Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:34

Milli kino günü belə qeyd olundu


Milli Kino Günündə iştirak edən bir qrup Azərbaycan kino xadimi.
Milli Kino Günündə iştirak edən bir qrup Azərbaycan kino xadimi.

-

Məşhur fransız kinoşünası André Bazin kinematoqrafiyanın yaranma prosesini araşdırdığı “Total kino mifi” məqaləsində yazırdı ki: “Kino ideoloji fenomendir. Onun ideyası insan beynində Platon səmasındakı kimi tamamilə hazır şəkildə mövcud idi... Misir freskaları və barelyefləri qədim insanların hərəkəti analiz etmək cəhdindən xəbər verir. (...) Və onun elmi-tərəqqinin ruhuna heç bir borcu yoxdur”...

Bununla belə incəsənətin ən sehrli növü - kinematoqrafiyanın yaranma tarixi, məhz, Avropada elmi-texniki tərəqqinin sürətlə irəlilədiyi, bir-birinin ardınca müxtəlif ixtiraların edildiyi dövrə düşür.

Buna da bax: "Növbəti Kino Günündə kim fəxri ad aldı?"

1895-ci il dekabrın 28-də fransız Lümyer qardaşları Parisin Kaputsino bulvarında, Qrand-kafe”nin hind salonunda ilk pullu kinoseans təşkil elədilər və aralarında məşhur “İslanmış suçu” və “La-syota vağzalına qatarın gəlişi”

Azərbaycan filminin tanınmış simaları.
Azərbaycan filminin tanınmış simaları.

süjetləri də olan 40-45 saniyəlik bir neçə süjeti parislilərə təqdim elədilər. Bununla da incəsənətin ən gənc növünün – kinematoqrafiyanın əsası qoyuldu.

Xüsusilə sadə insanların bu sahəyə (hələ sənət statusu almamışdı) böyük marağını görən Lümyer qardaşları dünyanın müxtəlif bölgələrinə öz operatoralarını göndərir, tamaşaçıların diqqətini cəlb edəcək süjetlər toplayırdılar. Belə maraq doğuran ölkələrdən biri də Azərbaycan idi. XIX əsrin ikinci yarısında Azərbaycan, konkret Bakı “qara qızılı” sayəsində avropalı zənginlərin, sərvət ovçularının axışdığı məkan idi. Onlar Avropanın yeni ixtiralarını da özləri ilə gətirirdilər. Belə ixtiralardan biri də sinematoqraf idi. İlk vaxtlar xarici süjetlərin təqdimatı ilə keçən nümayişlərə bir qədər sonra Bakı həyatından bəhs edən süjetlər əlavə olundu. Bir məsələ vardı ki, bu nümayişlər eksperiment xarakteri daşıyır, əhalinin maraq səviyyəsini öyrənmək məqsədi güdürdü. Bakıda yaşayıb-işləyən fransız yəhudisi, fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Qafqaz rəqsi”, “Əlahəzrət Buxara əmirinin “Velikiy knyaz Aleksey” paraxodunda yolasalma mərasimi” xronikal və “İlişdin” bədii süjetlərinin daxil olduğu ilk müstəqil kinonümayiş isə 1898-ci il avqustun 2-də isə baş tutdu. Bu faktı ilk dəfə XX əsrin 60-cı illərində Məsumə Rzayeva “Odlar yurdunun kinosu” adlı kitabında göstərsə də, 2000-ci ildə yenidən önə çıxarıldı və Azərbaycanın o vaxtkı prezidenti H. Əliyevin sərəncamı ilə avqustun 2-si Milli Kino günü elan olundu.

Buna da bax: "2 avqust Azərbaycanda "Kino Günü"dür..."

Beləliklə, artıq 16 ildir ki, Milli Kino Günü xüsusi qeyd olunur və həmin gün mütləq yeni bir filmin premreyası baş tutur. Təbii ki, bu il də istisna deyildi. Həmişəki kimi yenə “Nizami” Kino Mərkəzində keçirilən tədbirdə bu il dörd gənc rejissorun “Azərbaycanfilm” kinostudyasında çəkdiyi qısametrajlı filmlərdən ibarət “40-cı paralel” kinoalmanaxı - “Qara bağ” (rej.Amil Məmiyev), “Onun atası” (rej.Zamin Məmmədov), “Postskriptum” (rej.Emin Mirabdullayev), “Hədiyyə” (rej.Emin Əfəndiyev) - peşəkarların və kinosevərlərin ixtiyarına verildi.

2 avqust Milli Kino Günündə nümayiş olunmuş qısa filmlər.
2 avqust Milli Kino Günündə nümayiş olunmuş qısa filmlər.

Keçmiş klipmeyker Emin Mirabdullayevin Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi “Postskriptum” (oper.Əli Sultanov), Nobel qardaşlarının Bakını necə fəth etməsinə həsr olunub.

“Postskriptum” filmində baş rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat canlandırırlar.

“Onun atası” filmi (ssen. və rej. Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov) isə Qarabağ müharibəsinin qurbanları haqqındadı. Qocaman jurnalist qonşuluqda yaşayan, hər gün liftdə rastlaşdığı balaca qızın atasının həmkarı olduğunu, Qarabağda döyüşlər zamanı itkin düşdüyünü öyrənir və onu tapmağı qarşısına məqsəd qoyur...

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırırlar.

Gənc rejissor Emin Əfəndiyevin, Yusif Şeyxovun ssenarisi əsasında çəkdiyi “Hədiyyə” filmi (quruluşçu operator Elman Əliyev) əslində Amerikan yazıçısı, mahir hekayə ustası O.Henrynin məşhur “Milad hədiyyəsi” hekayəsinin müasir Bakı mühitinə adaptə olunmuş ekranizasiyasıdı.

Baş rollarda İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlının çəkildiyi “Hədiyyə” filmi azərbaycanlı kino məmurlarının istədiyi kimi nikbin sonluqla bitir.

Buna da bax: "R. İbrahimbəyov: «Milli Kino Günündə Azərbaycana gələcəyəm»"

“Qara bağ” filmi (ssenarist və rej. Amil Məmiyev) məcburi köçkünlərin vətən həsrətindən bəhs edir. Rejissor personajların yuxusu vasitəsilə bir anlıq Qarabağı “geri qaytarır”... Rejissor deyir ki, filmin adının “Qara bağ” olması heç də təsadüfi deyil: ““Qara bağ” dilək ağacına bağlanan qara düyünlər – qara lentlərin adıdır. Onların vasitəsilə Qarabağla bağlı hadisələr filmin ümumi kontekstinə köçürülür”.

Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov canlandırırlar.

Ancaq bu ilki tədbirin yeniliyi sadəcə “40-cı paralel” kinoalmanaxı deyildi. Belə ki, tədbirdə Ayaz Salayev də “Qarabağın həsrət salnaməsi” adlı internet-layihəsini təqdim etdi. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bu

Ayaz Salayevin "Qarabağ həsrət səlnaməsi" layihəsi, Milli Kino Günündə təqdim olunub.
Ayaz Salayevin "Qarabağ həsrət səlnaməsi" layihəsi, Milli Kino Günündə təqdim olunub.

layihənin konseptinə görə müxtəlif yaş və təbəqəyə aid Azərbaycan vətəndaşları kameraya Qarabağ münaqişəsi ilə bağlı fikirlərini söyləyəcək. Sonra bu kiçik videoçarxlar internetdə yerləşdiriləcək, telekanallarda, kinoteatrlarda film senaslarından əvvəl nümayiş olunacaq. A.Salayevin sözlərinə görə, məqsəd xalqımızın Qarabağa necə dəyər verdiyini, heç bir zaman onun itkisi ilə barışmayacağını göstərməkdir.

Xatırladaq ki, Mili Kino Günü ilə bağlı “Nizami” Kino Mərkəzində keçirilən tədbirin açılışında Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, xalq artisti, görkəmli aktrisamız, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının prezidenti Şəfiqə Məmmədova da çıxış edib.

Milli Kino Günündə "Əməkdar incəsənət xadimi" adı alan rejissor Elxan Cəfərov.
Milli Kino Günündə "Əməkdar incəsənət xadimi" adı alan rejissor Elxan Cəfərov.

Ə.Vəliyev bir neçə gün əvvəl fəxri adlara layiq görülən kino işçilərini təbrik eləyib, Ş.Məmmədova isə İttifaqın ənənəvi illik mükafatlarının sahiblərini açıqlayıb.

Bu il bu mükafatlara prodüser Adil Qulamov, məşhur diktor Rafiq Hüseynli və səs rejissoru Kamal Seyidov layiq görülüb, veteran kinematoqrafçılara pul mükafatları verilib. “Azərbaycan kinosundakı xidmətlərinə görə” mükafatını isə rejissor Eldar Quliyev qazanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG