Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:17

'Yumurta müşavirəsi' oldu. Bəs çörək..?


Neft buruğu
Neft buruğu

Azərbaycanda iqtisadi vəziyyət, əhalinin kreditləri qaytara bilməməsi, qiymət artımı və bunda hökumətin məsuliyyəti bu gün medianın əsas mövzusudur.

MAKROİQTİSADİ SABİTLİK QORUNUB

«Azərbaycan» qəzetində «Azərbaycanda aparılan islahatlar nüfuzlu maliyyə qurumları tərəfindən təqdir olunur» başlıqlı yazı dərc edilib.

Məqalədə qeyd edilir ki, hökumətin dəstəyi nəticəsində iqtisadiyyatın dayanıqlığı təmin edilib, xaricdən gələn müəyyən inflyasiya meyllərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunub.

«Ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan «Doing Business- 2016» hesabatında Azərbaycanın mövqeyi 17 pillə yaxşılaşıb. Azərbaycan 189 ölkə arasında 63-cü pilləyə yüksəlib, dünyada 3 və daha çox islahat aparan 24 ölkədən biri olub. «Qlobal Rəqabət Qabiliyyəti 2015-2016» hesabatında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq, MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qoruyur. Azərbaycan «G-20»yə üzv olan 8 ölkəni qabaqlayıb», - deyə məqalədə oxuyuruq.

Məqalədə ABŞ Dövlət Departamentinin 2016-cı ilə aid Maliyyə Şəffaflıq Hesabatına da istinad edilib. Müəllif yazır ki, həmin hesabatda da Azərbaycandakı islahatlar təqdir edilir.

«Bu gün qarşıda duran ümdə vəzifələrdən biri də ixracın həm məhsulların çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə ixracın təşviqi, «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqi və patentlərin alınması istiqamətində işlər görülür».

Məqalənin sonunda ilin 6 ayında Azərbaycanda 78 min daimi iş yeri açıldığı vurğulanır.

QİYMƏTİ KİM QALDIRIR?

«Azadlıq» qəzeti qiymət artımı mövzusunda müzakirələri davam etdirir. Qəzetin əsas məqalələrindən biri belə adlanır: «Qiymət artımının arxasında İlham Əliyev dayanır».

Məqalədə sual edilir ki, yumurtanın qiymətindən narahat olan ölkə başçısı çörəyin qiymətinin qalxmasına niyə susur?

«Ölkənin ağır böhranla üz-üzə qalmasının yeganə səbəbi yarıtmaz idarəçilikdir. Normal düşüncəyə malik olan hər bir vətəndaş bu acınacaqlı vəziyyətin izahatını bilir. Amma hökumət ortaya heç bir izahat qoya bilmir. Nə yarıtmazlığı etiraf etməyə qətiyyətləri, nə də biabırçılığa don geyindirmək üçün fantaziyaları var», - deyə məqalə müəllifi vurğulayır.

Müəllif yazır ki, işığın, suyun, çörəyin, ətin qiyməti qalxsa da, hökumət heç bir izahat verə bilməyib.

«Yumurtanın qiyməti qalxanda ölkə başçısı «yumurta müşavirəsi» keçirdi. Bu addımla sübut etmək istədi ki, artımın ona aidiyyəti yoxdur, natəmiz adamlara qarşı barışmazdır. Bu dəfə isə hökumət imitasiya da etmir. Çörəyin, ətin qiyməti qalxıb, kütləvi narazılıq müşahidə olunur, bu hadisə ölkənin gündəminə çevrilib və hökumət susur. Deməli, budəfəki «sürpriz»in arxasında Əliyev özü dayanır».

Cib
Cib

ƏHALİ MANATLA DA KREDİTİ QAYTARA BİLMİR

«Yeni Müsavat» qəzeti əhalinin götürdüyü kreditləri qaytara bilməməsindən bəhs edir. Bu mövzuya həsr edilən yazıda vurğulanır ki, ölkədə vaxtı keçmiş kreditlər durmadan artır.

«Mərkəzi Bankın son hesabatına görə, may ayında problemli kreditlərin həcmi 132.9 milyon manat artıb. İyunun 1-i bu rəqəm 1 milyard 514 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelindəki payının da kəskin artdığı deyilir. Bunun ümumi portfeldə çəkisinin 8.3 faiz olduğu qeyd edilib. Bir ay əvvəl isə bu göstərici 7.4 faiz idi».

Yazıda deyilir ki, əvvəllər problemlər, əsasən, xarici valyutada götürülən kreditlərlə bağlı yaranırdı. Ancaq indi manat kreditləri də artıq qaytarılmır.

«Problemin həllinin bir yolu var. Mərkəzi Bank daxili borclanma hesabına bankların xarici valyutada verdikləri kreditlər üzrə yaranmış məzənnə fərqini onlara ödəməlidir. Bundan sonra banklar xarici valyutada olan kreditləri köhnə məzənnə ilə manatla olan kreditlərə çevirməlidirlər. Bu, məsələnin həllinin ən optimal yoludur», - yazıda qeyd olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG