Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

Erich Fromm: İnsanların çoxu üçün bərabərlik – başqalarına bənzəməkdir


Alman filosofu və sosioloqu Erich Fromm.

Alman filosofu və sosioloqu Erich Fromm.

-

Erich Fromm: "İnsanların çoxu üçün bərabərlik – başqalarına bənzəməkdir"

1958-ci ildə tanınmış alman psixoanalitiki və sosioloqu Erich Fromm ABŞ-da Mike Wallace-nin verilişinə qatılır. O kapitalizmin təhlükəsi, niyə sevgi hissini itirməyimiz, niyə işimizə nifrət etməyimiz və kimliyimizi bazarda mal kimi satmaq məcburiyyətində qalmağımız haqda danışıb. Oxu Zalı Frommun müsahibəsindən seçmə fikirləri təqdim edir.

Erich Frommun müsahibəsi, 1958-ci il.

"Kapitalistlərin bolluq içində yaşamaq arzuları insanlığı doğru yolundan azdırıb. Biz təbiət üzərində hökmranlıq etməyə başladıq – mal istehsalı, göz doymadan var-dövlət yığmaq kimi bizim üçün həyatın mənasına çevrildi. Əgər bir amerikalıdan cənnəti necə təsəvvür etdiyini soruşsan cavab verəcək ki, cənnət hər həftə yeni malların gəldiyi saysız-hesabsız univermaqların olduğu bir yerdir və sənin ordakı malları almağa kifayət qədər pulun var".

***

"İnsanın işləməsi böyük ölçüdə mənasını itirib. İş yerinin insana elə bir dəxli yoxdur və çox vaxt bu iş yeri sadəcə kütləvi bürokratiya sisteminin bir elementinə çevrilir. İnsanların çoxu işini sevmir, çünki özünü tələyə salınmış və məna görmədiyi bir məşğuliyyətdən ötəri enerjisinin çoxunu sərf edən birisi kimi hiss edir. Satıcılar yayılmalı olan mənasız malı alıcıya lazım olmasa belə satmağa çalışır və bunda məna görə bilmirlər".

***

"Bazar oriyentasiyası bizim şəxsi çevrəmizə də sirayət edib. Çox vaxt başqaları ilə ünsiyyətimiz bazarda alveri xatırladır. Ağ yaxalıqlılar (insanları işarə və sözlərlə manipulyasiya etməklə vəzifələndirilmiş hər kəs) şəxsi kimliklərini satmaq üçün sövdələşməyə girmək məcburiyyətindədilər. Bu adamların dəyəri bazarın onlara ödəmək gücündə olduqları qiymətlə ölçülür. Əgər ona tələbat yoxdursa, şəxsi natamamlıq hissi ilə üz-üzə qalır".

Buna da bax: "Bertolt Brecht. Həqiqəti yazmağın 5 çətinliyi"

***

"Sevgi bizimçün nadir hadisəyə çevrilib. Biz özümüzü duyğusallığa, aşiqliyə bürüyürük, sevgi illuziyasına qapılırıq, ancaq əsl, dərin sevgini yaşamırıq. Bunun səbəbi odur ki, beynimiz daim əşyalara qarışıqdır və hədəfimizə çatmaq üçün uğur, pul, vəsait toplamaq dərdindəyik. Kapitalist cəmiyyətini işlə təmin etmək üçün, biz təhsilli, ağıllı ancaq içi tamam boş insanlardan ibarət təbəqə yaratdıq".

***

"Bizim dəyərlərimiz onlar haqda təsəvvürümüzdən gün-gündən daha çox uzaqlaşır. Çoxları üçün bərabərlik – bənzərlikdir və biz çoxluqdan fərqləndikcə natamamlıq hissi keçirməyə başlayırıq. Əslində isə sadə dillə desək, bərabərlik bir insanın başqası üçün məqsədə çatma yolunda alət olmamasıdır. Bizim hamımızın bu dünyada öz məqsədimiz var".

***

"Bizim xoşbəxtliklə bağlı təsəvvürümüz sonsuz istehlakdan ibarət olmamalıdır. Xoşbəxtlik həqiqilik, intensivlik, yaradıcı əlaqələr, özünə qarşı, təbiətə qarşı, başqa insanlara, bütün həyata qarşı qarşı diqqətlilik və hissiyyatlılıqdır. Xoşbəxtlik kədəri istisna etmir. İnsan kədərlənə də bilər, əsas odur o ətraf aləmə reaksiya verə bilir".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG