Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:06

Müsavat referenduma görə basqılardan şikayətlənir


Arxiv fotosu
Arxiv fotosu

“Respublika ” Təşviqat qrupunun qeydiyyatından ötrü Masallı rayonunda imza toplayan Müsavat Partiyası Məclisinin üzvü Rüfət Baxışbəyli bildirir ki, rayonda onlara təzyiq var, hətta bugünlərdə rayon icra hakimiyyətinin təmsilçiləri evlərinə də gəliblər:

“Mən də dedim ki, əgər burada qanunsuzluq varsa, deyin, qanunsuzluq yoxsa, maneçilik törətməyin. Mərkəzi Seçki Komissiyası imza vərəqləri verib. Biz də imza toplamışıq, kiməsə təzyiq etməmişik ”.

R. Baxişbəylinin bildirməsinə görə, daha sonra imza verən şəxslərə təzyiqlər başlayıb. Bəziləri verdikləri imzaları danmayıblar, bəziləri isə imzalarının ləğv olunmasını istəyiblər.

Masallı rayon İcra Hakimiyyəti isə imza toplayanlara heç bir əngəl törədilmədiyini deyir.

*** ​Buna da baxın: Referendum məhbusları


Rayon icra başçısının müavini Nəsir Muxtarlı açıqlamasında deyir ki, belə hallar varsa, ortaya fakt qoysunlar:

“Ümumiyyətlə Masallıda 5, ya da 6 müsavatçı var. Onlar üçün imza toplamaq çətindir, toplaya bilmirlər. Ona görə də, ictimai rəydə özlərini kompensasiya etmək istəyirlər”.

Onun deməsinə görə, icra hakimiyyəti öz işi ilə məşğuldur, heç vaxt seçki məsələlərinə müdaxilə etməyib. Üstəlik,referendum öncəsində hər hansı əngəldən söhbət gedə bilməz.

N.Muxtarlı həmçinin, icra hakimiyyətinə inzibati basqı faktları ilə bağlı müraciətlərin daxil olmadığını da ifadə edib. O, “əgər doğrudan da belə hallar varsa, rayonun hüquq mühafizə qurumları var, onlara müraciət edə bilərlər ”, deyib...

*** ​Buna da baxın: Azər Qasımlı: 'Sakitcə referendum keçirmək istəyirlər'

Bu arada Müsavat Partiyası “Respublika” təşviqat qrupunun qeydə alınmasından ötrü imza toplanması kampaniyasının əsasən, başa çatması və proses zamanı bəzi təzyiqlərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, imza toplanması kampaniyası dövründə Cəlilabad, Masallı, Abşeron, Qazax rayonlarında və Gəncə şəhərində yerli hakimiyyət strukturları prosesə maneələr törədiblər. İmza toplayanlara, onların yaxınlarına təzyiq göstərilib. İmza vərəqələri oğurlanıb.

“Bütün bunlara baxmayaraq lazım olan sayda imza toplanmağa nail olunub ”, deyə bəyanatda qeyd edilir.

KONSTİTUSİYADA NƏLƏR DƏYİŞİR? -

Bu il sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək. Bu dəyişikliklərin lehinə və əleyhinə təşviqat apara bilməkdən ötrü 40 min nəfərin imzası toplanmalı, qrup qeydiyyatdan keçməlidir.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG