Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

Azərbaycan, Rusiya, İran münasibətləri, çörəyin bahalaşmasının səbəbləri və stadionlarda vəziyyət bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN, RUSİYA, İRAN ƏMƏKDAŞLIĞI

«Azərbaycan» qəzetində «Regional əməkdaşlığa böyük töhfə» sərlövhəli məqalə dərc edilib.

Məqalədə prezident İlham Əliyevin Azərbaycana səfər edən İran və Rusiya dövlət başçıları ilə birgə fotoları verilib.

Müəllif yazır ki, Azərbaycan praqmatizmə və qarşılıqlı faydalı əməkdaşlığa söykənən xarici siyasət yürüdür. Bu siyasətin qarşısında duran əsas strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaqdır. Yazıda dövlət başçısı İlham Əliyevdən də belə bir sitat da gətirilir: «Biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır».

Məqalədə Azərbaycanın regional müstəvidə Rusiya və İranla münasibətlərindən bəhs edilir. Müəllif yazır ki, Azərbaycanın bu ölkələrlə münasibətlərinin milli maraqlara uyğun təşəkkül tapması mərhum prezident Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlir. Yazıda qeyd edildiyinə görə, Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaradan yeganə ölkədir. Müəllif İranla da uğurlu xarici siyasət yürüdüldüyünü vurğulayır. Qarabağ məsələsinə münasibətdə İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi yada salınır.

Müəllifin fikrincə, Rusiya və İrana münasibətdə Azərbaycan xarici siyasəti bu düstur üzrə inkişaf edir: «Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra Rusiya və İranla milli maraqlara uyğun əməkdaşlıq əlaqələri qurub və bu əməkdaşlıq qarşılıqlı etimada əsaslanaraq inkişaf etdirilir».

Çörək

Çörək

TAXIL İNHİSARI

«Azadlıq» qəzetində «Taxıl monopoliyası İlham Əliyevə güc gəlir» sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edilir ki, çörəyin qiymətinin 10 qəpik qaldırılması əhalinin sosial durumuna daha bir zərbə vurdu. Nəticədə xüsusilə aztəminatlı ailələrin iqtisadi problemləri bir qədər də artdı. Müəllifin fikrincə, digər ərzaq məhsullarını ala bilməyən ailələr çox zaman çörəyin sayını artırmaqla yeməyə olan gündəlik tələbatlarını ödəyirdilər.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun bildirməsinə görə, çörəyin bahalaşmasından bir gün öncə elan edilmişdi ki, Azərbaycanın kifayət qədər taxıl resursu var. Amma çörəyin qiyməti yenə artırıldı: «Ölkədə həm taxıl idxalı inhisardadır, həm də taxıl istehsalı nəzarət altındadır. Çörəyin qiyməti devalvasiya zamanı bilərəkdən artırılmadı. Çünki həmin vaxt manat dəyərdən düşmüşdü və çörəyin bahalaşması cəmiyyətdəki narazılığı daha da artıra bilərdi. Hökumət sosial partlayışın qarşısını almaq üçün belə bir addım atdı. Amma indiki mərhələdə özü qiymət artımına gedir. Hazırda qiymət artımı, ilk növbədə, hökumətə xeyir edir. Çünki vergi ödənişləri artacaq və hökumətin yükü nisbətən azalacaq. Çörəyin qiymətinin artımı yuxarılarla razılaşdırılmışdı. Ona görə də əvvəlcədən elan edildi».

V.Məhərrəmov Naxçıvanda çörəyin qiymətinin dəyişməməsinin səbəblərinə də toxunub: «Sanki Naxçıvana xüsusi status verilib. Eyni zamanda dövlət tərəfindən Naxçıvana külli miqdarda subsidiya verilib. Naxçıvan digər regionlarla müqayisə olunmaz dərəcədə çox subsidiya alır. Bu subsidiya çörəyin qiymətini əvvəlki səviyyədə saxlamağa imkan verir».

Stadion

Stadion

FUTBOL PALÇIQDA OYNANILMIR

«Yeni Müsavat» qəzetində «Stadionlarımızın bərbad durumu: xərclənən pullar hara gedir?» sərlövhəli yazı ilə tanış olmaq olar.

Müəllif yazır ki, ölkənin hava iqlimi ən mükəmməl stadionların yaradılmasından ötrü əlverişlidir. Amma bir çox sahədə olduğu kimi, bu məsələdə də iş peşəkarlara yox, naşılara verilir: «Bəziləri hələ də anlamayıblar ki, futbol palçıqlı arenada yox, ot örtüyü olan stadionlarda oynanır».

Müəllif yazır ki, istər «Bakcell Arena», istər Tofiq Bəhramov adına Respublika, istərsə də Olimpiya Stadionunun ot örtüyündə problemlər var.

Yazıda qeyd edilir ki, hətta «Bakcell Arena»nın ot örtüyünə yaşıl görünsün deyə, rəng vurublar. Tofiq Bəhramov adına Respublika stadionundakı qazonda may ayında dəyişiklik edilsə də, yenə də problemlər var: «Qəbələdəki stadionda ot örtüyü mükəmməldir. Orada isə ingilis mütəxəssislər çalışır....».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG