Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:41

►“Qadının ayağı girdi döşəməyə, qaynar su bədənini yandırdı”

17 saylı yataqxananın sakinləri haray çəkir

“Bir də görürsən, birinin halı döndü, yıxıldı öldü. Heç həkim də baş açmır ki, adam nədən öldü. Bu yataqxanadakı şərait infeksion xəstəliklərə yol açır. Yoluxursan və sağalmırsan. Bunu dəfələrlə aidiyyəti qurumlara demişik”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Sabunçu rayonu ərazisindəki 17 saylı yataqxananın sakinləri deyir. Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi 2 ünvanının sakinləri bildirirlər ki, burada həm Füzuli, Cəbrayıl və Ağdamdan köçkünlər, həm də yerli sakinlər yaşayır. Onları narahat edən rayon ərazisindəki köhnə binaların sökülüb yeniləri tikildiyi halda, bu yataqxanaya diqqət göstərilməməsidir.

Sakin Mənsurə Babayeva:

“Uzun illərdir ki, dözülməz şəraitdə yaşayırıq. Yataqxana qəzalı olduğundan burada yaşamağımız təhlükəlidir. Divarlarda, döşəmədə yarıqlar əmələ gəlib. Keçən il bir qadın əlində bir qazan qaynar su ilə dəhlizdə gedərkən döşəmə yarıldı, ayağı girdi döşəməyə, qaynar su bədənini yandırdı. Kanalizasiya, su xətləri sıradan çıxıb, yataqxananın içərisində antisanitariya hökm sürür. Fövqəladə Hallar Nazirliyindən də gəlib baxıb deyiblər ki, bu divarların hər an uçma təhlükəsi var. Körpə uşaqların, xəstə, ahıl yaşlı insanların canı əldən gedir”.

Buna da bax: ​Gəncədə 160 evin sökülməsinə başlanıb (VİDEO)

“ELƏCƏ BAXIB GEDİRLƏR”

Sakin Arzu Dadaşova deyir, durumdan Nazirlər Kabineti də, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də, Bakı şəhər İcra Hakimiyyəti də, Sabunçu rayon İcra Hakimiyyəti də xəbərdardır. Amma gəl ki, çarə edən yoxdur:

“Bu binanın ərizə yazanı mənəm. Ay, il nədir, həftəyə azı 10-12 məktub yazıb göndəririk ki, gəlib bizi bu bəladan xilas etsinlər. Gəlməyinə gəlirlər. Ancaq eləcə binaya baxıb gedirlər”.

Sabunçu rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, ərazidəki köhnə tikililərin sökülüb yenilərinin tikilməsi ilə bağlı layihəyə yataqxanalar daxil deyil:

“Yataqxana qəzalıdır, ancaq əvvəl gərək “Qaçaınkom” orada məskunlaşan köçkünləri yerbəyer etsin, sökülməsi məsələsinə isə ondan sonra baxılacaq”.

Buna da bax: Köçkünlər evlərini satışa çıxarıb...

YATAQXANALAR DA BOŞALDILIR

“Qaçqınkom”sa bildirir ki, qaçqın və köçkünlərin köçürülməsi mərhələli qaydada həyata keçirilir. Şəhərciklər və evlər inşa edildikcə yataqxanaların boşaldılması prosesi də sürətlənir.

17 saylı yataqxana Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. 2 mərtəbəli binada azı 30 ailə yaşayır.

Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə ölkə prezidenti 18 fərman və sərəncam imzalayıb. Milli Məclis 2 qanun, Nazirlər Kabineti isə 64 qərar və sərəncam qəbul edib. Prezident 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı, 2007-ci ildə həmin Dövlət Proqramına edilmiş Əlavələri təsdiqləyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG