Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:42

'Brexit' Ukraynadan ötrü nə deməkdir


Avromaydan
Avromaydan

Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmasına (Brexit) dair səsvermədən sonra AB Ukraynayla inteqrasiya layihələrinə az diqqət ayıracaq, çünki daha çox daxili məsələlərə başı qarışıb. Şərtlərindən və vaxtından asılı olaraq, Britaniyanın AB-dən çıxması Ukraynaya iqtisadi və siyasi baxımdan ziyan vura bilər. Bu barədə «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

«HÖKUMƏTƏ DƏSTƏK AZALACAQ»

Mərkəzin proqnozuna görə, getdikcə Ukrayna hökumətinə dəstək də zəifləyəcək, baxmayaraq ki, hökumət AB ilə sıx əməkdaşlığı prioritet sayır.

Avromaydan üsyanından sonra Ukrayna administrasiyasının əsas qayəsi AB ilə iqtisadi və siyasi inteqrasiyadır. Petro Poroshenko prezidentlik postuna Viktor Yanukovych devriləndən sonra gəlib. Yanukovych-in devrilməsinə səbəb isə onun AB ilə ticarət sazişini imzalamaqdan imtinası idi. Poroshenko ilk iş olaraq bu sazişi dirçəltmək danışıqları apardı.

««Brexit»in Ukraynadan ötrü ciddi iqtisadi fəsadları olacaq. Böyük Britaniya Avropa Birliyində ikinci iqtisadiyyatdır və Ukraynanın ixracında 40 faiz AB-yə məxsusdur. Böyük Britaniya Ukraynanın ticarət tərəfdaşları sırasında 11-cidir, amma ikitərəfli ticarətin həcmi ötən il 2 milyard dolları aşıb. Britaniya blokdan çıxarsa, bu ticarət fəaliyyətinə və Ukraynayla assosiasiya sazişinə ziyan dəyər», - təhlildə qeyd olunur.

Buna da bax - 'Brexit'in Azərbaycana iqtisadi təsiri

SANKSİYALARA TƏHLÜKƏ

O da vurğulanır ki, iqtisadi təsirlərdən başqa, «Brexit» AB-nin parçalanmasını da sürətləndirə bilər ki, bu da Kiyevə təhlükə yaradır. Moskva Ukraynanın Krım vilayətini anneksiya edəndən sonra AB Rusiyaya sanksiyalar qoydu və bu sanksiyalar hələ də qüvvədədir. Amma «Brexit» həmin sanksiyalara sual yaradır. 23 iyun referendumundan öncə Macarıstan, Yunanıstan və Slovakiya iqtisadiyyatlarına ziyan vuran sanksiyalardan narazılıq bildirirdilər. Almaniya AB-dəki tərəfdaşlarını sanksiyaları saxlamağa dilə tutdu. Amma 2017-ci ilin əvvəlində növbəti səsvermə zamanı bu sanksiyalar ya yüngülləşdirilə, ya da tamamilə qaldırıla bilər.

Ukrayna isə AB-ni sanksiyaları saxlamağa çağırır. Axı ölkənin şərqində sülhün bərpasını hədəfləyən Minsk sazişlərinə hələ də əməl olunmayıb.

HÖKUMƏTİN ARZUSU?

«Blokdakı çaxnaşmaya baxmayaraq, Ukrayna liderləri AB üzvlüyü barədə nikbin düşünürlər. Baş nazir Volodimir Groysman iyulun 1-də deyib ki, ölkənin 10 ilə blok üzvü olacağından əmindir. Amma bu, daha çox Ukrayna hökumətinin arzusuna bənzəyir. «Brexit» səsverməsindən öncə də AB yeni üzvlər qəbul etməyə tərəddüdlə yanaşırdı. Səbəb də iqtisadi durum və qaçqın böhranıydı. İyunun əvvəlində Ukrayna vətəndaşlarına vizasız gediş-gəlişin verilməsi ertələndi. AB-nin genişlənmə üzrə rəsmisi bu yaxınlarda deyib ki, vizasız rejimin oktyabrda veriləcəyini gözləyir. Amma blokdakı indiki durum bu sazişi daha da ertələdə bilər», -«Stratfor» yazır.

Ancaq maliyyə və iqtisadi problemlərə baxmayaraq, Avropa Birliyi hələ də ukraynalılardan ötrü daha parlaq və firavan gələcək deməkdir, - təhlildə vurğulanır. Elə Ukrayna hökumətinin siyasi və iqtisadi islahatları blokla inteqrasiya niyyətinə söykənir. «AB-də parçalanma gedərsə, Ukrayna da Avromaydan inqilabından bəri tutduğu yoldan sapa bilər. Moskvanın nüfuzuna qarşı adekvat duruş gətirmədikcə, ölkənin Rusiyayla strateji alyansa qayıdacağı real görünmür. Amma Kiyevə siyasi təzyiq arta bilər ki, bu da Ukraynanı getdikcə zəif duruma salaq».

XS
SM
MD
LG