Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

"Baxır, özəlləşməyə hökumət necə yanaşacaq"


Azerbaijan - money, manat
Azerbaijan - money, manat

Azərbaycanda özəlləşdirmənin yeni mərhələsi gəlir - Beynəlxalq Bank və s. özəlləşdiriləcək. Özəlləşmə ilə iqtisadi problemlər həll olunacaqmı?

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, özəlləşdirmə ölkəyə investor cəlb edilməsi baxımından yaxşı addımdır. Ancaq Azərbaycan hökumətinin bu məsələyə hansı məqsədlə yanaşması da bu məsələdə böyük rol oynayır:

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

“Baxır, özəlləşməyə hansı prizmadan Azərbaycan hökuməti yanaşacaq və bu siyasəti hansı məqsədlə həyata keçirəcək. Əgər söhbət fiskal məqsədlərdən gedirsə, dövlət büdcəsinə vəsait cəlb etmək üçün özəlləşdirmə həyata keçirirsə, mən inanmıram, indiki halda Azərbaycanın dövlət şirkətləri özəlləşdirmədə dövlət büdcəsinə əlavə vəsait daxil olmasını təmin eləsin. Çünki Azərbaycanən dövlət şirkətlərinin böyük əksəriyyətinin xarici öhdəlikləri, daxili borcları var. Nəticədə onların satışından əldə edilən gəlirlərin əhəmiyyətini aşağı salır və eyni zamanda xərcini azaldır.

Özəlləşdirməyə sağlamlaşdırma prizmasından baxılacaqsa, deyək ki, Beynəlxalq Bankı o məqsədlə özəlləşdirməyə çıxaracaqlarsa və sonradan da bu bank Azərbaycanda bir oliqarxın şəxsi kapitalına çevriləcəksə, onda da ciddi dəyişikliklər gözləməyə dəyməz.

Qubad İbadoğlu: "Baxır, hökumət necə yanaşacaq...."
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00
Direct-ə keçid

Amma özəlləşdirmə ölkəyə real şəkildə investor gətirəcəksə və investor həmin aldığı bankı və ya şirkəti sağlamlaşdırmaq üçün öhdəlik götürüb, onu müəyyən bir səviyyədə modernləşdirib, xidmətinə, istehsalına kimi yeni standartlara uyğunlaşdırcaqsa, onda özəlləşdirmədən ciddi nəticələr gözləməyə dəyər.

Hazırki özəlləşdirmə isə Azərbaycan iqtisadiyyatındakı mövcud problemlərin həllində əhəmiyyətli rol oynamayacaq. Çünki özəlləşdirmə ilə bağlı gedən müzakirələr onu göstərir ki, özəlləşdirmədə yalnız yerli investorlar iştirak edəcək. Bu qeyd etdiyim prinsiplərə ziddir. Ölkəyə səmərəli investor və eyni zamanda peşəkar menecment gəlməyəcək. Bu halda da özəlləşmənin iqtisadi effektliyindən danışmaq tezdir”.

ÖZƏLLƏŞMƏ OLİQARXIN MƏNİMSƏMƏSİDİR

İqtisadçı ekspert Azər Mehtiyev bildirir ki, Azərbaycan təcrübəsində özəlləşmə dedikdə daha çox məmur oliqarxlar tərəfindən bu obyektlərin mənimsənilməsi faktı ilə üz-üzə qalırıq:

Azər Mehtiyev
Azər Mehtiyev

“Azərbaycan üçün dövlət mülkiyyətində olan obyektlərin özəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, böyük neft gəlirləri dövründə Azərbaycan bu məsələyə diqqət yetirmədi. Ölkənin xüsusi ilə kommunal sektorunda iri dövlət müəssisələri qalmaqdadır. Bu müəssisələri heç də hamısı müasir bazar iqtisadiyyatı prinsipləri ilə fəaliyyət göstərə bilmir. Müasir menecment qaydalarını mənimsəyə bilməyiblər. O cümlədən də bank sektorunda ölkənin ən böyük bankı olan Beynəlxalq Bank hələ də dövlət mülkiyyətindədir. Bu bank da dövlət mülkiyyətində olmasından istifadə edərək digər banklarla bazar rəqabətliliyi olmadı, ona hər zaman xüsusi yanaşma mövcud idi.

Bu baxımdan indiki halda bu müəssisələrin bazar prinsipləri, rəqabətlilik əsasında fəaliyyət göstərməsi üçün onlarda müasir menecment istitutlarının tətbiqi, onların canlandırılması üçün və xüsusən digər şirkətlərlə bərabər şərtlərlə rəqabət aparması üçün onların özəlləşdirməsi vacibdir. Lakin bu müəssisələrin özəlləşdirilməsi sadəcə olaraq hər hansı bir müəssisənin özəlləşdirilməsi kimi yanaşılması kimi doğru deyil.

Xüsusən iri kommunal müəssisələrdə və Beynalxalq Banka xüsusi yanaşma olmalıdır. Bu müəssisə xüsusi özəlləşmə yanaşması tələb edir. Ona görə ki, indiyəcən dövlət mülkiyyətində olan bu müəssisə uzun müddət məsuliyyətsizcəsinə kreditləşmə həyata keçirib. İndi həmin kreditlər geri alınmır. Bunun canlandırılması üçün dövlət büdcəsindən 3 milyard manat vəsait ayrılıb. Bu gün dövlət büdcəsi üzərində qalmış bir bankdır.

Belə bir şəraitdə həmin bankın özəlləşməsinə strateji yanaşma olmaqla bura xarici kapitalın ciddi mühasib- menecmentin gətirilməsi uyğun olardı. Lakin təəssüf ki, Azərbaycan təcrübəsində biz bu cür özəlləşmə proseslərinin açıq, şəffaf və xarici, strateji investorların cəlb olunması formasında deyil, daha çox məmur oliqarxlar tərəfindən bu obyektlərin alınması, faktiki olaraq mənimsənilməsi faktı ilə üzləşirik. İndiyə qədər Azərbaycan təcrübəsində baş verən özəlləşmə indi də baş verərsə, bunun ölkə iqtisadiyyatında, bu obyektlərin hər hansı bir formada canlandırılmasında əhəmiyyətli rol oynayacağını düşünmürəm”.

ƏDALƏTLİ MƏHKƏMƏ

Digər iqtisadçı ekspert Hafiz Babalı deyir ki, özəlləşdirmə Azərbaycan iqtisadiyyatının indiki durumunda olduqca əlverişli bir transformasiyadır. Amma bunun üçün hökumət əvvəlcə məhkəmə hakimiyyətinin müstəqilliyinə və investorların hüquqlarının qorunmasına nail olmalıdır:

Hafiz Babalı
Hafiz Babalı

“Özəlləşdirmə iqtisadi transformasiya baxımından indiki zamanda əlverişli bir alət kimi istifadə oluna bilər. Amma bunun üçün bəzi zəruri şərtlərin yerinə yetirilməsi tələb olunur. Bu, investorların hüquqlarının qorunmasıdır, məhkəmə hakimiyyətinin müstəqilliyidir.

Bu şərtlər daxilində özəlləşməyə həm yerli, həm də xarici investorların marağını yaratmaq mümkündür. Əgər yaxın vaxtlarda hökumətin iradəsi olacaqsa, bu şərtlərin gerçəkləşməsini təmin edəcəksə, xüsusilə ölkədə aparıcı sahələrin özəlləşməsi istiqamətində müəyyən iş görüləcəksə , özəlləşmə nəticəsində ölkəyə böyük sərmayə axınına və ölkənin iqtisadi qüvvəsinin daha da artmasına səbəb ola bilər. Məsələn, Beynəlxalq Bankın özəlləşdirilməsi.

Hökumət bunun üzərində artıq 10 ildən çoxdur ki, çalışır. Ən azından bu iradəsini ortaya qoyduğunu bildirib. Amma nəticə ürəkaçan deyil. Yəni hökumət bu sahədə qarşıya qoyduğu məqsədlərinə nəinki nail oldu, hətta bu dövrdə bankın maliyyə göstəriciləri xeyli aşağı düşdü və eyni zamanda xarici investorların da gözündən düşməsinə gətirib çıxaran addımlar atdı. Çünki menecmenti lazımi səviyyədə təyin edə bilməmişdi. Bank korporativ idarəetmə prinsiplərinə uyğun idarə olunmurdu. Müşahidə şurası, idarə heyəti və səhmdarlar arasında üzvi əlaqə qurula bilməmişdi. Hökumət bu problemləri ən azından etiraf etməlidi.

Müəyyən sahələrdə köklü problemlər var və bunların həlli məhz özəlləşdirmədən keçir. Çünki özəlləşdirmə idarəetmənin daha optimal formasına gətirib çıxaracaq. Qoyulan sərmayələrin tələb olunan istiqamətə yönəldilməsinə gətirib çıxaracaq. Dpvlətin də həmin müəssisələrə yardımının qarşısını müəyyən mənada alacaq. Eyni zamanda sərmayə axınlarının istiqamətini dəyişəcək.

Bu gün dövlət Azərenerjiyə, Azərişıqa, Azərbaycan Hava Yollarına, Dəmir yollarına və digər dövlət təşkilatlarına külli miqdarda maliyyələşmə ayırırsa, bu maliyyələşmə dayanacaq və kənardan sərmayə axını baş verəcək. Bu isə öz növbəsində iqtisadi qalxınmaya səbəb olacaq. Amma bu indiki halda xülya və arzulardan başqa bir şey deyil. Çünki ilkin tələb olunan şərtlər Azərbaycanda hələ ki yoxdur. Nə məhkəmə hakimiyyəti və nə də ki investorların hüquqlarının qorunduğu bir mühit”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG