Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:41

Azərbaycan Beynəlxalq Bankı Itlilyanın futbol klubu “Yuventus”la əməkdaşlığa başlayır. Bankın izahına görə, bu əməkdaşlıq çərçivəsində Bank reklam və təbliğat məqsədilə “Yuventus” brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək.

"Azərbaycan Beynəlxalq Bankı Azərbaycan idmanının inkişafına dəstək layihələrini bundan sonra da davam etdirməkdə qərarlıdır."

Ancaq belə əməkdaşlıq dogrudanmi iqtisadi baxımdan belə faydalıdır? Beynəlxalq Bank bununla Avropada və dünyada əhəmiyyətli əlavə vəsait cəlb edə biləcəkmi?

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, Beynəlxalq Bankın özünü xaricdə reklam etməsi məqsədəuyğundur. Çünki bu bankın reputasiyasının yenidən sağlamlaşmasına xidmət edəcək:

Vüqar Bayramov

Vüqar Bayramov

“Əlbəttə ki, Azərbaycan Beynəlxalq Bankı yenə də Azərbaycanın bank sektorunda ən güclü bankdır. Aktivlərinin həcminə görə ən böyük bankdır. Eyni zamanda ABB regionda ən çox xarici əməliyyatlar aparılan banklar siyahısındadır. Ona görə də Beynəlxalq Bankla bağlı mövcud maliyyə çətinliklərinə baxmayaraq bankın xarici investisiya etməsi və xaricdə özünü reklam etməsi məqəsəduyğundur.

Burda şərtlərə də diqqət yetirmək lazımdır ki, bu şərtlər hansı dərəcədə maliyyə baxımından əlverişlidir. Bütün hallarda bu bankın özünü xaricdə reklam etdirməsinə ehtiyac var. Çünki Beynəlxalq Bankın əsas gəlirlərindən biri beynəlxalq köçürmələrdən əldə edilən vəsaitdir. Ona görə də Beynəlxalq Bankın xaricdə tanıdılmasına ehtiyac var. Nəzərə alsaq ki, Beynəlxalq Bankda 2015-ci ildə baş verən hadisələr bankın reputasiyasına təsir göstərmişdi. Ona görə də Beynəlxalq Bank maliyyə baxımından məqbul şərtlər daxilində xarici ölkələrdə reklam kampaniyaları həyata keçirməlidir. Reputasiyanın bərpa edilməsi, bankın sağlamlaşdırılması, onun yenidən xaricdə təqdim edilməsinə ehtiyac var”.

HESABLAMA APARILMIR

İqtisadçı ekspert Elçin Rəşidov isə deyir ki, ümumiyyətlə dövlət şirkətlərinin bu cür addımlarına məhdudiyyət tətbiq edilməlidir:

“Biz əvvəllər buna oxşar xəbərlər eşitmişik. Bilirik ki, SOCAR-ın maliyyəsi ilə İspaniyanın “Altetiko Madrid” klubunun geyimlərində Azərbaycan yazısı gedib. Ümumiyyətlə dövlət şirkətlərinin bəzi fəaliyyətlərinə məhdudiyyətlər qoyulmalıdır. Hazırda bizdə səmərəlilik ölçüləri və meyarları çox dumanlıdır.

Hesablamalar aparılmır və qarşılıqlı olaraq nəyin daha səmərəli olduğu müqayisə edilmir. Çünki hamısı ictimai resurslardır. Dövlət şirkətini bəlkə başqa yerdə reklam etmək daha səmərəli olardı? Belə araşdırmalar aparılmadığından bu istiqamətdəki xərcləmələrə birdəfəlik məhdudiyyət qoyulmasının tərəfdarıyam. Çünki bu mümkün ola bilən qeyri-şəffaf sövdələşmələrin qarşısını alar. İkincisi, həm də həmin dövlət şirkətlətinin fokusunu daha çox müştəriyə yönəldər. Çünki bu şirkətlərin əksəriyyəti müştərilərlə işləməli olan təşkilatlardır.”

"GETSİN, ÖLKƏ DAXİLİNDƏ İMİCİNİ DÜZƏLTSİN"

İqtisadçı ekspert Natiq Cəfərli isə təklif edir ki, Beynəlxalq Bank ilk növbədə ölkə daxilindəki imicini düzəltsin:

Natiq Cəfərli

Natiq Cəfərli

“Böyük idman klubları ilə bankların müqavilə bağlaması və reklam xarakterli əməkdaşlıq etməsi qlobal götürsək normal sayılır. Sadəcə burda anormallıq ondan ibarətdir ki, Beynəlxalq bank bu günə qədər çox ciddi və böyük problemlərlə qarşı-qarşıyadır. Hələ bankın borclarının bir hissəsi dövlət büdcəsi hesabına silinib. Başqa bir qurumun aktivlərini transfer etdilər. Bu elə silinmə anlamına gəlir. Bankın son 1 ildə böyük kredit skandalları oldu.

Ümumiyyətlə bankın fəaliyyəti ilə bağlı hərtərəfli şəkildə çox ciddi qınaqlar və tənqidlər oldu. Maliyyə Nazirliyi özü tərəfindən də ciddi tənqidlərə tuş gəldi. Yəni bank əvvəlcə ölkə daxilindəki imicini, ölkə daxilindəki problemlərini həll etdikdən sonra beynəlxalq arenada müəyyən addımlar atması daha məntiqli olardı.

“Yuventus”la hər hansı bir əməkdaşlığın olması bankın daxildə imicinin düzəldilməsinə ciddi şəkildə xidmət etməyəcək. Həm də Beynəlxalq bank xaricdə ciddi oyunçu olmadığına görə “Yuventus”la əməkdaşlıq ona nə verəcək? - bu qaranlıqdır. Bank beynəlxalq kredit verən təşkilatlardan biri deyildi. İri müqavilələrdə birbaşa iştirakçı deyil. Buna görə də bu əməkdaşlıq beynəlxalq imicə xidmət edəcəksə bu da anlaşılan deyil. Çünki bankın elə bir böyük və ciddi beynəlxalq portfeli yoxdur ki, orda imicinin düzəldilməsi haqda düşünsün”.

Günün bütün mövzuları

XS
SM
MD
LG