Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:13

Erdoğan-dan Amerikaya: 'Gəlin bu işi çox uzatmayın'


R.T.Erdoğan
R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, 15 iyul çevriliş cəhdinin arxasında dayanan Fethullah Gülen-in verilməsi uzun çəkməməlidir.

TRT-yə müsahibəsində Erdoğan deyib: «ABŞ hansı terrorçunu istəyibsə, vermişik. Deməmişik ki, sənəd göndərin. İndi biz də Amerikaya deyirik ki, gəlin bu işi çox uzatmayın».

Çıxışında Erdoğan Gülen-i «şarlatan» adlandırıb. Deyib ki, onu kimlərsə idarə edir: «O, kimlərinsə işinə yarayır. Çünki Türkiyənin güclənməsini istəmirlər. Milli birliyimizi parçalamaq istəyirlər».

Türkiyə iyulun 15-də baş vermiş çevriliş cəhdinin arxasında Fethullah Gülen-in dayandığını bildirir. Məhkəmə Fethullah Gülen haqqında həbs qərarı çıxarıb.

Türkiyə indiyədək ABŞ-a Gülen-in verilməsi üçün iki dəfə sənədlər toplusu göndərib.

Buna da bax - Rəsmi Ankara ABŞ-ı itirmək istəmir

GÜLEN: ÖZ FİKRİMDƏ QALIRAM

Fethullah Gülen yazılı açıqlamasında haqqındakı həbs qərarına etiraz edib. Bildirib ki, Türkiyədə ədliyyə sistemi müstəqil deyil, həbs qərarı isə prezident Erdoğan-ın demokratiyadan uzaqlaşmasının nümunəsidir. «Türkiyə məhkəməsinin barəmdə çıxardığı həbs qərarı mənim statusumu və fikirlərimi dəyişdirmir», ­- Gülen deyib.

Fethullah Gülen Türkiyədə çevrilişə qarşı çıxdığını dəfələrlə bəyan etdiyini xatırladıb.

Türkiyədə iyulun 15-də hərbi çevriliş cəhdi yatırılarkən 300 nəfərdən çox adam ölüb. Onlardan 200-dən artığı dinc sakinlər, qalanları hərbçilər və polislərdir.

Qiyam yatırılandan sonra Türkiyədə kütləvi həbslər və işdən çıxarmalar başlayıb.

XS
SM
MD
LG