtisadiyyatının inkişafından ötrü ciddi islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir.

Yazıda deyilir ki, 2015-ci ilin sonu və 2016-cı ilin əvvəllərində sahibkarlığın inkişafı ilə bağlı qəbul edilən fərman və sərəncamlar bu modelin tərkib hissəsidir. Müəllifin gəldiyi nəticəyə görə, sahibkarlıq subyektlərində yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb edilən sahələrin 59-dan 37-yə endirilməsi, rüsumların Bakıda 2, regionlarda 4 dəfə azaldılması da mühüm amillərdəndir.

Müəllif vurğulayır ki, yeni iqtisadi modelin tətbiqindən ötrü vergi və gömürük sistemində aparılan islahatlar da çox mühümdür. Atılan addımlar bu sahədə sistemin daha da şəffaflaşmasına xidmət edəcək.

Yazıda bildirilir ki, gömrük sistemində xaricdən gətirilən malların qeydiyyatının sadələşdirilməsi, tranzit yüklərin bəzi ödənişlərdən azad olunması, rəsmiləşmə ilə bağlı sənədlərin sayının azaldılması biznes mühitini daha da sağlamlaşdırıb. Müəllifin fikrincə, bütün bu tədbirlər parlaq gələcəkdən xəbər verir: «Sadalanan faktlar bir daha təsdiqləyir ki, Azərbaycan prezidentinin müəyyənləşdirdiyi iqtisadi islahatlar ölkənin yeni inkişaf hədəflərinə hesablanıb və bu, ölkəmizin tərəqqisini daha da sürətləndirəcək».

AXCP-nin qurultayı
AXCP-nin qurultayı

BİZ NECƏ GÜLENÇİ OLDUQ?

«Azadlıq» qəzetində dərc olunan «Biz necə «gülençi» olduq?» məqaləsində son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında baş verən hadisələr təhlil edilir.

Müəllif partiya fəallarının son həbslərinə toxunaraq qeyd edir ki, Azərbaycanda vicdanlı olmaq, xalqın mənafeyini güdmək, dövlətin maraqlarından çıxış etmək cinayət tərkibi yaradır: «Əgər sadaladığımız bu keyfiyyətlərə sahibsənsə, hökumət sənin üçün yeni «şəxsiyyət vəsiqə»ləri yaratmağa çalışacaq».

Müəllif yazır ki, son günlərə qədər demokratik düşərgədə həbs edilənlər «polisə müqavimət»də, «narkotik»də, «ermənipərəstlik»də, «radikal şiəçilik»də günahlandırılırdı. İndi «gülençilik»də ittiham dəbə çevrilib.

Yazıda qeyd edilir ki, ittiham nə olursa, olsun, hədəf yenə Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır: «Aydın görünür ki, hökumət özünü təkzib etməklə məşğuldur. Əli Kərimlinin ən yaxın adamlarından birini şiəlikdə, o birini «gülençilik»də ittiham edir. Amma məntiqlə düşünəndə belə qənaətə gəlmək olur ki, hökumət Fethullah Gülen-in qisasını alır. Türkiyədə baş verənlərə AXCP sədri Əli Kərimlinin də, «Azadlıq» qəzetinin də münasibəti göz önündədir. Həm də hökumət israrla əsl gülençiləri məsuliyyətə cəlb etməkdən boyun qaçırır.

Bəli, hökumət «Gülen labirinti»ndən çıxmaq üçün əzəli-əbədi rəqibləri qurban vermək istəyir. Həm də qarşıdakı ağır böhran vəziyyətində narazı kütləni ardınca apara bilən qüvvənin sıradan çıxarılması hökumət üçün göydəndüşmə oldu. Narkotiklə ittiham olunmaq, polisə müqavimət göstərməkdə günahlandırılmaq «gülençi» ittihamının yanında toya getməlidir. AXCP Gənclər Komitəsinin üzvü Fuad Əhmədlini «Gülen-in tərəfdaşı» kimi təqdim etməklə yadplanetlilərlə işbirliyində ittiham etmək arasında heç bir fərq yoxdur».

Foto arxiv
Foto arxiv

YAŞIL RƏNGLİ ÇAY...

«Yeni Müsavat» qəzetində isə İsmayıllı və Ağsu rayon sakinlərinin həm içməli, həm də suvarma suyu ilə bağlı üzləşdikləri problemlərdən bəhs edilir.

Müəllif yazır ki, Girdiman çayının sularında təhlükəli durum yaranıb. 10 gündən çoxdur ki, çayın suları naməlum səbəb üzündən yaşıl rəngə boyanıb. Müəllifin ehtimallarına görə, suyun dadının, rənginin dəyişməsinə, sudan qeyri-adi qoxu gəlməsinə səbəb çaya çirkli maddələrin axıdılmasıdır. Məqalədə qeyd edilir ki, hətta çayın daşları da yaşıl rəngə boyanıb.

Müəllif bildirir ki, bu, həmin çayın suyundan istifadə edən İsmayıllı rayonunun Gəraybəyli, Xəlilli, Eyyubbəyli kəndlərində, Ağsu şəhərinin özündə, Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli və Mustafalı kəndlərində ciddi narahatlığa səbəb olub: «Zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri çaya çamaşırxana, kanalizasiya tullantıları axıdır».

Məqalədə deyilir ki, son günlər İsmayıllı rayonunun Gəraybəyli kəndində 15-ə yaxın insan mədə-bağırsaqlarında yaranan problem, işləmə-qusma üzündən həkimlərə müraciət ediblər. Kənd sakinləri bildiriblər ki, Girdiman çayından artıq içməli su kimi istifadə etmək mümkün deyil. Hətta bu suda çimməkdən və paltar yumaqdan da ehtiyat edirlər. Kənd sakinləri tezliklə məsələnin araşdırılmasını və problemin yoluna qoyulmasını xahiş edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG