Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Aqrar sahədə vəziyyət, gəlirlərin qeyri-bərabər bölüşdürülməsi, bank-müştəri münasibətləri, neftin qiymətinin düşməsi və bunun ölkə iqtisadiyyatına təsiri bu gün medianın aparıcı mövzusudur.

AQRAR SAHƏNİN İNKİŞAFI

«Azərbaycan» qəzetində dərc edilən «Aqrar sahə önə çıxır» sərlövhəli məqalədə ölkə iqtisadiyyatının inkişafının daxili imkanlara söykənməsindən bəhs olunur.

Müəllif yazır ki, daxili imkanlara arxalanmaq dünyada gözlənilən və gözlənilməyən «sürpriz»lərdən qorunmağın ən etibarlı yolu sayır. Yazıda qeyd edilir ki, bu baxımdan ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına xüsusi əhəmiyyət verilməsi təsadüf deyil.

Müəllifin fikrincə, hələ keçmiş prezident Heydər Əliyevin hakimiyyəti dövründə bu məsələlərə xüsusi əhəmiyyət verilib: «1993-cü ilin iyununda yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanda ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni üzləşdiyi dərin iqtisadi böhrandan qurtarmaq üçün ilk növbədə aqrar islahatlara başlamışdı».

Müəllifə görə, indi ölkədə bolluq hökm sürür və bunda Heydər Əliyevin mühüm rolu var. Yazıda deyildiyinə görə, Azərbaycanda fermerlərə edilən güzəştlər dünyanın heç bir ölkəsində yoxdur.

Müəllif vurğulayır ki, Azərbaycanda son iki ildə aqrar sahəyə 360 milyon dollar xərclənib. Bu il bu sahəyə daha 160 milyon dollar ayrılması gözlənilir.

Yazıda prezident İlham Əliyevdən belə bir sitat da gətirilir: «Kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir... İndi həm islahatlar aparılır, tədbirlər görülür, həm də çox ciddi elmi yanaşma var. Əminəm ki, biz yaxın zamanlarda daha böyük nəticələr görəcəyik».

Neft

Neft

İQTİSADİ FƏLAKƏTİN ASTANASINDA

«Azadlıq» qəzetində çıxan «Azərbaycan iqtisadiyyatı böyük təhlükə qarşısında…» sərlövhəli məqalədə dünyada neftin ucuzlaşmasından və bunun neftdən asılı ölkə kimi Azərbaycana mənfi təsirlərindən bəhs edilir.

Yazıda qeyd edilir ki, neftin ucuzlaşması Azərbaycanın böyük maliyyə itkilərinə səbəb olub. Bu da ölkə iqtisadiyyatının bütün sahələrinə ciddi təsir göstərib.

Qəzetə danışan iqtisadçı-ekspert Nemət Əliyev deyib ki, neftin bir qədər də aşağı düşməsi Azərbaycanda çox ciddi fəsadlar törədə bilər: «Ölkə iqtisadiyyatı, dövlət büdcəsi, əhalinin gəlirləri neftdən çox asılı vəziyyətə salınıb. Onun 30 dollar və daha aşağı düşməsi əhali və iqtisadiyyat üçün böyük faciə olardı».

N.Əliyev qeyd edib ki, Ümum Daxili Məhsulun (ÜDM) həcmində ciddi azalma var. Bu isə əhalinin gəlirlərinin azalması deməkdir. İqtisadçının fikrincə, neftin qiymətinin bir qədər də aşağı düşməsi əhaliyə böyük zərbə olar: «Dövlət büdcəsinin, əhalinin gəlirləri azalacaq. Bu azalma isə heç bir yaxşı perspektiv vəd etmir».

Bakıda butılka yığan.

Bakıda butılka yığan.

CİNNİ ƏMSALI

«Exo» qəzetində «Gəlirlərin qeyri-bərabər bölünməsi» sərlövhəli məqalə oxumaq olar.

Yazıda qeyd edilir ki, əhalinin gəlirlərinin ədalətli bölünməsi metodu kimi «Cinni əmsalı» götürülür. Onun bərabər bölgüsü zamanı hər bir qrup öz sayına mütənasib gəlir əldə edir.

Müəllif yazır ki, bu əmsal yüksəldikcə, gəlirlərin qeyri-bərabər bölüşdürülməsi səviyyəsi yüksəlir.

Ekspert Oqtay Haqverdiyev də Dünya Bankının gəlirlərin bölünməsi təsnifatına istinadən deyir ki, Azərbaycanda əhalinin 8 faizi varlı, 3 faizi isə ən varlı insanlardan ibarətdir: «Yoxsul təbəqəsinin sayına gəlincə, rəsmi məlumatlarda bunun bütün əhalinin 5 faizi olduğu deyilir. Amma müstəqil ekspert dəyərləndirmələri göstərir ki, ölkə əhalisinin 12 faizi hətta yoxsulluq həddindən aşağı səviyyədə yaşayır».

O.Haqverdiyev hesab edir ki, əhalinin 20 faizi orta təbəqəni təmsil edir.
Ekspert Nəriman Ağayev isə deyir ki, əhali arasında gəlirlərin bölünməsi məsələsi qapalı mövzudur. Bu sahədə tədqiqatları, əsasən, müstəqil ekspertlər və beynəlxalq qurumlar aparırlar.

N.Ağayevə görə, baş verən iki devalvasiya belə Azərbaycan varlılarını kasıblaşdıra bilməyib. Çünki onlar öz varidatlarını xarici valyutada saxlayırlar. Ekspertlər deyirlər ki, Azərbaycanda son illər kasıblar bir qədər də kasıblaşır, varlılar da daha da varlanır.

Karikatura

Karikatura

BANKLAR MÜŞTƏRİLƏRİ POLİSƏ VERİR

«Bizim Yol» qəzetində dərc edilən «Krediti ödəyə bilməyən müştəriləri bank polisə verir» sərlövhəli məqalədə Azərbaycanda bank-müştəri münasibətlərindən söz açılır.

Yazıda hüquqşünas Əkrəm Həsənova istinadən bildirilir ki, bankların kreditlərini qaytara bilməyən müştəriləri polisə vermələri ilə bağlı «Antikollektor» təşkilatına çoxsaylı müraciətlər daxil olub.

Ekspert deyir ki, qanunvericiliyə əsasən, mülki xarakterli müqavilələr üzrə öhdəliyin yerinə yetirilməməsi ilə bağlı yalnız mülki qaydada məhkəməyə müraciət edilməlidir. Bundan sonra məhkəmə müvafiq qərar çıxarır və bu qərarın icrasını məhkəmə icraçıları təmin edir.

Ə.Həsənov qeyd edir ki, banklar polisə müştərilərin dələduzluq etdiyini bildirirlər. «Bank həmin vətəndaşın dələduzluq etməsini haradan və necə müəyyən etdi? Ümumiyyətlə, vətəndaşın banka qarşı dələduzluq etməsi mümkün deyil. Dələduzluq odur ki, mən sizi aldadıram və pulunuzu əlinizdən alıram. Bankları isə bu formada aldatmaq mümkün deyil. Bank insan deyil ki, onu kimsə aldatsın. Çünki bank hər bir halda müştərinin maliyyə vəziyyətinə baxır, yoxlayır və müəyyən təminat qarşılığında kredit ayırır. Bununla bağlı isə bankla müştəri arasında mülki müqavilə bağlanır. Tərəflərin biri öhdəliyi hər hansı səbəbdən yerinə yetirə bilmədikdə, bununla bağlı yalnız mülki qaydada iddia qaldırmaq olar».

Pul

Pul

«6 AY BİZİM, 6 AY SƏNİN...»

«Yeni Müsavat» qəzetində ünvanlı sosial yardımların verilməsində qanunsuzluqlardan danışılır. Yazıda qeyd edilir ki, aztəminatlı ailələrin güzəranının yaxşılaşması məqsədilə nəzərdə tutulmuş ünvanlı sosial yardım dövrü artıq başa çatır. 10 il fəaliyyət göstərən bu layihənin ləğvi gözlənilir.

Müəllif prezidentdən belə bir sitat gətirilir: «Hazırda 200 min ailə ünvanlı sosial yardım alır. Amma ünvanlı sosial yardım insanlarda asılılıq yaradır və bu, gələcəkdə daha da təhlükəli ola bilər».

Yazıda deyilir ki, ünvanlı sosial yardımların forması dəyişdiriləcək. Məşğulluq məsələsi həll olunmayan insanlara ünvanlı sosial yardım yenə də veriləcək. Hazırda bu sahədə bir neçə rayonda pilot layihə həyata keçirilir.

Müəllifin bildirməsinə görə, prezident özünün ehtiyat fondundan 6 milyon manat vəsait ayırıb ki, bu pilot layihə vasitəsilə insanlara iş yerləri yaradılsın. Yazıda qeyd edilir ki, ünvanlı sosial yardımların verilməsi ciddi korrupsiya ocağına çevrilib:

«Sabiq nazir Füzuli Ələkbərovun vaxtından ünvanlı sosial yardımın verilməsində şəffaflığı təmin etmək mümkün olmayıb. 2013-cü ildə nazir təyin olunan Səlim Müslümov bu sahədəki korrupsiya ocaqlarını söndürmək işinə girişdiyi görüntüsü yaratmışdı. O, tez-tez keçirdiyi müşavirələrdə şou xarakterli olaylar çıxarırdı. Bir neçə idarə müdirini, rəhbər işçini elə iclas zalından qovaraq işdən çıxartdığını bəyan edirdi. Sonra hər şey «köhnə hamam, köhnə tas» formasında davam etdi. Ünvanlı sosial yardımların verilməsində ciddi qanun pozuntuları halları oldu. Yerlərdən gələn şikayətlərdə bildirilir ki, ünvanlı sosial yardım alanlara belə təklif olunur: «6 ay bizim, 6 ay sənin»».

Günün bütün mövzuları

XS
SM
MD
LG