Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:52

Zərərçəkmişlər məhkəməyə yenə gəlmədi


-

Ötən ilin aprelində Xətai rayonunda 9-mərtəbəli yaşayış binasındakı yanğından ziyan çəkən sakinlər məhkəməyə gəlmir. Məhkəmənin onların haqqında məcburi gətirilmə qərarı çıxarmasına baxmayaraq, avqustun 9-na təyin olunmuş məhkəmə iclasına da gəlməkdən imtina ediblər. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində həmin yanğınla bağlı işə baxan hakim Eldar İsmayılov məlumat verib.

Hakim məcburi gətirilmə qərarının icra olunmamasına görə polisləri günahlandırıb. Deyib ki, polislər faktiki məhkəməyə saymazyana münasibət nümayiş etdirirlər, qərara baxmayaraq, zərərçəkmişlərin məhkəmədə iştirakının təmin olunması istiqamətində lazımi addımları atmırlar.

Eldar İsmayılov qeyd edib ki, mütləq zərərçəkmişlər məhkəmədə dindirilməlidir.

Məhkəmə məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmək barədə qərar qəbul edib.

"Əgər bundan sonra da eyni münasibət davam eləsə, o halda, daha üst qurumlara məktub göndəriləcək", - hakim bildirib.

Məhkəmə avqustun 16-na qədər təxirə salınıb.

Xatırladaq ki, sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunurlar.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG