Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:36

Ayselin oxumaq üçün mübarizəsi və uğur hekayəsi


Azerbaijan -- secondary school in Shamakhi district - 2015
Azerbaijan -- secondary school in Shamakhi district - 2015

-

"Aysel məktəbi bitirməyə nail olub. Amma ali məktəbə qəbul olmaq belə asan başa gəlməyib. Çünki, bu dəfə onun qarşısında təkcə ailəsi deyil, az qala bütün kənd dayanıb. Bütün qohumlar, bütün qonşular, kənd əhli..."

"Axı mənim kimi yüzlərlə qızın təhsili niyə təsadüfdən, bəxtdən asılı olmalıdır. 35 yaşda süpürgəçi olmaq olar, 40 yaşda bazarda göy satmaq olar, 12 yaşda ərə getmək olar amma 17-18 yaşda ali təhsil dalınca getmək olmaz? Niyə!?”

Hacı Hacıyev

AYSEL OĞLAN OLSAYDI...

Mən Aysellə təsadüfən tanış oldum. Gürcüstan dövlət idarələrindən birinə işimiz düşmüşdü. Prosedura görə biz və məmur rus və ya ingilis dilində danışa

Bloqqer Hacı Hacıyev.
Bloqqer Hacı Hacıyev.

bilməzdik. Mütləq gürcü dilində danışmalı idik. Son iki ildə intensiv alman dili öyrəndiyimdən, Gürcüstanda yaşadığım bu müddət ərzində gürcü dilini heç danışıq səviyyəsində də öyrənə bilməmişəm. Düzdür, bir az bəhanəyə oxşadı. Etiraf edirəm, tənbəllik və başısoyuqluq. Bir az cəhd etsəydim – öyrənərdim.

Qərara gəldik ki, Gürcüstan azərbaycanlılarından gürcü dilini yaxşı bilən bir nəfərin tərcümə xidmətindən istifadə edək. Təəssüflə qeyd edim ki, bu da asan olmadı. Məlum oldu ki, bizim bütün gürcüstanlı dost-tanış arasında gürcü dilini ortabab bilən cəmi bir-iki nəfər var. Onlar da, ruslar demişkən, s “qrexom-popolam”.

Buna da bax: "17 yaşlı 3 uşaq anası… Azərbaycanda"

Xeyli axtarandan sonra bizə Ayseli nişan verdilər. Dedilər, Marneulidəndir, etnik azərbaycanlıdır, hazırda Tiflisdə yaşayır, işləyir. Gürcü dilində yaxşı bilir. Sözün düzü, “yaxşı” deyəndə, elə bildik ki, böyüdürlər, onun bildiyi yaxşı dil ibtidai, məişət səviyyəsində gürcü dilidir.

Aysel gəldi. O əvvəl bizi müasir və zövqlü geyimi, təmkin və səbr dolu davranışı, sonra isə gürcülərin özlərini təəccübləndirən mükəmməl gürcü dili ilə heyrətə saldı. Onun rus və ingilis dillərini də bildiyini öyrənəndə, biz daha da heyrətləndik. Dövlət idarəsində işimizi bitirəndən sonra Ayseli evimizə çaya dəvət elədik. İşə tələsirdi. İş yerinə zəng elədi. İcazə aldı. Sonra birlikdə bizə getdik. Çay içib, Gürcüstandakı həyatdan, burdakı azərbaycanlılardan, siyasətdən, ictimai həyatdan xeyli söhbət elədik. Söhbət zamanı Ayselin həm də fəal ictimaiyyətçi olduğu məlum oldu. Heyrətimiz get-gedə artırdı.

Düzdü, gənc bir qız elə belə də olmalıdır. Zövqlü və müasir, dillər bilən, fəal, işküzar. Normalda, burada təəccüblənməli, heyrətlənməli bir şey yoxdur. Amma bizim burdakı azərbaycanlı gənclər, onların bacarıqları, xüsusilə gənc etnik azərbaycanlı qızların necə basqı altında olduğunu və buna görə də həm təhsildən, həm iş həyatından, həm də ictimai həyatdan necə uzaq qaldığını da nəzərə almaq lazımdır.

Buna da bax: "Dövlət Departamenti: “Erkən evliliklər çoxalır”

Ayselə bunları deyəndə bizimlə razılaşdı. Danışdıqlarımız onun üçün yenilik deyildi. Bizim bildiklərimizin on qatını o yaşamışdı. Onun danışdıqlarına qulaq asanda, adam düşünürdü ki, normal cəmiyyətdə bir ailənin fəxri olacaq belə gənc bir qız, bu normal həyat şərtlərini belə zülmlər bahasına başa gəlməlidir axı? Axı o qeyr-adi, qəribə, fərqli heç nə istəməyib, təhsil almaq, uğur qazanmaq, fəal həyat yaşamaq istəyib. Bəs, niyə, niyə o qədər maneə, o qədər təzyiqlə rastlaşmalı, o qədər anlamazlığın, tərsliyin öhdəsindən gəlməli idi.

Aysel Marneulidə doğulub. Dörduşaqlı ailənin iki oğul, iki qızından biri kimi. Onun doğulduğu kənddə orta məktəbdən qızları ən gec beşinci, altıncı sinifdən çıxarırlar. Ayselin böyük bacısını da altıncı sinifdən çıxarıblar. Yeddinci sinifdə oxuyanda bacısı ərə gedib. Daha doğrusu, ərə veriblər. Eyni tale Ayseli də gözləyirdi. Amma o öz taleyi ilə mübarizə aparmağı qərara alıb.

O deyir ki, valideynləri, qardaşları, onun beşinci sinfə qədər yaxşı oxumağına fikir verməyiblər. Onsuz da, necə olsa, birazdan çıxıb, evdə oturacaq, tez də ərə verəcəklər və bu bölgədə “doyuzdurulmalı artıq ağız, “artıq yük” hesab olunan bu qız problemi də həll olunacaqdı. Amma Ayselin arzuları başqa şey deyirdi.

O ilk şoku ailəsinə altıncı sinifdə yaşadıb. Valideynləri: “sabahdan məktəb-zad yoxdu, oturacaqsan evdə” deyəndə, Aysel qəti şəkildə cavab verib: “Mən oxuyacam. Məktəbi qurtarana qədər oxuyacam. Qoymasanız, özümü öldürəcəm. Siz də biyabır olacaqsınız...”...O çox rahatlıqla deyir ki, valideynlərinin onun ölümündən daha çox, kənddə rüsvay olacaqlarından qorxduqlarını bilirdi. Çünki intihar edən qız haqda o tərəfflərdə ancaq bir şey danışırlar: Yəqin başına nəsə pis iş gəlibmiş...

Belə, valideynlərini bir növ “şantaj” edərək, Aysel məktəbi bitirməyə nail olub. Amma ali məktəbə qəbul olmaq belə asan başa gəlməyib. Çünki, bu dəfə onun qarşısında təkcə ailəsi deyil, az qala bütün kənd dayanıb.

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə məktəb.
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgədə məktəb.

Bütün qohumlar, bütün qonşular, kənd əhli ata-anasına təkidlə: “Nə? Qızın gedib, Tiflisdə, yad şəhərdə tək qalacaq, tək yaşayacaq? Qız uşağında ağıl olmaz, yiyəsiz qız pis yola düşər, sizin də, kəndin də adın batırar!” deyib, durublar. Təbii ki, bu qədər təzyiq boşuna gedə bilməzdi. Valideynləri də, qardaşları da, deyiiblər ki, oxumaq məsələsi bitdi.

Aysel günlərlə ac qalıb, evdə dəli kimi gəzib, ağlayıb. Ailəsinin onun üçün tapdıqları oğlanların elçiləri gələndə gəlin alacaqları qızı “qeyri-adekvat” görüncə imtina ediblər. Ailə başa düşüb ki, beləliklə Ayseli ərə vermək mümkün olmayacaq. Amma qızın yalvarışlarına, göz yaşlarına baxmayaraq, yenə də onun Tibilisiyə gedib oxumasına razılıq verməyiblər.

Çıxış yolu təsadüfən tapılıb. Ailənin paytaxtda yaşayan qohumları təsadüfən kəndə gəlib. Məsələdən xəbər tutanda, qohum ailənin xanımı xilasedici təklif edib: “Vallah bu sifətdə qızı bundan sonra buralarda onsuz da heç kim almayacaq. Verin, onu aparaq şəhərə, bizə. Oxuyar, gözümüz üstündə olar. Oxuyan qızı şəhər yerində ərə vermək də asandır. Onsuz da bunu ancaq oxumuş adam alar...”

Qohumların təklifi Aysel üçün də, valideynləri üçün də göydəndüşmə olub. Qızın qohum evində qalmağına razı olublar. Aysel isə ən böyük arzusunu həyata keçirməyə nail olub. Tez universitetə girib, paralel iş də tapıb. Reklam şirkətlərindən biri onun ədəbi, gözəl gürcü dilini, ünsiyyətcilliyini, xoşrəftarlılığını görüb, ictimaiyyətlə əlaqələr şöbəsinə götürüb. Bir neçə ildən sonra, rus və ingilis dillərini də mükəmməlləşdirəndən sonra həmin şirkətdə menecer kimi işləməyə başlayıb.

Buna da bax: Azərbaycalı ailələr qızqaçıranlarla özləri 'məşğul olur'

Yeri gəlmişkən, işlədiyini ailəsindən bir müddət gizlədib Aysel. Axırda onun yaxşı geyinməyindən, aildən pul istəməməsindən şübhələniblər. Hətta qızlarının pis yola düşməyindən də şübhələniblər. Amma Aysel harda işlədiyini, maaşını, işin ona verdiyi imkanları izah edəndən sonra birtəhər məsələ yoluna düşüb.

Amma problem bitməyib. 22 yaşı tamam olanda ailə daha bir həyacan siqnalı çalıb: artıq ərə getmək vaxtıdır. Öz regionlarınını ölçülərinə görə, Aysel artıq qarımış qız hesab olunurmuş. Ona görə də, ailə qızlarını ərə vermək üçün çox yola əl atıb. “Qayıt, kənddə otur, onsuz da yaşın keçib, bundan sonra səni çətin kimsə alsın. Burda tək qalsan, sən heç ərə gedən deyilsən.”

Bu dəfə daha bir mübarizə dalğası başlayıb. Bu dəfə Aysel maaşından yığdığı pulla ailəsinin könlün alıb. Onlara əkin üçün torpaq sahəsi alıb, borclarını ödəyib. Ailəni başa salıb ki, o artıq yük, problem deyil, əksinə köməkdir, dayaqdır. Yavaş-yavaş başlayıb qohumların da problemlərin həll eləməyə. Deyir ki, vəkil, bank, notarius, istənilən sənəd işi olan qohum mənə zəng edir: filan idarəyə get, filan sənədi al, filan şeyi öyrən... Beş il əvvəl onu şəhərə, oxumağa qoymasınlar deyə valideynlərinə “məsləhət” verən qohumlar indi hər dövlət idarəsinə işləri düşəndə Ayselə zəng edirlər.

Aysel bu fəal, işgüzar həyatından razı olsa da, özünü xoşbəxt hiss eləmir. Deyir, atama “qızın şəhərdə gəzir” deməsinlər, anama göz yaşı tökdürməsinlər deyə, qohum-qonşuya nökərçilik edirəm. Heç Allahın quru “sağ ol”unu da demirlər. Əksinə, yanıma gəlirlər, işlərini düzəldirəm, axırda mənə deyirlər ki, bala ərə get, bu işlərin axırı yoxdu, adama axırda ailə qalacaq. Dəli oluram, deyirəm, mən o vaxt ərə getsəydim, indi sizə kim kömək edəcəkdi? O boyda kənddə bir dənə normal gürcü dili bilən yoxdu.

Belə gənc yaşda ali təhsili, karyerası, maraqlı həyatı olsa da, Aysel keçmişi unuda bilmir. O deyir ki, uğurları təkcə öz inadından, çalışqanlığından deyil, həm də təsadüflərdən asılı olub: “O vaxt qohumlar məni şəhərə gətirməyə razı olmasaydılar, oxuya bilməyəckdim. Heç kim mənim oxumaq arzuma, zəhmətimə qiymət verməyəcəkdi. İşləyib pul yığmasaydım, götürüb yenidən kəndə aparacaqdılar. Kim bilir, mənim kimi neçə qız var – oxumaq, işləmək istəyən. Amma onların bəxti mənimki kimi gətirməyib. Axı mənim kimi yüzlərlə qızın təhsili niyə təsadüfdən, bəxtdən asılı olmalıdır. 35 yaşda süpürgəçi olmaq olar, 40 yaşda bazarda göy satmaq olar, 12 yaşda ərə getmək olar amma 17-18 yaşda ali təhsil dalınca getmək olmaz? Niyə!?”

Aysellə ayrılanda düşündüm ki, görəsən, o oğlan doğulsaydı, onda da belə olacaqdımı? Yox, ağlıma tamam başqa səhnələr gəlirdi. O oğlan olsaydı, yaxşı oxuduğunu görüb, ailə ona bacardığı qədər şərait yaradardı ki, bəlkə bu oxuyub bizi ağ günə çıxartdı. Ali məktəbə qəbul olunanda qurban kəsəcəkdilər. Qohum-əqrabaya fəxrlə xəbər verəcəkdilər ki, oğlumuz şəhərə oxumağa gedir. Ona dolanmağa pul göndərəcəkdilər. Diplom alanda qohum-əqrabaya qonaqlıq verəcəkdilər...

Amma Aysel qız idi. Buna görə də, ən sadə uğurlar, ən sadə normal insan həyatı ona belə əziyyət bahasında başa gəlmişdi. Tanıdığım əksər işküzar, zəhmətkeş, fəal qızlara başa gəldiyi kimi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG