Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:44

Azərbaycanda orta təbəqə itə bilər


Qatar
Qatar

Azərbaycanın beynəlxalq layihələri davam etdirməsi, ölkədəki orta təbəqənin durumu, siyasi fəalların son həbsləri fonunda Qərb-Azərbaycan münasibətləri avqustun 20-də medianın aparıcı mövzusudur.

KÖRFƏZƏ ÇIXIŞ STRATEGİYASI

«Azərbaycan» qəzetinin «Azərbaycanın Fars körfəzinə çıxışı təmin ediləcək» başlıqlı məqaləsi prezident İlham Əliyevdən sitat gətirməklə başlanır: «Həm «Cənub qaz dəhlizi»nin, həm də «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin icrası ölkəmizin önəmini böyük dərəcədə artıracaq. Bu layihələr Azərbaycan və bizim tərəfdaşlarımız üçün çox böyük strateji əhəmiyyət daşıyır. Çünki bizim coğrafi vəziyyətimiz diktə edir ki, Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin birinə çevrilməlidir».

Müəllif Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrildiyini bildirir.

Məqalədə deyilir ki, Azərbaycan Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir. Buna əsas kimi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşdırılması göstərilir.

Müəllif enerji layihələri ilə birgə nəqliyyat dəhlizləri layihələrini də regional əməkdaşlıq üçün mühüm vasitə sayır və «Cənub-Şimal» nəqliyyat dəhlizi layihəsini strateji əhəmiyyət daşıyan transmilli layihə adlandırır. Layihənin reallaşdırılmasının perspektivi isə belə dəyərləndirilir: «Bununla da Qafqaz ölkələrinin, Rusiyanın, Şimali və Şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışı təmin ediləcək ki, bu da region ölkələrinə böyük iqtisadi dividentlər gətirəcək».

Fuad Əhmədli
Fuad Əhmədli

«BU, NÖVBƏTİ REPRESSİYA DALĞASIDIR»

«Azadlıq» qəzeti Xalq Cəbhəsi Partiyasının Fuad Əhmədlinin həbsi ilə bağlı bəyanatını dərc edib. Sənəddə F.Əhmədlinin «gülençi» şəbəkəyə aid olmasına ciddi etiraz edilir.

Respublika Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin avqustun 19-da yaydığı birgə açıqlamada F.Əhmədli cəmiyyətə adıçəkilən şəbəkənin üzvü kimi təqdim edilir. Bəyanatda bu həbs belə dəyərləndirilir: «Hakimiyyət AXCP-yə qarşı məkrli planlar quraraq növbəti repressiya dalğasına başlayıb. Partiya sədri Əli Kərimliyə qarşı Türkiyədə dövlət çevrilişi cəhdində ittiham edilən Fethullah Gülen-lə bağlılığı haqda tamamilə yalan və şər-böhtan üzərində qurulmuş ittiham irəli sürülür». Sənəd müəlliflərinin fikrincə, F.Əhmədlinin cəmiyyətə «gülençi» şəbəkənin üzvü kimi təqdim edilməsi də bu yalanı doğrultmaqdan irəli gəlir.

Qəzet yazır ki, «F.Əhmədlinin gülençilərlə əlaqəsi yoxdur və ola da bilməz. O, İqtisad Universitetini bitirib, liberal və müasir düşüncəli siyasi fəaldır, ictimai-siyasi baxımdan AXCP-də formalaşıb».

Bakıda neft buruğu
Bakıda neft buruğu

SIRADAN ÇIXAN ORTA TƏBƏQƏ

«Exo» qəzetində «Azərbaycanda əhalinin cəmi 12%-i orta təbəqəyə aiddir» sərlövhəli məqaləni oxumaq olar. Müəllif bu sahədəki duruma ekspertlərlə aydınlıq gətirmək istəyir.

«Azərbaycanda əhalinin 12%-i orta təbəqəyə aiddir. Yeri gəlmişkən, bu kateqoriya vətəndaşların artım dinamikası çox zəifdir. Ölkədə «orta təbəqə»nin ən yüksək vaxtı 2015-ci ilin ilk 21 fevral devalvasiyasına qədərki dövrə təsadüf edir. O zaman bu rəqəm 20% idi, ən aşağı vaxtı isə elə həmin ilin 21 dekabr devalvasiyasına yaxın bir vaxtda qeydə alınıb, bu, cəmi 5% olub».Bunu qəzetə ekspert Nəriman Ağayev bildirib.

Ekspertin fikrincə, Azərbaycanda orta təbəqə deyəndə, özəl mənzili, daşınmaz əmlakı, nəqliyyat vasitəsi, təhsili və ayda ailənin hər bir üzvünə min manat gəliri, yəni, illik 48 min manat gəliri olan 4-nəfərlik ailə başa düşülür. N.Ağayevə görə, varlı təbəqə bu aylıq gəliri 100 min manatdan yüksək olanlardır. Bu, bütün əhalinin cəmi 3%-idir, 80%-i aşağı təbəqədir, 5%-i o təbəqədir ki, ümumiyyətlə, gəliri yoxdur.

İlham Əliyev
İlham Əliyev

HƏBSLƏRDƏN GƏLƏN SANKSİYA QOXUSU

«Yeni Müsavat» qəzeti son günlər siyasi fəalların həbsi ilə bağlı Qərb-Azərbaycan münasibətlərinin kəskinləşə biləcəyini ekspertlərlə müzakirə edir.

Müəllif deyir ki, siyasi fəalların həbsi ilə bağlı ABŞ və Böyük Britaniyadan narazı tonda açıqlamaların səsləndirilməsi münasibətləri gərginlik müstəvisinə apara bilər. Müəllif Qərbin ciddi idarəçilik dəyişiklikləri nəzərdə tutan Konstitusiyaya dəyişikliklərin cəmiyyətlə geniş müzakirəsinin aparılmasını tövsiyə edir.

Politoloq Elxan Şahinoğlu qəzetə bildirib ki, indiki həbslər yenidən geriyə addımdır, bu həbslərin referendum öncəsi baş verməsi heç dövlət başçısının da maraqlarına uyğun deyil. E.Şahinoğlu deyir ki, bu məsələlərə aydınlıq gətirilməli və süni gərginlik aradan qaldırılmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG