Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 05:31

Kremlin bir sıra etirazlarda, hərəkatlarda Qərbi suçladığı kimi, Qərbdə də bir Putin çaxnaşması var; Dünyada demokratiya geriləməkdədir – 9 avqust Qərb mediasının icmalı.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın tərəfdarları Amerika beyin mərkəzini çevriliş cəhdinin arxasında durmaqda suçlayırlar. «Foreign Policy» dərgisində John Hudson yazır ki, yeni hədəf 1968-ci ildə yaradılmış Vudro Vilson Mərkəzidir.

Ötən ay 200-dən çox adamın ölümü, mindən çox insanın yaralanmasıyla nəticələnmiş çevriliş cəhdindən sonra ölkədə minlərlə saxlanan, dindirilən, işdən çıxarılan var.

Erdoğan-a bağlı qəzetlərin manşetində yer alan ittihamlar Vilson Mərkəzini qeyri-adi bir addım atmağa, bəyanat verməyə sövq edib. Qurum iyulda Türkiyədə keçirdiyi konfransa qatılmış təhqiqatçılar və alimlərə qarşı mümkün təqiblərdən narahatlığını bildirib. Bu mərkəzə qarşı ittihamların bir səbəbi iyulun 15-17-də baş tutmuş konfransın çevriliş cəhdiylə eyni həftəsonuna düşməsidir.

«İstanbulda Büyükadada görüş böhran mərkəzindən xeyli uzaqda yerləşib və bununla əlaqəsi olmayıb. Müzakirələr xarici siyasət ekspertləri arasında açıq fikir mübadiləsindən ibarət idi, İran, onun qonşularıyla münasibətlər götür-qoy edilirdi», - qrup bildirir.

Amma müəllif yazır ki, bu açıqlama Türkiyədə quruma yönəlik ittihamların yayılmasını azaltmayıb. Vilson Mərkəzinin Yaxın Şərq proqramının direktoru Henri Barkey uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlanır. Şənbə günü hökumətyönlü «Akşam» qəzeti ön səhifəsinə həmin konfransa qatılmış H.Barkey və digər akademiklərin fotolarını yerləşdirib. Onlar Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) casusları olmaqda günahlandırılıb.

«Erdoğanpərəst media Henri Barkey-ni insafsızcasına hədəfə alıb. Türkiyə rəsmiləri bu nəzəriyyələri daha yaxşı uydura bilərdilər, amma etmirlər. Onlar bu cür iddialara rəvac verirlər və geri çəkilmək barədə də düşünmürlər», - bunu «Foreign Policy»yə Xarici Əlaqələr Şurasının Türkiyə üzrə eksperti Steven Cook deyib.

Vaşinqtondakı Türkiyə rəsmiləri şərh verməyib. Vilson Mərkəzindən, eləcə də Barkey-dən əlavə şərh almaq mümkün olmayıb.

Bu arada həmin konfransa qatılmış şəxslər medianın və rəsmilərin təzyiqi altındadır. Vilson Mərkəziylə birlikdə konfransı təşkil etmiş Qlobal Siyasi Cərəyanlar Mərkəzinin direktoru Mensur Akgün dindirilib. Tədbirə qatılmış bir qadın professor vəzifəsindən çıxarılıb.

Türkiyə hökuməti ABŞ-ın Pensilvaniya ştatında yaşayan ruhani Fethullah Gülen-i çevriliş cəhdinin arxasında durmaqda ittiham edir. Amma ABŞ-ın bir sıra fiqurlarının da adı hallanmağa başlayıb. Hökumətyönlü «Yeni Şafak» qəzetində CIA və NATO-nun Əfqanıstandakı keçmiş komandiri John Campbell-in də adı çevrilişlə bağlı çəkilir.

Vilson Mərkəzi isə xəbərdarlıq edib ki, alimlərinə qarşı ittihamlar Türkiyənin beynəlxalq nüfuzunu zədələyə bilər.

V.Putin

V.Putin

AMERİKADA TƏHLÜKƏLİ PUTIN ÇAXNAŞMASI

«Birləşmiş Ştatların növbəti prezidentini Rusiya prezidenti Vladimir Putin-mi seçəcək? Məncə, yox. Amma Rusiyanın Amerika siyasətinə müdaxiləsi ilə bağlı iddiaların yer aldığı şərhləri oxuyanda, başqa cür də düşünmək olar». Bunu «The New York Times» qəzetində Ivan Krastev yazır.

«Şərhçilər «Brexit»dən (Böyük Britaniyanın Avropa Birliyindən çıxması-AR) tutmuş, Qərbi Avropada avroskeptisizm, eləcə də Amerikada Donald Trump-ın yüksəlişinədək hər şeyin arxasında cənab Putin-i görürlər. Kremlin bir sıra etirazlarda, hərəkatlarda Qərbi suçladığı kimi, Qərbdə də bir Putin çaxnaşması var».

Müəllif yazır ki, problem bu paranoyyanın harayadək gedəcəyidir. Qərb siyasiləri və şərhçilər demokratiyalarda problemlərə görə Rusiya təbliğatını, yaxud Federal Təhlükəsizlik Xidmətinin manipulyasiyasını görürlər. «Aydın məsələdir ki, cənab Putin «Brexit»dən faydalanacaq, hətta ola bilsin, bunda barmağı da var. Amma doğrudanmı, əsl problem bundadır? Doğrudanmı inanırıq ki, Kreml Hillary Clinton-u dəstəkləməyə başlasa, cənab Trump-ın ksenofob davranışı bitəcək?».

«Putin çaxnaşması Kremlin güclü Rusiya iddiasını möhkəmləndirir, həm də Rusiya hökumətinin ölkədə iqtisadi rifah və sosial ədalət yarada bilmədiyi bir məqamda. Bu, qeyri-ixtiyari olaraq, Rusiyanın dünyada imicinin şişirdilməsini hədəfləyən Putin təbliğatını gücləndirir, guya bu ölkə dünyada seçkiləri, informasiya şəbəkələrini vurub dağıdır, iz də buraxmır».

ABŞ-da Azadlıq heykəli

ABŞ-da Azadlıq heykəli

QLOBAL DEMOKRATİK GERİLƏMƏ

«The Financial Times» qəzetində Gideon Rachman yazır ki, bütün dünyada demokratiya geriləməkdədir.

«Bəzən bir-iki hadisə dünyada siyasi əhvalı dəyişə bilər. 1990-cı ilin fevralında Nelson Mandela-nın həbsdən buraxılması «Berlin divarı»nın çöküşündən üçcə ay sonraya təsadüf edirdi. Bu iki hadisə dünyada demokratları və liberalları həvəsləndirdi. Təəssüf ki, indi beynəlxalq əhval-ruhiyyə elə də nikbin deyil, demokratiyaya çox da dostyana yanaşmırlar. Bunun əsas səbəbi 2011-ci ilin «Ərəb baharı»ndan sonra daha çox qan tökülməsi və anarxiyadır. Bütün dünyanın avtokratları, hamıdan artıq da Rusiyayla Çin Yaxın Şərqi göstərir, yetişməmiş demokratikləşmənin təhlükələrindən ağızdolusu söz açırlar», - müəllif yazır.

Müəllifin sözlərincə, 1990-cı illərin əvvəlinin ruhunu tutanlar Mandela, Çexoslovakiyada Václav Havel, həmçinin Rusiyada Mikhail Gorbachev və Boris Yeltsin kimi liberal islahatçılar idi. Bu günün ideyasını həyata keçirənlər isə Rusiya və Türkiyə prezidentləri –Vladimir Putin və Recep Tayyip Erdoğan-dır. Hələ nə cürsə respublikaçıların prezidentliyə namizədi olmağı bacarmış Donald Trump-ı demirik.

İndinin demokratlardan ötrü pis dönəm olmasını rəqəmlər də təsdiqləyir. «Freedom House» təşkilatı son 10 ildə dünyada siyasi azadlıqlarda geriləməni vurğulayır.

Yaxın Şərq dünyanın ən az azad olan hissədir. Getdikcə Avropaya da təhlükə yaranır. Müəllif demokratiya problemlərinin dünyanın ən azad ölkəsi sayılan Birləşmiş Ştatlara da ayaq açdığını qeyd edir. «Hətta cənab Trump seçkini uduzsa belə, ABŞ demokratiyasının nüfuzuna, adına böyük zərbə vurub».

Amma müəllif Putin, Erdoğan kimi prezidentlərin əsəbiliyinin səbəbsiz olmadığını vurğulayır. «Onların həyasızlığı arxasında dərin bir təhlükəsizlik əndişəsi dayanır. Avtokratiya dünyada irəliləyə bilər. Amma sonucda həmişə müqavimətlə üzləşir».

XS
SM
MD
LG