Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 08:59

►“İttiham aktı ilə tanış olanda başa düşüblər ki, istintaqda tərcüməçi və vəkil onları aldadıb, öz ziyanlarına olan ifadələrə imza atdırıblar”

"Bura turist kimi gəlmişdik, tutub həbsxanaya saldılar".

Ötən ilin aprelindən Azərbaycanda həbsdə olan əslən kamerunlu Belçika vətəndaşları Samuel Honqla və Martial Luis Maput məhkəmə ədalətsizliyindən şikayətlənir. Avqustun 12-də Bakı Apellyasiya Məhkəməsində onların şikayətinə baxılarkən bu barədə danışıblar.

“İŞƏ ƏDALƏTLİ BAXIN”

Adları çəkilən əcnəbilər CM-nin 204.3.2-ci (külli miqdarla saxta pul hazırlama) maddəsilə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər birinə 10 il həbs cəzası verilib. Onlar hökmdən apellyasiya şikayəti veriblər.

"Biz eləmədiyimiz cinayətə görə bura salınmışıq. Bura turist kimi gəlmişdik, tutub həbsxanaya saldılar. Xahiş edirik, əl izlərimiz, DNT analizlərimiz götürülsün. Bizim işimizə ədalətli baxılmayıb. Xahiş edirik, siz ədalətli baxın", – Samuel Honqla Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edib.

Martial Luis Maput da onlara qarşı ədalətsizlikdən şikayətlənib: "Prosesin əvvəlindən xeyrimizə heç nə baş verməyib. Buna görə də biz hökmdən apellyasiya şikayəti verdik. Çünki o hökmdə 10 günlük yox, 10 illik həbsdən söhbət gedir".

Buna da bax: Saxta dollar satanlar saxlanıb

TƏRCÜMƏÇİ VƏ VƏKİL "ONLARI ALDADIB"

Kamerunluların vəkili Şəhla Hümbətova da əcnəbilərə qarşı ədalətsizlikdən şikayətlənib və bəraətverici əsaslarla onların barəsində cinayət işinə xitam verilməsini istəyib:

"Bu adamlara münasibətdə ədalətli məhkəmə araşdırması prinsipi, onların müdafiə hüququ kobud şəkildə pozulub. Onlara formal olaraq, müdafiəçi və tərcüməçi verilib. Yalnız Azərbaycan dilində sənədlərə imza atdırılıb, onlar da nəyi imzaladıqlarını bilməyiblər. Sonradan iş materiallarına onların bildiyi ingilis və fransız dillərinə tərcümə olunmuş sənədlər daxil edilib, orada da bu adamların imzası yoxdur. Deməli, həmin sənədləri sonradan hazırlayıblar. İttiham aktı ilə tanış olanda başa düşüblər ki, istintaqda tərcüməçi və vəkil onları aldadıb, öz ziyanlarına olan ifadələrə imza atdırıblar. İşin içində etirafedici ifadələr var, onlar bildirir ki, “biz belə ifadə verməmişik”. Ona görə də birinci instansiya məhkəməsində həm tərcüməçidən, həm də vəkildən imtina ediblər".

Məhkəmə qərarı olmadan kamerunluların yaşadığı evdə axtarış aparıldığını deyən vəkilin sözlərinə görə, sadalanan qanun pozuntuları hökmün ləğvi üçün ciddi əsasdır.

10 İL 6 İLƏ ENDİRİLİB

Bakı Apellyasiya Məhkəməsi əcnəbilər barədə hökmü dəyişdirib. Kamerunlular 10 min dollar saxta pul hazırlamaqda təqsirli bilinirlər. İyulun 1-dən CM-nə edilən dəyişikliklərə əsasən, 204-cü maddədə 10 min artıq külli miqdar hesab olunmur. Ona görə də Samuel Honqla və Martial Luis Maputa qarşı ittiham 204.3.2-ci maddədən 204.1-ci maddəyə tövsif olunub. Onların cəzası da 10 ildən 6 ilə endirilib.

Kamerunluları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs ediblər. Bu iş üzrə ibtidai istintaq da idarənin istintaq şöbəsində aparılıb. İttihamda yazılıb ki, adları çəkilən əcnəbilər Bakıda keçirilən birinci Avropa Oyunları zamanı çoxlu turistlərin gələcəyini və xarici valyutadan daha çox istifadə olunacağını nəzərə alaraq, turnir öncəsi saxta dollar hazırlayıb dövriyyəyə buraxmağa çalışıblar. Aprelin 3-də 10 min saxta dolları 5 minə satarkən saxlanılıblar. Bundan sonra onların Xırdalanda kirayədə yaşadıqları evdən daha 10 min saxta dollar, 1 ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr götürülüb.

XS
SM
MD
LG