Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:08

Milyonlarla işçi sığortalanmayıb


Pensioner
Pensioner

Ölkədə əhalinin sosial vəziyyəti, rəsmi statistik rəqəmlərə şübhə, qiymət artımı və əməkçilərin bədbəxt hadisələrdən sığortalanmaması bu gün medianın aparıcı mövzusudur.

SOSİAL MÜDAFİƏ ÖLKƏSİ

«Azərbaycan» qəzetində «Əhalinin sosial müdafiəsi dövlətin diqqət mərkəzindədir» sərlövhəli məqalə dərc edilib.

Məqalə ölkədə insanların sosial təminatından bəhs edir.
Müəllif yazır ki, insanların işlə təmin edilmələri, güzəranın yaxşılaşdırılması təkcə iqtisadi yox, həm də siyasi məsələdir: «Bunlar həm də ölkənin inkişaf səviyyəsinin barometri və ictimai sabitliyin başlıca qarantıdır. Odur ki, əksər ölkələrdə əhalinin sosial rifahının yüksək səviyyədə olmasına xüsusi diqqət yetirilir».

Müəllif qeyd edir ki, Azərbaycanda əhalinin sosial rifah halının yüksəldilməsi daim ön sırada yer alır. Məqalədə buna nümunə olaraq 2015-ci ildə baş verən ikinci devalvasiyadan sonra ölkədə maaşların, pensiya və müavinətlərin artırılması ilə bağlı prezidentin sərəncamları göstərilir. Məqalədə deyilir ki, ölkədə beynəlxalq standartlara cavab verən, sığorta - pensiya sistemi formalaşıb.

Müəllif vurğulayır ki, 2014 -2020-ci illərdə pensiya təminatı sisteminin təkmilləşdirilməsi konsepsiyası qəbul edilib: «Sənəddə əsas prioritet kimi sistemin maliyyə dayanıqlığının təmin edilməsi, dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi, sosial sığorta prinsiplərinin daha da dərinləşdirilməsi müəyyənləşdirilib».

Məqalədə qeyd edilir ki, bu ilin yanvar-may aylarında sənayedə işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 21.3 faiz artaraq 940.3 manata çatıb. Ən çox əməkhaqqı mədənçıxarma və emal sənayesində çalışanlar alıb.

Yaşıl bazar
Yaşıl bazar

VƏTƏNDAŞI ƏLƏ SALMAQ

«Azadlıq» qəzetində «Statistika Komitəsi bu rəqəmləri haradan tapır?» sərlövhəli məqalə oxumaq olar. Məqalədə ölkədə əhalinin rifah halının yüksəlməsi ilə bağlı aparılan təbliğata cavab verilir.

Müəllif yazır ki, ölkədə tənəzzül açıq-aşkar görünür. Bunu hər bir vətəndaş şəxsi həyatında hiss edir. Ancaq hökumət yenə həqiqətləri gizlətməyə çalışır. Məqalədə Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi, sosial göstəriciləri ilə bağlı rəqəmlərinə ciddi şübhə edilir.

Müəllifə görə, 2015-ci ildəki iki devalvasiyada qiymətlər 40-50 faiz qalxdı. Amma bu rəsmi rəqəmlərdə özünü göstərmədi: «Hər bir vətəndaş alış-veriş edərkən açıq şəkildə gördü ki, qiymətlərdə 40-50 faiz artım var. Statistika Komitəsi bu artımı 17 faiz göstərdi. Amma qiymət artımının bu qədər olduğunu etiraf etmək də hökumətin «qayğı» təbliğatını alt-üst etdi. Çünki əmək haqlarının 10 faiz qaldırılması əvəzində, ərzaq məhsullarının 50 faiz qalxması, manatın 100 faiz dəyər itirməsi fəlakətdir. Yəni, belə bir vəziyyətdə 10 faizlik artımı «diqqət və qayğı» kimi təqdim etmək vətəndaşı ələ salmaq idi».

Müəllif keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-iyul aylarında ərzaq mallarının 11.9, qeyri-ərzaq mallarının 15.4 faiz bahalaşması haqda komitənin açıqladığı rəqəmlərə də şübhə edir: «Son bir neçə ay ərzində suyun qiyməti 36 faiz, işığın qiyməti 16 faiz qalxıb. Son günlər isə çörəyin qiymətində 25 faizlik artım oldu. Digər məhsullarda da artım müşahidə edilməkdədir və növbəti mərhələdə yenidən bahalaşma ehtimalı böyükdür».

Müəllif yazır ki, ölkədə qiymət artımı hökumətin yarıtmaz siyasətinin göstəricisidir. Hökumətin islahat vədləri, anti-böhran tədbirləri özünü doğrultmayıb.

Tikinti
Tikinti

TALEYİN ÜMİDİNDƏ QALANLAR

«Exo» qəzetində dərc edilən «3.5 milyon nəfərə yaxın əməkçi vətəndaş» sərlövhəli məqalədə ölkədə işçilərin sığortalanma vəziyyəti araşdırılır.

Müəllif yazır ki, ölkədə işləyənlərin böyük çoxluğu, hələ də, bədbəxt hadisələrdən sığortalanmayıb. Yazıda qeyd edilir ki, belə hallara görə müəssisə rəhbərliyi 5 min manat cərimə edilməlidir.

2015-ci ildə istehsalatda bədbəxt hadisələrdən cəmi 1 milyondan bir qədər çox əməkçi sığortalanıb. Rəsmi statistikaya görə, ölkədə əməkçi vətəndaşların sayı 4 milyon 556 min nəfər təşkil edir. Müəllif yazır ki, bu, 3.5 milyon əməkçinin taleyin ümidinə buraxılması deməkdir.

Məqalədə deyilir ki, sığortalanmayan əməkçilər bədbəxt hadisə nəticəsində ziyan görəndə, hüquqlarını ancaq məhkəmə vasitəsilə əldə etməyə çalışırlar. Müəllifin gəldiyi nəticəyə görə, bu isə çox zaman mümkün olmur.

Manat
Manat

MANATIN GƏLƏCƏYİ

«Novoye Vremya» qəzetində manatın mövcud durumu və yaxın gələcəkdə taleyi gözdən keçirilir.

Müəllif yazır ki, indi manatın məzənnəsi cəmiyyətin ən həssas mövzusudur. Ancaq Mərkəzi Bank mövcud vəziyyəti düzgün təhlil edə bilmir. Müəllif buna səbəb kimi belə bir arqument göstərir: «İstisna deyil ki, buna səbəb möhtəkirlərlə bəzi bankların əməkdaşlarının işbirliyidir. Burada təəccüblənməyə dəyməz, ölkənin bank sistemindəki qarma-qarışıqlıqdan çoxları istifadə edə bilir».

Müəllifin fikrincə, belə «işbirliyi» bütün bank sistemini qeyri-sabit duruma salır və manatın indiki duruma düşməsində bu amilin də təsiri var: «Odur ki, banklara xəbərdarlıq etmək yox, bağlanan banklarla əməliyyat aparanları cəzalandırmaq lazımdır. Onsuz da bank sistemində durum qeyri-müəyyən haldadır. Buna görə də, bir dəstə bankirin üzündən bank sistemi və xüsusilə əmanətçilər əziyyət çəkməməlidir».

Müəllif manatın vəziyyəti ilə bağlı başqa amillərin də üzərində dayanır. Məqalədə qeyd edir ki, manatın sabitləşməsi bütün iqtisadiyyatın sabitləşməsindən asılıdır: «Bank sisteminin problemləri göstərir ki, iqtisadiyyat, hələ, böhranın dibinə çatmayıb. Deməli, iqtisadiyyatın inkişafı hələ görünmür».

Müəllifin fikrincə, manatı yaxın gələcəkdə müsbət dönüş gözləmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG