Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Erdoğan: “Əziz dostum Vladimirin dəstəyinə ehtiyacım olacaq...”


Türkiyə prezidenti Recep Tayyip Erdoğan prezident Vladimir Putinlə görüşünün ərəfəsində Rusiyanın TASS xəbər agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində deyib ki, bu görüş Ankaranın Moskva ilə münasibətlərində “yeni səhifə” olacaq.

Erdoğan izah edib ki, “yeni səhifə” dedikdə, o həm də hərbi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığı nəzərdə tutur.

“Bizim ölkələrimiz regionun əsas oyunçularıdır. Biz bir çox işləri birlikdə görməli olacağıq. Mən Rusiya Federasiyasına məhz bu əminliklə gedirəm” – deyib Türkiyə prezidenti.

Rusiya təyyarəsinin vurulmasında və pilotun öldürülməsində təqsirli olanların cəzalandırlması perspektivi ilə bağlı suala cavab verərkən Erdoğan deyib ki, “Rusiya pilotunu öldürən şəxs hazırda Türkiyədə həbsxanadadır” və bu hadisə ilə bağlı istintaq davam edir.

Putin çevriliş cəhdinin ertəsi günü zəng edib

Türkiyə prezidenti müsahibədə belə bir məlumat verib ki, çevriliş cəhdinin ertəsi günü Rusiya prezidenti ona zəng edib, çevrilişin əleyhinə olduğunu deyib və Türkiyə hökumətinin tərəfində olacağını vəd edib.

“Mən onun belə prinsipial mövqeyini həm öz adımdan, həm də türk xalqının adından minnətdarlıqla xatırlayıram və ona “çox sağ ol” deyirəm” – söyləyib Erdoğan, - Bütün dünya liderləri xəyanətə, çevrilişə və öz xalqının üzərinə hücum cəhdlərinəqarşı çıxmalıdırlar”.

O deyib ki, “cənab Putin bunu dərhal və ləngimədən edib”.

Müsahibədə Erdoğan bir sıra media qurumlarının guya Rusiya xüsusi xidmətlərinin bu çevriliş cəhdindən əvvəlcədən xəbərdar olması və bundan Türkiyəni xəbərdar etməsi iddiaları barədə suala da cavab verib.

“Mən bunu ilk dəfə sizdən eşidirəm” – deyib prezident.

O deyib kİ, bu barədə informasiya verilsəydi, ilk növbədə bundan özünün xəbəri olmalıydı, lakin belə bir hal olmayıb.

Erdoğan bu iddiaları “əsassız şayiə” adlandırıb.

Gülenə qarşı 85 qutu sənəd

“Əgər Amerika Fethullah Güleni Türkiyənin tələbinə uyğun şəkildə təslim etməkdən imtina edərsə, bu, Ankara-Vaşinqton münasibətlərinin gələcəyinə necə təsir edəcək” sualının cavabında Recep Tayyip Erdoğan deyib ki, bu barədə əvvəllər də prezident Obamaya müraciət edib.

Erdoğan bunu da iddia edib ki, o və komandası da uzun müddət Gülen hərəkatına dəstək verib, çünki “onlar yalnız təhsil sahəsində fəaliyyət göstərdiklərini deyirdilər”.

“Lakin biz sonradan gördük ki, onlar başqa istiqamətdə işləyirlər və təhsil burada yalnız bir pərdədir. Mənim özüm də bundan şübhələnməyə başlamışdım...” – deyib Erdoğan.

Türkiyə prezidenti deyib ki, ABŞ Fethullah Gülenin bu çevriliş cəhdinin arxasında durduğuna dair sənədlər istəyir.

O bildirib ki, əvvəllər də bu barədə sənədlər Vaşinqtona təqdim edilib, lakin indi Türkiyə tərəfi Amerikaya daha 85 qutu sənəd göndərib.

Erdoğan deyib ki, bu yaxınlarda güc nazirləri yaranmış vəziyyəti üzbəüz müzakirə etmək üçün Amerikaya səfər edəcəklər.

Dünyəvilik din azadlığı deməkdir

Türkiyə prezidentinə verilən suallardan biri də ölkənin yeni konstitusiyasında dünyəvi dövlətlə İslam dininin bir-birinə necə uyğunlaşdırılacağı barədə idi.

“Türkiyə dünyəvi demokratik bir ölkədir. Mən sizin dünyəviliyi necə başa düşdüyünüzü bilmirəm, amma dünyəvilik həm də istənilən dinin ardıcıllarının öz dinlərinə sərbəst sitayiş etməsinə imkan verməlidir” – deyib Erdoğan.

...bizim müəyyən dəyərlər sistemimiz var... Amma biz bu dəyərləri cəmiyyətin bütün təbəqələrinə sırımırıq

O izah edib ki, Türkiyə konstitusiyasında bütün dinlərin nümayəndələrinə - müsəlmanlara, xristianlara və yəhudilərə dini inanc hüququnun verildiyi əksini tapıb.

Erdoğan deyib ki, Qərb Türkiyədə gedən prosesləri təhrif edir və bu qənaətdədir ki, dünyəvilik prinsiplərinin üstündən xətt çəkilir.

“Amma bu belə deyil. Biz hakimiyyətimizin 14 ili ərzində bunu isbat etmişik. Biz Türkiyə barədə xürafatlara qarşı mübarizə aparmışıq. Türkiyəyə qarşı qərəzli yanaşma yolverilməzdir. Lakin bizim müəyyən dəyərlər sistemimiz var və buna diqqətlə yanaşılmalıdır. Amma biz bu dəyərləri cəmiyyətin bütün təbəqələrinə sırımırıq” – deyib Türkiyə lideri.

“Mənim kürd qardaşlarım...”

TASS müxbirinin “kürd məsələsinin həllinə necə baxırsınız” sualına cavab olaraq Erdoğan deyib ki, “sizin kürd məsələsi dedikdə nəyi nəzərdə tutduğunuzu bilmirəm”.

“Mənim kürd qardaşlarım sadəcə bir siyasi partiyanın üzvü deyillər” - deyib prezident.

Erdoğan vurğulayıb ki, hazırda ölkənin kürd əhalisinin əksəriyyəti onun əsasını qoyduğu AKP-ni dəstəkləyir.

Kürd təşkilatlarından heç birinin adını konkret olaraq çəkməyən Erdoğan deyib ki, “məlum partiya” kürdləri küçələrə çıxarır, dövlətə qarşı çıxışlar təşkil edir.

Erdoğan həmçinin terrorçuların kürd əhaliyə qarşı da zorakılqılar törətdiyini iddia edib.

“Biz terrorçuları həmin ərazilərdən təmizləyirik. Onlara görə həmin yerlərə investorlar gələ bilmirlər” – deyib Erdoğan.

O bildirib ki, heç Rusiyada da belə hallara yol verilməzdi və Türkiyə terrorla mübarizədə Rusiyanı müttəfiq kimi görür.

“Regionda terrola mübarizədə mənim həm də əziz dostum Vladimirin dəstəyinə ehtiyacım olacaq” – deyib Erdoğan.

Əsəd çıxıb getməlidir

Suriya münaqişəsinin çözümü barədə danışan Türkiyə prezidenti deyib ki, Rusiya burada əsas, həlledici oyunçulardan biridir və buna görə də Rusiya və Türkiyə münaqişənin çözümü üçün birlikdə hərəkət etməlidir.

Erdoğan deyib ki, lazım gələrsə, bu məsələyə İran da cəlb oluna bilər. Bu prosesə Qətər, Səudiyyə və ABŞ-ı da cəlb etmək olar.

Suriyanın bütövlüyünü Əsədlə birlikdə qoruyub saxlamaq mümkün deyildir

Bununla belə, Türkiyə prezidenti vurğulayıb ki, “əgər məsələnin çözümü geniş çevrədə alınmasa, onda Suriya ilə 950 kilometrlik sərhədi olan Türkiyə müəyyən addımlar ata bilər”.

“Biz Suriyanın parçalanmasını istəmirik. Amma bunun baş verməməsi üçün Bəşər Əsədin bir tərəfə çıxıb getməsi şərtdir. O 600 min insanın ölümündə təqsirkardır. Suriyanın bütövlüyünü Əsədlə birlikdə qoruyub saxlamaq mümkün deyildir. Bizə öz xalqına qarşı dövlət terroru həyata keçirən qatili dəstəkləmək lazım ddyil. Qoy Suriya xalqı hakimiyyətdə görmək istədiyini özü seçsin” – deyib prezident.

Əsəbiləşdirən sual

İŞİD-in gəlir kanallarının, onun neftdən qazandığı gəlirlərin kəsilməsi mümkünlüyü barədə sualı Erdoğan hiss ediləcək əsəbiliklə qarşılayıb.

O deyib ki, İŞİD-in neft satdığı tərəf elə Əsəd rejimidir. Erdoğan Rusiya təyyarəsinin vurulmasından sonra Putin də daxil, Kremldən səslənən ittihamları yada salıb, lakin ad çəkməyib və ittiham edənləri “uydurma müəllifləri” kimi təqdim edib:

“Onlar deyirdilər ki, əvvəllər belə iddialar Türkiyəyə qarşı da olub. Mən demişdim ki, əllərində sənəd-sübut varsa, təqdim etsinlər. Lakin bu sənədləri verə bilmədilər. Onlar həmçinin bu məsələyə mənim ailəmi də qarışdırmaq istəyirdilər. Mən dedim ki, “sübut edin. Etsəniz, mən vəzifəmi tərk edəcəyəm”. Mən bu uydurmaların müəlliflərindən soruşdum ki, dedikləri sübut olunmasa, onlar da öz postlarını tərk etməyə hazırdırlarmı? Cavab gəlmədi...”

Erdoğan kürd birləşmələrinin adını çəkmədən bildirib ki, regionda bəzi qruplaşmaları terrorçu adlandırıb, başqalarını yalnız İŞİD-ə qarşı vuruşduqlarına görə terrorçu adlandırmamaq düzgün deyil.

Rusiya və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələləri barədə suala cavab verən Erdoğan deyib ki, hazırda Ankara üçün ən mühüm layihə Akkuyu Atom Elektrik Stansiyasıdır, “çünki burada söhbət atom sahəsində əməkdaşlıqdan gedir”.

Recep Tayyip Erdoğan həmçinin “Türk axını” qaz kəməri layihəsinin yenidən müzakirə obyekti olacağına inandığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG