Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 19:09

XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə - avqustun 10-da Azərbaycanın 6 atleti yarışacaq.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mübarizəyə cüdoçu Məmmədəli Mehdiyev (90 kq) başlayacaq. Onun ilk rəqibi rusiyalı Kirill Denisov olacaq. Görüş Bakı vaxtı ilə 18:56-da başlayacaq.

Kanoe-slalom yarışlarına da saat 21:30-da start veriləcək. Finala vəsiqə uğrunda yarışda Azərbaycan idmançısı Yuri Meqliç 14 rəqibinə qarşı mübarizə aparacaq.

Mötəbər yarışda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçu Abdulqadir Abdullayev ikinci görüşünə çıxacaq. İlk görüşündə fransalı idmançı Paul Omba Bionqolonu yarışdan kənarlaşdıran A.Abdullayev 1/4 finalda özbəkistanlı Rustam Tulqanovdan üstün olmağa çalışacaq. Həmin görüş də saat 21:45-də başlayacaq.

Azərbaycan gimnastı Oleq Stepko da avqustun 10-da mübarizə aparacaq. Təsnifat mərhələsində 6 hərəkətin cəmində 86.208 xal toplayaraq finala yüksələn O.Stepko medallar uğrunda yarışacaq.

Azərbaycan üzgüçülərinin də starta hazır olduqları bildirilir. Fatimə Alkərəmova 100 metr məsafəyə sərbəst, Boris Kirillov isə 200 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında qüvvəsini sınayacaq. Qadınların yarışına saat 21:17-də, kişilərin mübarizəsinə də saat 21:40-da start veriləcək.

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının 3-cü günündə Azərbaycan ilk medalını qazanmışdı. Olimpiadanın cüdo yarışında Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib olmuşdu.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG