Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:14

Kinoya çevrilmiş məşhur kitablar


Qurd qardaşlığı (2001) filmindən bir kadr.
Qurd qardaşlığı (2001) filmindən bir kadr.

-

Adətən filmlər çoxu əvvəl ssenari şəklində mövcud olur, sonra filmə çevrilir. Ancaq bəzi filmlər var ki, ssenarisi məşhur romanların əsasında yazılıb. Oxu Zalı həyatdan kitablara, kitablardan kinoya keçmiş filmləri təqdim edir…

"Adapdasiya" (2002) filmindən bir kadr.
"Adapdasiya" (2002) filmindən bir kadr.

“Adaptasiya” – “Adaptation” (2002)

Rejissor Spike Jonze, ssenari müəllifi Charlie Kaufman..

Rollarda: Nicolas Cage, Meryl Streep, "Chris" Cooper

Bu ekssentrik tragikomediya Susan Orleanın “Orxideya oğrusu” kitabı və Kaufmanın həyatından bir an, özünə ironiyası üzərində qurulub.

1994-cü ildə Charlie Kaufman prodüser Jonathan Demmedən “Orxideya oğrusu” üçün ssenari yazmaq sifarişi alır, lakin yaradıcı böhranda olduğundan sifarışı yerinə yetirə bilmir. Əvəzində əsərin adaptasiya prosesi haqqında ssenari meydana çıxır. Layihəni bundan əvvəl “Con Malkoviç olmaq” filmində Kaufmanla birlikdə işləmiş Spike Jonze ekranlaşdırır. 2002-ci ildə ekranlara çıxan film müxtəlif festivallarda ümumilikdə 39 mükafat və 43 nominasiya (mükafata namizədlik) qazanır.

“Orkestr çalmağa davam edirdi” (1993) filmindən bir kadr.
“Orkestr çalmağa davam edirdi” (1993) filmindən bir kadr.

“Orkestr çalmağa davam edirdi” - And the Band Played On (1993)

Rejissor: Roger Spottiswoode

Ssenari müəllifi: Rendi Şilts, Arnold Şulman

Rollarda:Matthew Modine, Glenne Headly

Dram janrında çəkilmiş bu televiziya filmi amerikalı jurnalist Randy Shiltsin sənədli kitabı əsasında çəkilib. Müəllif filmin premyerasından bir qədər sonra AİDS xəstəliyindən vəfat edib.

Film, AİDS kimi virusların necə tapıldığı haqqındadır.

Sənədli ilə bədiinin sərhəddində olan “Orkestr çalmağa davam edirdi” filmində elmlə insan həyatının nə qədər iç-içə olduğundan, elmin ortaya çıxardığı dəyərlərin bəşəriyyətə təsirindən, bu təsirin yaradılma prosesində iştirak etməyin gözəlliyindən bəhs edilir.

"Oyanış" (1990) filmindən bir kadr.
"Oyanış" (1990) filmindən bir kadr.

“Oyanış” – “Awakenings” (1990)

Rejissor: Penny Marshall

Ssenari müəllifi: Steven Zaillian

Rollarda: Robin Williams, Robert De Niro, Julie Kavner

Dram janrında olan “Oyanış” filmi Oliver Wolf Sacksın xatirələr kitabı əsasında çəkilib və ixtisasca nevropatoloq olan müəllifin şahidi olduğu real hadisələrə əsaslanır. Sözügedən kitab əsasında «A Kind of Alaska» adlı pyes də yazılıb (Harold Pinter). Filmdə bəhs edilən letargik ensefalit epidemiyası həqiqətən 1917-28-ci illərdə baş verib, “L-Dopa” dərmanı da realdır.

Filmin qəhrəmanı doktor Malkolm Sayer ömrüboyu laborotoriyada araşdırmalar aparıb. Həkimə ehtiyacı olan bir xəstəxana onu işə götürməyə məcbur qalır. Sayer, başqa bir xəstəlik üçün hazırlanmış “L-Dopa” preparatını uzun illərdi huşsuz və hərəkətsiz yatan Leonard Lowe adlı xəstənin üzərində təcrübədən keçirmək qərarına gəlir.

“Canavar qardaşlığı” (2001) filmindən bir kadr.
“Canavar qardaşlığı” (2001) filmindən bir kadr.

“Canavar qardaşlığı” -“Le pacte des loups” (2001)

Rejissor: Christophe Gans

Ssenari müəllifi: Christophe Gans, Stefani Cabel

Rollarda: Samuel Le Bihan, Vincent Cassel

2001-ci ilin istehsalı olan bu tarixi döyüş filminin mərkəzində XVIII əsr Fransa əyalətlərinin birində « Jevodan yırtıcısı» adı almış məxluq tərəfindən xüsusi qəddarlıqla törədilənsilsilə qətllərin araşdırılması dayanır. Film real hadisələr əsasında çəkilib.

Fransa kralı Fronsac cəngavərini və onun hindu dostu Manini Gevaudan əyalətində baş verən amansız qətlləri araşdırmağa göndərir.

Dəhşətli qətl hadisələri xüsusi effektlər və döyüş səhnələri ilə bəzədilmiş «Canavar qardaşlığı» filmi ilin (2001) ən populyar film seçilib.

“Karandiru” (2003) filmindən bir kadr.
“Karandiru” (2003) filmindən bir kadr.

«Karandiru” – “Carandiru” (2003)

Rejissor: Ektor Babenko

Ssenari müəllifləri: Ektor Babenko, Drauziu Varella, Viktor Navas, Fernandy Bonassi

Rollarda: Karlus Vaskonselus, İvan di Almeyda, Ailton Qrasa, Rodriqo Santoro

Dram janrında olan “Karandiru” filmi yazıçı Drauzio Varellanın real hadisələr əsasında yazdığı “Karandiru stansiyası” əsərinin ekranizasiyasıdı. Film 2003-cü ildə Kann kinofestivalında “Qızıl palma budağı”na namizəd olub.

“Karandiru”, Braziliyanın San-Paulu şəhərində 1920-ci ildən 2002-ci ilə qədər fəaliyyət göstərmiş məşhur Karandiru həbsxanasında yatan məhbusların həyatından bəhs edir.

Doktor Varella məhbuslar arasında HIV virusunun profilaktikasını aparmaq üçün könüllü olaraq Karandiruya işləməyə gəlir. Elə ilk gündən də ağzına qədər dolu həbsxananın yazılmamış qanunları ilə tanış olur. Filmin kulminasiyası dustaqların qiyamıdı. 1992-ci ildə baş vermiş və “Karandiru qətliamı” adını almış qiyam zamanı 111 qiyamçı dustaq polislər tərəfindən qətlə yetirilib.

“Çarli Uilsonun savaşı” (2007) filmindən bir kadr.
“Çarli Uilsonun savaşı” (2007) filmindən bir kadr.

“Çarli Uilsonun savaşı” – “Charlie Wilson's War” (2007)

Rejissor: Mike Nichols

Ssenari müəllifi: Aaron Sorkin

Rollarda: Tom Hanks, Julia Roberts, Philip Seymour Hoffman, Amy Adams, Ned Beatty

“Çarli Uilsonun savaşı”, Əfqanıstan müharibəsi zamanı texaslı kongressmen Çarlz Uilsonun, əfqan müqavimətçilərini silahla təchiz edən MKİ-nin həyata keçirdiyi məxfi əməliyyatı maliyyələşdirməsindən bəhs edir. Film Corc Karlaylın eyniadlı əsəri əsasında çəkilib.

Texaslı kongressmen, viski və gözəl katibə həvəskarı Çarli Uilson qayğısız həyat sürür. Kongressmenin yeganə problemi kokoindən istifadə elədiyi üçün onu tutmağa çalışan prokurordan qurtulmaqdı. Elə həmin vaxt SSRİ qoşunlarını Əfqanıstana salır. Kongressmen Uilsonun köhnə dostu, qızğın antikommunistaristokrat Coan Herring onu Pakistana getməyə və prezident Ziya Ul Hakla görüşməyə məcbur edir. Pakistanda onu əfqan qaçqınlarının düşərgəsinə aparırlar. Düşərgədə gördüklərindən təsirlənən kongressmen müqavimətçilərə yardım məqsədilə əlindən gələni etməyə qərar verir.

Sançesin uşaqları (1978) filmindən bir kadr.
Sançesin uşaqları (1978) filmindən bir kadr.

«Sançesin uşaqları” - “The Children of Sanchez” (1978)

Rejissor: Hall Bartlett

Ssenari müəllifi: Cesare Zavattini, Hall Bartlett

Rollarda: Anthony Quinn, Dolores Del Rio, Lupita Ferrer

1978-ci ildə ekranlara çıxmış film amerikalı antropoloq Oscar Lewisin eyniadlı romanının ekranizasiyasıdı və real hadisələrə əsaslanır.

“Sançesin uşaqları” Mexiko kənarındakı yoxsul məhəllələrdən birində dörd uşağı ilə yaşayan dul Xesus Sançesin yaşamaq uğrunda apardığı mübarizədən bəhs edir.

Meksika hökumətini personajların dili ilə ciddi tənqid etdiyinə görə Oscar Lewisin romanının 1961-ci ildə Meksikada nəşri və yayımlanması qadağan olunmuşdu.

“Sançesin uşaqları” filmi də romanın ilk nəşrindən on yeddi il sonra çəkilib.

"Tammetal örtüklü” – (1987) filmindən bir kadr.
"Tammetal örtüklü” – (1987) filmindən bir kadr.

«Tammetal örtüklü” –“Full Metal Jacket” (1987)

Rejissor: Stanley Kubrick

Ssenari müəllifləri: Stanley Kubrick, Michael Herr

Rollarda: Matthew Modine, Vincent Phillip D'Onofrio, Adam Baldwin

Böyük rejissorun dram janrında çəkdiyi bu film Vyetnam müharibəsindən bəhs edir və Qustav Hesfordun “Qocalar” romanının motivləri əsasında çəkilib. Film bir çox mükafatlara layiq görülüb, o cümlədən, 1988 ci ildə “ən yaxşı adaptə olunmuş ssenari” nominasiyasında namizəd olub.

Filmin adı “Tammetal örtüklü” - metal örtüklü – mis, polad - gülləyə işarədir.

Filmin ilk 45 dəqiqəsi ABŞ dəniz piyadalarında xidmət edən əsgərlərin döyüşə hazırlanmasını göstərir. Yeni səfərbərlik keçən gənclər Cənubi Karolina ştatı ərazisindəki Perris adasında yerləşən təlim düşərgəsinə gəlirlər. Onların yorucu təlimləri amansız psixoloji təzyiqlə paralel aparılır. Gənclərdən biri bu cür ağır şərtlərə tab gətirmir.

Şimal ölkəsi (2005) filmindən bir kadr.
Şimal ölkəsi (2005) filmindən bir kadr.

«Şimal ölkəsi» - “North Country” (2005)

Rejissor: Niki Caro

Ssenari müəllifi: Michael Zaytsman

Rollarda: Charlize Theron, Woody Harrelson, Jeremy Renner

“Şimal ölkəsi” filminin ssenarisi Klara Bingam və Lora Lidi Qenslerin “Class Action: The Story of Lois Jenson and the Landmark Case That Changed Sexual Harassment Law” əsəri əsasında yazılıb və tarixdə “Luis e.Censon Evlet Takonit Co-ya qarşı” adı ilə qalmış məhkəmə prosesinin təsviridi.

Vaxtilə onu döyən ərindən qaçmış Cozi iki uşağı ilə birlikdə Şimali Minnesotada yerləşən doğma şəhərinə qayıdır və valideynlərinin evində yaşamaq istəyir. İlk övladını 16 yaşında dünyaya gətirdiyinə görə Cozinin atası da, qonşuları da onu yüngül əxlaqlı hesab edirlər və öz aralarına buraxmırlar. Cozi şəhərdə yeganə iş yeri olan dəmir mədənində işə başlayanda qarşı cinsdən olan iş yoldaşlarının seksual təhrikinə məruz qalır. Onlardan şikayət edəndə həm müdriyyətin, həm də yerli qadınların etirazı ilə qarşılaşır. Üstəlik rədd cavabı alan kişilər şəhərdə onun əxlaqsız olduğu barədə şaiyə yayırlar. Doğma oğlunun ittihamlarından sonra Cozi vəkil Billi Uayta müraciət edir və mədənin rəhbərliyini məhkəməyə verir.

"Atam mənim, ağam mənim" (1977) filmindən bir kadr.
"Atam mənim, ağam mənim" (1977) filmindən bir kadr.

«Atam mənim, ağam mənim” -“Padre padrone” (1977)

Rejissor: Paolo və Vittorio Taviani qardaşları

Ssenari müəllifi: Paolo Taviani

Rollarda: Omero Antonutti, Saverio Markoni

Berlin, Kann, Moskva festivallarında nüfuzlu mükafatlara layiq görülmüş bu film Qavino Leddanın eyniadlı romanının ekranizasiyasıdı və müəllifin – linqvistika üzrə mütəxəssis Leddanun öz atası, onun timsalında Sardiniyada hökm sürən patriarxal həyat tərzi ilə mübarizəsindən bəhs edir. Onun həyatı qoyunların və toyuqların arasında keçir, ünsiyyətsizlikdən danışmağı unutmaq üzrədi, yazmağı və oxumağı bacarmır. Yalnız hərbi xidmətdə olarkən ibtidai təhsil alır və musiqi, ədəbiyyat və linqvistika kimi sənətlərin mövcudluğundan xəbər tutur. Ancaq Leddanın atası oğlunun qayıdıb çoban olmasını istəyir..

Pərvanə (1973) filmindən bir kadr.
Pərvanə (1973) filmindən bir kadr.

“Pərvanə” -“Papillon” (1973)

Rejissor: Franklin James Schaffner

Ssenari müəllifləri: Dalton Trumbo və Franklin James Schaffner

Rollarda: Steve McQueen, Dustin Hoffman

Bu gözəl dram əsəri fransız yazıçısı Henri Charrière-in “Şeytan adası” avtobioqrafik romanının ekranizasiyasıdı.

“Pərvanə” günahsız yerə qətldətəqsirləndirilərək ömürlük həbsə məhkum edilmiş Henri Charrièrein həbsxana təxəllüsüdü. O, cəzasını fransız Qvianasında yerləşən, xüsusi təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş həbsxanada çəkib. Yazıçı orda yatdığı müddətdə bir neçə dəfə qaçmağa cəhd eləyib, lakin hər dəfə cəhdləri uğursuzluqla nəticələnib. Bununla belə Charrière öz mübarizəsindən yorulmur və sonda azadlığına qovuşur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG