Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

'Almaniya Gülen-ə bağlı şirkətləri qapatsın'


Ömer Çelik, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və onun almaniyalı həmkarı Bert Koender

Ömer Çelik, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu və onun almaniyalı həmkarı Bert Koender

Türkiyənin Avropa Birliyi üzrə naziri Ömer Çelik Berlini çağırıb ki, Fethullah Gülen-ə bağlı alman şirkətlərini bağlasın. Almaniyanın «Deutche Welle» radiosu yazır ki, çevriliş cəhdindən sonrakı təzyiq dalğası indi də biznes liderlərinə çatıb.

Ömer Çelik Almaniyanın «Wirtschaftswoche» biznes jurnalına müsahibə verib, deyib ki, alman hökuməti Gülen hərəkatına bağlı şirkətləri və təşkilatları qadağan etməlidir.

Türkiyə hakimiyyəti Fethullah Gülen-in dövlət içində paralel dövlət qurduğunu və 15 iyul çevriliş cəhdinin arxasında durduğunu bildirir. Gülen bunu təkzib edir.

«İMAMLAR DEPORTASİYA OLUNSUN»

Çelik jurnala söyləyib ki, Gülen-ə bağlı və Türkiyədən qaçmış islamçı imamlar təqib və deportasiya olunmalıdır. O, nə qədər adamdan söhbət getdiyini açıqlamayıb.

Yazıda vurğulanır ki, nazirin dedikləri onsuz da gərginləşmiş Berlin-Ankara münasibətlərinə təhlükə yaradır. Belə ki, Baden-Vürtemberq vilayətinin baş naziri Winfried Kretschmann bu deyilənləri dərhal rədd edib.

Buna da bax - 'Hizmet' dövlət orqanlarına belə nüfuz edirmiş

Türkiyəylə əlaqələrə bu həftənin əvvəlində daha bir zərbə dəyib. Alman hökumətindən sızdırılmış hesabatda bu ölkə «islamçı yuvası» adlandırılır.

Çelik-in müsahibəsi dərc olunan gün Türkiyədə mindən artıq polis biznes obyektlərində, evlərdə sübh çağı reydləri keçirib. 187 işadamı barədə həbs orderi verilib.

MƏŞHUR İŞ ADAMLARI SAXLANIB

Saxlanan 60 işadamı arasında «Aydinli Group» şirkətinin rəhbəri Faruk Kavurmacı da var. Türkiyə Biznesmenlər və Sənayeçilər Konfederasiyasının (Tuskon) prezidenti Rızanur Meral barəsində də həbs orderi çıxarılıb. «Tuskon» 2005-ci ildə yaradılıb, 55 min üzvü var və hökumət onu Gülen-pərəst fəaliyyəti maliyyəlişdirməkdə suçlayır.

«Eroğlu» moda və «Güllüoğlu Baklava» şirkətləri hədəfə alınanlar siyahısındadır.

ABŞ-da yaşayan Gülen çevriliş cəhdində hər hansı rolu olmadığını deyir. Türkiyə hakimiyyəti isə ABŞ-dan onun ekstradisiyasını tələb edir.

Çevriliş cəhdindən sonra on minlərlə Gülen tərəfdarı olduğu bildirilən şəxs saxlanıb, yaxud işdən çıxarılıb.

Avropa Birliyi və Birləşmiş Ştatlar bu təzyiq kampaniyasından narahatlıq bildirib. İnsan haqları qrupları xəbərdarlıq edirlər ki, kampaniya nəticəsində uğursuz çevriliş cəhdində heç bir rolu olmayanlar da saxlana bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG