Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:06

Azərbaycanda ordu quruculuğu, Nardaran hadisələrinə görə həbs edilənlərin işgəncə ilə bağlı şikayətləri, mülkiyyət hüququnun pozulması və Bakıda tarixi abidələrin sökülməsi bu gün medianın aparıcı mövzusudur.

MÜSTƏQİLLİYİN TƏMİNATÇISI-ORDU

«Azərbaycan» qəzetində «Ordu müstəqilliyimizin təminatıdır» sərlövhəli məqalə oxumaq olar.

Azərbaycanı Cənubi Qafqazın lider dövləti, sabitlik adası adlandıran müəllif ölkədə iqtisadi inkişafla yanaşı, ciddi ordu quruculuğunun getdiyini bildirir. Yazıda qeyd edilir ki, iqtisadi inkişaf ordunun müasir silahlarla təmin olunmasına hərtərəfli şərait yaradır. Müəllifə görə, Ermənistanın işğalçılıq siyasəti və xaricdən ola biləcək istənilən təhdidlər ordunun daim güclü olmasını zəruri edir: «Ötən il dünya ölkələrinin güclü ordularının reytinqini açıqlayan «Global Firepower» təşkilatının siyahısında 106 ölkə yer almışdı. Ümumilikdə 50 faktor əsasında tərtib olunan siyahıda Azərbaycan Ordusu 50-ci yerdə qərarlaşmışdı».

Müəllif yazıda ordunun vacibliyindən bəhs edərkən, prezident İlham Əliyevdən də sitat gətirməyi unutmur: «Hərbi potensialımızın gücləndirilməsi prioritet olaraq qalacaq. Aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq. Biz ən müasir texnika, silah-sursat alırıq».

Cəmil Həsənli

Cəmil Həsənli

«STALİN»Çİ İŞGƏNCƏLƏR

«Azadlıq» qəzetində «Belə işgəncələr Hitler və Stalin rejimlərində olub» sərlövhəli məqalə dərc edilib. Milli Şurasının sədri, professor Cəmil Həsənlinin yazdığı həmin məqalədə «Nardaran işi» ilə bağlı təqsirləndirilən şəxslərə işgəncələrin verilməsi ilə bağlı məhkəmə ifadələri dəyərləndirilir.

C.Həsənli yazır: «Bu iş üzrə təqsirli bilinən 5 nəfər ifadə verdi, doğrusu eşitdiklərim dəhşətli idi. Belə istintaq əməllərinə, belə amansız işgəncə faktlarına alman faşizmi və 1937-ci ilin Sovet repressiya tarixini öyrənərkən rast gəlmişəm Lakin bir şeyi nəzərə almaq lazımdır ki, həmin dövrdə həm Almaniyada, həm də SSRİ-də müstəntiqlərin işgəncə yolu ilə ifadə almalarını qanuniləşdirmişdilər. «Nardaran işi» ilə bağlı istintaq zamanı təqsirləndirilən şəxslərə qarşı verilən amansız işgəncələr isə cinayət əməlidir».

SÖKÜLƏN MÜLKLƏR, ÖDƏNİLMƏYƏN KOMPENSASİYALAR

«Novoye Vremya» qəzetində çıxan «Bizim problemlər» sərlövhəli məqalədə isə söküntülər zamanı mülkiyyət hüquqlarının pozulmasından söz açılır.

Yazıda qeyd edilir ki, dəmiryolu vağzalı ətrafında söküntülər başlayıb. Amma mülkiyyət sahiblərinə kompensasiya ödənilmir.

Müəllif bildirir ki, mülkiyyət sahiblərinin çoxu bu söküntülərlə razı deyil. Üstəlik, obyektləri tam qanuni fəaliyyət göstərib. Tikinti zamanı da Bakı Şəhər İcra Hakimiyyətinin tələbləri qorunub. Yazıda qeyd edildiyinə görə, hətta şəhər rəhbərliyi kompensasiyaların ödənilməsi ilə bağlı məhkəmə qərarlarına belə məhəl qoymur.

Əmlak Bazarının İştirakçıları Birliyinin sədri Ramil Osmanlı vəziyyəti qəzetə belə dəyərləndirib: «Obyektlər sökülməzdən öncə hansısa xüsusi tədbir görməyə ehtiyac yoxdur, düşünülmüş qiymət siyasəti olsa, yetərlidir. Bakıda bu siyasət düzün icra edilmir. Əgər kompensasiya real bazar dəyərinə uyğun olarsa, heç bir narazılıq olmaz».

BAKININ SİLİNƏN TARİXİ

«Exo» qəzetində dərc edilən «Sökmək, amma tikməmək» başlıqlı məqalədə ekspertlərlə Bakının memarlıq abidələrinin sökülməsindən bəhs olunur.

Müəllif yazır ki, Bakıda Şərq və Qərb arxitektura məktəblərinin nümunələri yaradılıb. Bu da şəhəri dünyanın gözündə qiymətə mindirib.

Yazıda qeyd edilir ki, son söküntü işləri həmin dəyəri aşağı salır.

Ekspertlərdən Nəriman Ağayev qəzetə deyib: «Təəssüf ki, bizdə tarixi bina və abidələrin dəyərləndirilməsi və monitorinqi aparılmır. Düzdür, Bakıda bəzi binaları bərpa ediblər. Amma bu, yetərli deyil. Bunun üçün ilk növbədə mövcud olan tarixi binaların dəyərləndirilməsi aparılmalıdır. Daha sonra dövlət bərpa işlərinə maliyyə vəsaitləri ayırmalıdır».

Yazıda qeyd edilir ki, öz tarixinin qiymətini bilən ölkələrdə, adətən, binaların pasportlaşdırılması həyata keçirilir. Azərbaycanda isə hələ də bu təcrübədən istifadə edilmir.

Müstəqil Arxitektorlar Assosiasiyasının prezidenti Zemfira Budaqova da deyib ki, Bakıdakı arxitektura və tarixi abidə əhəmiyyətli binalarla bağlı hər hansı kompleks təhqiqat işləri aparılmayıb.

Z.Budaqova qeyd edib ki, tarixi əhəmiyyətli binaların dəyərləndirilməsində tarixçilər, coğrafiyaşünaslar və arxitektorlar birgə iştirak etməlidirlər. Amma binalar söküləndə, buna əməl olunmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG