Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:49

ABŞ-ın növbəti prezidenti avtoritar Rusiyayla nə etməlidir? «The Washington Post» qəzetində Angela Stent bu suala cavab axtarır. Stent Corctaun Universitetində Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktorudur.

İNTEQRASİYA ALINMADI

Müəllif yazır ki, Sovet İttifaqının çöküşündən 25 il keçir. Birləşmiş Ştatların iki əsas məqsədi vardı: birincisi, yeni Rusiyanı avroatlantik və beynəlxalq qurumlara inteqrasiya etmək; ikincisi, bu alınamsa, Amerikanın Soyuq Müharibə dövründən sonra dinc, qaydalara əsaslanan düzən yaratmasını Rusiyanın əngəlləməsinə qarşı dayanmaq. «25 il keçib, aydındır ki, birinci məqsədə çatılmayıb. Yəni Ağ Evin yeni sahibi ikinci məqsəddən ötrü cəhdləri ikiqat artırmalıdır», - müəllif vurğulayır.

Yazıda Rusiyayla bağlı durumun dəyişdiyi qeyd olunur. Belə ki, indi Rusiyanın hətta ABŞ-ın seçki sisteminə müdaxiləsinə dair iddialar var. ABŞ da ilk öncə Rusiyanın hərəkətlərinin arxasındakı ölkəiçi səbəbləri anlamalıdır. Rəhbərlikdə bəzi silkələnmələr baş verir, Putin çoxdankı dostu Sergei Ivanov-u işdən çıxarır, özünü «rəngli inqilab»dan və saray çevrilişindən qorumaq məqsədilə xüsusi qvardiya yaradır. Görünür, məqsəd sentyabrda Dövlət Dumasına, gələn il isə prezident seçkilərinə hazırlıqdır, 2011-ci il etirazlarının təkrarlanmasını istəmir. Üstəlik, iqtisadi durum da pisləşir.

FƏRQLİ YANAŞMA

«Kreml Birləşmiş Ştatları əsas düşməni sayır, bu zaman növbəti prezident Rusiyaya necə yanaşmalıdır? Yeni prezident Rusiyayla münasibətlərə yenidən başlamağa çalışmamalıdır, Moskvanın fərqli yanaşma istədiyini qəbul etməlidir. Münasibət xatirinə münasibət yaratmaq işə yaramır», - yazan müəllif ABŞ-ın Rusiyayla Suriya və Ukrayna münaqişələri ilə bağlı danışıqlar aparmalı olduğunu vurğulayır. Amma əgər Kreml konstruktiv təklif verməkdə maraqlıdırsa.

«Nə qədər ki Rusiya Ukraynanın şərqindəki münaqişəni dəstəkləyir, ABŞ sanksiyaları qüvvədə qalmalıdır. Birləşmiş Ştatlar Avropada hərbi iştirakını gücləndirməli, Rusiyanın qonşu ölkələrdə sabitsizlik yaratmaq cəhdlərini önləməlidir. Rusiya problemi uzunmüddətlidir və həm ABŞ-ın yeni prezidenti, həm də Putin vəzifə olduğu müddətcə bitən deyil».

ƏKS ARQUMENT

«Rusiya bir təhlükədir. ABŞ da ona bu cür yanaşmalıdır». Bunu isə «The Washington Post»da McCain İnstitutunun insan haqları və demokratiya üzrə baş direktoru, George W.Bush administrasiyası dövründə Dövlət katibinin köməkçisi olmuş David J.Kramer yazır.

«Yeni prezident anlamalıdır ki, Vladimir Putin-in rəhbərlik etdiyi Rusiya avtoritar və kleoptokratik rejimdir, bizim dəyərlərə, maraqlara və müttəfiqlərə ciddi təhlükə yaradır. Biz Rusiyanın təcavüzünü önləməliyik, NATO müttəfiqlərimizi əmin etməliyik ki, onları müdafiə edəcəyik… Biz həmçinin, Rusiyada yaşayıb daha yaxşı və demokratik gələcək uğrunda çarpışanları dəstəkləməliyik», - müəllif qeyd edir.

D.Kramer yazır ki, problem Putin rejiminin mahiyyətindən qaynaqlanır. Hələ 17 il öncə Çeçenistan regionunda qəddar güc metodlarına əl atan Putin göstərdi ki, hakimiyyətdə qalmaqdan ötrü gərəkən hər şeyi edəcək. İstənilən real, yaxud xəyali təhdidlə qətiyyətlə mübarizə aparılır - Rusiyadan, yaxud xaricdən qaynaqlanmasından asılı olmayaraq.

SANKSİYALAR GÜCLƏNDİRİLSİN

Putin 2012-ci ilin mayında prezident postuna qayıdandan insan haqlarına ən pis təzyiqi göstərib. Ukraynada o, vətəndaşların korrupsiyaya son qoymaq, Qərblə daha dərin inteqrasiya tələblərini həzm edə bilmədi, Krım vilayətini ilhaq etdi. Axı Ukraynada alınsaydı, bu, Rusiyadakı korrupsioner rejimə alternativ yaratmış olacaqdı. O, Suriyanın «qatil» prezidenti Bashar al-Assad-ın köməyinə gəldi.

Müəllifin fikrincə, ABŞ-ın yeni administrasiyası anlamalıdır ki, Rusiya rejiminin mahiyyəti bu iki ölkə arasında real tərəfdaşlığı çıxdaş edir və əməkdaşlıq sahələri məhduddur.

«Növbəti administrasiya kobud insan haqları pozuntularına qarşı Magnitsky Aktını daha sərt yerinə yetirməli, hətta Ukraynanın suverenliyini pozduğuna görə Rusiyaya sanksiyaları gücləndirməlidir. Putin-in ən yaxşı ixrac malı olan korrupsiyanın bizim yolumuzu çirkləndirməsinə də imkan verməməliyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG