Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:12

Ekspert: 'Bəzi bağçalar tövləyə oxşayır'


Traktor
Traktor

Ölkənin ixrac potensialı, qiymətlərin artması, məktəbəqədər müəssisələrin durumu, referendum öncəsi siyasi vəziyyət və yeni həbslər bu gün medianın aparıcı mövzusudur.

İDXALÇIDAN İXRACATÇIYA...

«Azərbaycan» qəzetində «Azərbaycanın geniş sənaye potensialı var» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, dünyada geosiyasi risklərin artması, iqtisadi problemlərin dərinləşməsi fonunda ölkə iqtisadiyyatı dayanıqlıq nümayiş etdirir. Məqalədə qeyd edilir ki, bütün bu müsbət meyllər prezident İlham Əliyevin çevik, praqmatik iqtisadi siyasəti nəticəsində baş verir. Müəllifə görə, siyasi sabitlik, güclü iqtisadi potensial, sahibkarlığın inkişafı ilə bağlı tədbirlər ölkə iqtisadiyyatının xarici təsirlərə qarşı dayanıqlılığını şərtləndirən əsas amillərdir:
«Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Prezident İlham Əliyev həm ictimaiyyət nümayəndələri ilə görüşlərində, həm də çıxışlarında dəfələrlə vurğulayıb ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafında sənaye və kənd təsərrüfatı istehsalı daha böyük əhəmiyyət daşıyır. Yəni inkişaf bu iki istiqamətdən asılı olacaq. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də bunu bir daha təsdiqləyir. Kənd təsərrüfatında 3.1 faiz artımın olması cari ildə də bu sahədə yüksəlişin olacağından xəbər verir».

Daha sonra müəllif ölkənin müxtəlif bölgələrində aqro və sənaye parklarının salınmasından bəhs edir: «Aqroparkların əsas işi kənd təsərrüfatı məhsulunun istehsalı, qablaşdırılması, logistikası və satışından ibarətdir».

Müəllif yazır ki, yaxın zamanlarda Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı idxaldan asılılığı tamamilə aradan götürəcək və böyük ixrac potensialı yaradacaq.

Fethullah Gülen
Fethullah Gülen

KİMDİR GÜLENÇİ?

«Azadlıq» qəzeti Milli Şuradakı müzakirələrə yer verib.

Milli Şuranın Koordinasiya Mərkəzi Rusiya telekanallarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) «gülençi» kimi təqdim edilməsini pisləyib. Müzakirələrdə vurğulanıb ki, AXCP sədri Əli Kərimli Türkiyədəki hərbi çevrilişi elə həmin gecə pisləyib. Türkiyədə xalqın seçdiyi hakimiyyət orqanlarına dəstək verdiyini bildirib.

Qəzetin xəbər verdiyinə görə, müzakirələrdə qeyd edilib ki, bu böhtanın arxasında Azərbaycan hakimiyyəti durur: «Hakimiyyət müxalifət liderinə qarşı belə iyrənc kampaniya başlatmaqla bir tərəfdən öz daxilindəki həqiqi gülençiləri qorumaq, digər tərəfdən də əsas rəqib hesab etdiyi siyasi qüvvəyə zərbə vurmaq məqsədi güdür».

Koordinasiya Mərkəzinin üzvləri bildiriblər ki. böhtan kampaniyasının bir məqsədi də diqqəti Konstitusiyaya dəyişikliklərindən yayındırmaqdır. Məqalədə qeyd edilir ki, müzakirələrdə son həbslər də qəti pislənilib:

«İclasda nəhayət, beynəlxalq ictimaiyyətin də referenduma çıxarılacaq dəyişikliklərdən narahatlıq ifadə etməsi yüksək qiymətləndirilib. ABŞ Dövlət Departamentinin referenduma çıxarılacaq dəyişiklikləri Avropa Şurasının Venesiya Komissiyasına və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə (ODIHR) təqdim etməyə çağırması təqdir olunub».

Bazar
Bazar

PULU 100 QRAM ƏRZAĞA ÇATANLAR...

«Bizim Yol» qəzetində «Bazarda 100 qramla məhsul alan var» sərlövhəli məqalə oxumaq olar. Məqalədə qeyd edilir ki, kənd təsərrüfatı malları bahalaşıb, çeşidləri azalıb. Alıcı da, satıcı da şikayətlənir.

Müəllif yazır ki, ölkədə baş verən ikinci devalvasiyadan sonra manatın məzənnəsinin düşməsi qiymətlərin yüksəlməsinə rəvac verdi. Bu qiymət artımı özünü kənd təsərrüfatı və ərzaq məhsullarında da göstərir:
«Dövlət orqanları qiymətlərin süni artırıldığını və buna qarşı mübarizə aparıldığını desə də, sakinlər bahalıqdan şikayətçidir. Ərzaq, meyvə-tərəvəz kimi gündəlik tələbat mallarının qiymətinin belə surətlə artması əhali arasında narazılığa səbəb olub. Satıcılar qiymət artımının olmasını müxtəlif səbəblərlə bağlayırlar. Onlar bildirirlər ki, məhsulların çoxu xaricdən ixrac olunur».
Müəllif bazarlara da baş çəkib. Onun gəldiyi nəticəyə görə, bahalaşma, əsasən, çərəzlərdə müşahidə edilir: «İrandan gətirilən kişmiş, qoz, fındıq, badam, püstənin qiymətləri 15-27 manat arasında dövr edir. Azərbaycan Mərkəzi Bankının yanvar-iyun üzrə pul siyasəti icmalında bildirilir ki, ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçıların əsas xərclərinin 49.5 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının alışına gedir. Hər bir istehlakçı orta hesabla hər ay pərakəndə ticarət şəbəkəsində 117.8 manat məbləğində ərzaq, içki alıb».

Qəzetə danışan satıcılar bildiriblər ki, qiymət artımı bundan sonra da davam edəcək. Alıcılar isə məhsulların bahalığı ilə yanaşı, çeşidlərin olmamasından, maaş və təqaüdlərin artırılmamasından şikayətləniblər.

Müəllifin yazmasına görə, bazarda elə yoxsul vətəndaşlar da olub ki, onlar ancaq ərzağı 100-200 qram alıblar.

Gəncədə uşaq bağçası
Gəncədə uşaq bağçası

BÖYÜKLƏRİN «KİÇİK» DƏRDİ

«Exo» qəzetində isə «Məktəbəqədər müəssisələr müasir tələblərə cavab verirmi?» sərlövhəli məqalə ilə tanış olmaq olar. Ekspertlərdən Yusif Bəkirov qəzetə vəziyyəti belə dəyərləndirib:

«Azərbaycanda müasir tələblərə cavab verən məktəbəqədər müəssisələr var. Amma onları barmaqla saymaq olar. Bütün məktəbəqədər müəssisələrin cəmi 7 faizi müasir tələblərə cavab verir. Bu isə dəhşətli statistikadır. Qalan 93 faiz məktəbəqədər müəssisələr yeni mebel və texnika ilə təmin edilməyib, bəziləri isə lap tövləyə oxşayır».

Yusif Bəkirovun deməsinə görə, elə məktəbəqədər müəssisələr var ki, damı axır, döşəmənin təmirə ehtiyacı var, qızdırıcı sistem sıradan çıxıb, uşaqlar antisanitar şəraitdə saxlanılır. Ekspert deyir ki, belə bir durumda trenajorlar, oyun stellajları, multimedia avadanlıqları haqqında danışmağa dəyməz.

Yusif Bəkirova görə, valideynlər uşaqlarını belə bağçalara çıxılmazlıq üzündən verməyə məcbur olurlar. Çünki çoxlarının özəl müəssisələrə göndərməyə vəsaiti yoxdur. Ekspert deyir ki, məktəbəqədər müəssisələrin təmiri ilə bağlı hər il dövlət büdcəsindən vəsaitlər ayrılır. Amma bu vəsaitlərin hamısı təyinatı üzrə xərclənmir: «Bunların çoxu təmirə ehtiyacı olmayan bağçaların payına düşür. O bağçalara ki, buna ehtiyacı var, onlara verilmir. Adi gözlə görürsən ki, korrupsiya sxemidir. Ona görə təəccüblü deyil ki, bir çox uşaq ilk sinfə gedəndə elementar biliklərə malik olmur. Halbuki, bunu məktəbəqədər müəssisələr etməli idilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG