Keçid linkləri

2016, 02 Oktyabr, bazar, Bakı vaxtı 02:18

'Azərbaycan Suriya və Misir yolu ilə gedir'


Vladimir Putin, Hassan Rouhani və İlham Əliyev

Vladimir Putin, Hassan Rouhani və İlham Əliyev

Konstitusiya dəyişiklikləri layihəsi, Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli sammiti, ölkə səhiyyəsinin imkanları və xəstəxanalarda rüşvətxorluq bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN, RUSİYA, İRAN DOSTLUĞU NƏLƏRİ VƏD EDİR?

«Azərbaycan» qəzetində «Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatına start verildi» sərlövhəli məqalə dərc edilib. Məqalədə avqustun 8-də Bakıda keçirilən Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli sammitinin regiona mümkün təsirlərindən bəhs edilir.

Müəllif belə bir formatın yaradılmasına ilkin səbəb kimi Yaxın Şərqdəki qeyri-sabit ictimai-siyasi şəraiti, terror təhlükəsini göstərir. Məqalədə qeyd edildiyinə görə, Yaxın Şərqdə bu durumu böyük siyasi güclər yaradıb və qarşılıqlı əməkdaşlıq olmadan buradakı risklərdən təkbaşına yayınmaq mümkün deyil: «Odur ki, qarşıya çıxan riskləri aradan qaldırmaq və davamlı inkişafı təmin etmək üçün ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq formalarının yaradılması zərurəti günün vacib məsələsi kimi ortaya çıxır».

Müəllifin fikrincə, bu baxımdan Bakı sammiti fövqəladə əhəmiyyət kəsb edir.

Müəllif bu formatın yaranmasına daha bir səbəb kimi tərəflərin iqtisadi maraqlarını göstərir.

Məqalədə qeyd edilir ki, «Şimal-Cənub» Nəqliyyat Dəhlizi layihəsinin reallaşması hər üç ölkənin yüklərinin daşınmasına böyük imkanlar yaradacaq.

Müəllif vurğulayır ki, Azərbaycan Rusiya və İranla iqtisadiyyat, ticarət, bank, sərmayə qoyuluşu, turizm, səhiyyə, elm, təhsil sahələrində fəal əməkdaşlıq edir. Bütün bunların nəticəsi olaraq Rusiya və İran Azərbaycanın ticarət tərəfdaşları arasında ilk yerləri tuturlar: «Beləliklə, üçtərəfli əməkdaşlıq formatının konturları müəyyənləşdi. İştirakçı ölkələr bu formatın regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə, sabitləşdirici amilə çevriləcəyinə əmindirlər».

İlyas İsmayılov

İlyas İsmayılov

HÜQUQİ DÖVLƏT KONSEPSİYASI İLƏ ZİDDİYYƏT

«Azadlıq» qəzetində keçmiş baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovun Konstitusiya dəyişiklikləri ilə bağlı məqaləsini oxumaq olar.

Keçmiş baş prokuror əvvəlcə layihədə əksini tapan, xalqın seçməyəcəyi, amma prezident səlahiyyətini icra etmək şansı qazanan vitse-prezidentlik institutuna etiraz edir: «Beləliklə, xalq tərəfindən seçilməyən, ondan mandat almayan hər hansı bir şəxsin prezident vəzifəsini icra etmək imkanı yaranır. Bu da Konstitusiyanın 1-ci maddəsinə ziddir. Orda deyilir: «Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır»».

Ədalət Partiyasının sədrinə görə, belə təyinat keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov kimi şəxslərin də Azərbaycanda Birinci şəxs olmasına imkan yarada bilər. Bu isə onun fikrincə, ölkənin fəlakəti deməkdir.
İ.İsmayılov vitse-prezident institutunun yaradılmasını əlavə və lazım olmayan xərclər kimi dəyərləndirir.

Keçmiş baş prokuror layihəyə parlamentin buraxılması ilə bağlı daxil edilən müddəaları da hüquqi dövlət konsepsiyası baxımından əsassız sayır. İ.İsmayılova görə, hakimiyyətin qolları bir-birini qanunsuz fəaliyyətdən çəkindirmək baxımından son dərəcə vacibdir.

İ.İsmayılov prezident və deputat seçilməkdən ötrü aşağı yaş məhdudiyyətinin götürülməsini də düzgün saymır. Müəllif bu məsələni bəzi hakimiyyət rəsmilərinin Orta əsrlərdən nümunələr gətirməklə əsaslandırmağa çalışmalarını elə monarxiyanın bərpasına cəhdlər kimi dəyərləndirir.

Müəllif prezidentliyə namizədin aşağı yaş senzinin aradan qaldırılmasını «Suriya variantı» adlandırır. Prezidentlik müddətinin 7 ilə qaldırılması təklifini də «Misir yolu» sayır.

Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu günlər verdiyi müsahibədə yaş məhdudiyyətinin qoyulmasını həm dövlət başçısı seçilməyə, həm də bütünlükdə böyük tarixi şəxsiyyət kimi özünü təsdiq etməyə maneə saymışdı.

«Yadıma qədim tarixdən Makedoniyalı İsgəndər, orta əsrlərdən Şah İsmayıl Xətai, yeni tarixdən Napoleon düşür. Hər üçü çox gənc yaşlarında dövlətin başında durub, misilsiz xariqələr göstərib. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər 20 yaşında, Napoleon da ondan azacıq artıq yaşda dövlət başına keçiblər»,-deyə Əli Əhmədov bildirirdi. Onun fikrincə, Konstitusiyaya dəyişikliklər ölkənin təhlükəsizlik və inkişaf maraqlarından doğur.

Analiz testlərinin sayı çoxdur

Analiz testlərinin sayı çoxdur

PULLAR KİMİN CİBİNƏ GEDİR?

«Bizim Yol» qəzetində «Xəstəxanalarda Hepatit C məşəqqəti» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Məqalədə həmin xəstəliyə yoluxanların xəstəxanalarda lazımsız analiz və maliyyə itkilərinə məruz qalmalarından bəhs edilir.

Müəllif yazır ki, analiz testlərinin sayı çoxdur. Üstəlik, elə analizlər var ki, onların cavablarını almaqdan ötrü Türkiyə klinikalarına göndərilir. Müəllifin yazmasına görə, Türkiyədə bu xəstəliyi müəyyən etməkdən ötrü 5, Azərbaycanda 9 test tələb edilir. Türkiyədə bu, 150 manata, Azərbaycanda 250 manata başa gəlir:

«Virusun genotipi II, III deyil, I olarsa, hər birinin qiyməti 1000 manat civarında olan dərmanları da özüm alacaqmışam. O zaman Səhiyyə Nazirliyindən bu virusun müayinə və müalicəsini üzərilərinə götürdüklərini niyə bas-bas bağırırlar. Verməyəcəkləri dərmanlar, aparmayacaqları müayinələr üçün büdcədən milyonlar alırlar?».

Yazıda qeyd edilir ki, virusların genotipini Azərbaycan klinikaları müəyyən edə bilmir. Bundan ötrü Türkiyə klinikalarının imkanlarından istifadə edirlər. Müəllifə görə, səbəb də çox sadədir. Azərbaycan həm elmi, həm də texnoloji avadanlıq baxımından geridə qalır: «Nazirliyin ödənişsiz təmin etməli olduğu müayinə və dərmanlara xəstə özü cibindən pul xərcləyirsə, onda büdcədən bu iş üçün ayrılan milyonların da səhiyyədəkilərin cibinə axmağına münbit şərait var...».

Günün bütün mövzuları

XS
SM
MD
LG