Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:04

Azərbaycan yeddinci medalını qazandı


Patimat Abakarova
Patimat Abakarova

Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarında Azərbaycan idmançısı Patimat Abakarova bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, ilk görüşdə Serbiya idmançısı Tiyana Boqdanoviçə məğlub olan Patimat Abakarovanın (49) rəqibi finala yüksəldiyindən, o, təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Avropa çempionatının və Bakı-2015-in mükafatçısı P.Abakarovanın bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq, sona yaxın rəqibə zərbə endirən idmançı 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici görüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək, XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub və Azərbaycana yeddinci medalı qazandırıb.

PATİMAT ABAKAROVA KİMDİR?

İdmançı karyerası ərzində bir çox nailiyyətlər qazanan Patimat Abakarova 1994-cü il oktyabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olub. Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında qatılıb. 2013-cü ildə İndoneziyadakı İslam Həmrəylik Oyunlarında və Bakı-2015 birinci Avropa Oyunlarında bürünc medal qazanıb. 2016-cı ildə İsveçrədə böyüklər arasında Avropa çempionatında ikinciliklə kifayətlənib.

Bu, Azərbaycanın Rio-2016-da 7-ci medalı olub. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq) və kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıblar.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bir çoxu artıq mübarizəni yarımçıq dayandırıb.

XS
SM
MD
LG