Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:36

►İki həll variantını – mərhələli və paket həll variantlarını özündə birləşdirən, bir növ onları barışdırmaq istəyən plan da qəbul edilmirsə, o zaman nəyə ümid bəsləmək olar?

Hüseynbala Səlimov

YALANÇININ EVİ YANDI, İNANAN OLMADI...

Bəlkə də indi Ermənistanda prezident S.Sargsyan-ın yadına hər şeydən az Qarabağ danışıqları düşür.

Aydın məsələdir ki, o, prezidentlərin görüşünə yollanmazdan öncə ölkədəki durumu normallaşdırmalı, hakimiyyətini möhkəmləndirməliydi. Yoxsa onun kimi və hətta hansı ölkəni təmsil etməsi sual doğura bilərdi...

Amma nə qədər təəccüblü olsa da, S.Sargsyan artıq 2-ci həftəydi ki, bunu edə bilmirdi.

Polis post-patrul binasının ələ keçirilməsindən başlanan hərbi-kriminal olay get-gedə daha çox siyasi çalar alır və ölkəni, sözün əsl mənasında, çalxalandırırdı...

Düzdür, olub-bitənlərlə bağlı birmənalı fikir yox idi. Kimi bütün bunların Ermənistan prezidentinin öz oyunu olduğunu düşünür və deyirdi ki, Rusiyanın təzyiqlərini neytrallaşdırmaq istəyən Ermənistan prezidenti bu yolla ölkəsini bir o qədər sərfəli olmayan tələb və təkliflərdən qurtarmağa çalışır.

Digərləri bütün bunların da arxasında Rusiyanın dayandığını güman edirdi. Məqsəd - S.Sargsyan-a basqı göstərmək və onu Rusiyaya daha çox bağlamaq idi. Açığını deyim ki, belə bir ehtimal mənə elə də inandırıcı görünmürdü. Amma bir başqa tərəfdən baxanda, niyə də yox? Ermənistanda hakimiyyət də, hakimiyyətə qarşı çıxan müxalifət də, hətta müxalifətin özünə müxalifətdə bulunanlar da həmişə Rusiyaya bağlı olmayıblarmı?!.

Buna da bax: Qarabağ danışıqlarının detalları bilinmirsə...

Bütün bu olub-bitənlərdə məni bir məsələ ayrıca maraqlandırırdı. O da bu idi ki, son olaylarda Ermənistan müxalifətinin, necə deyərlər, ağsaqqalı eks-prezident L.T.Petrosyan heç gözə dəymirdi. Vyana və Sankt - Peterburq görüşləri dönəmində S.Sargsyan L.T.Petrosyan-ın da fikrini öyrənmiş və o vaxt bu elə yozulmuşdu ki, S.Sargsyan onun da dəstəyini almaq istəyir.

E.Məmmədyarov:"Sülhə nail ola bilərik"

İndiki siyasi etirazlarda diqqətçəkən bir məqam da bu idi ki, keçmiş xarici işlər naziri V.Oskanyan-ı çıxmaq şərtilə etirazçı müxalifətin elə bir parlaq siyasi lideri yox idi. Düzdür, bu “vakansiya”nı tutmağa bəlli təşəbbüslər oldu, ancaq polisin post-patrul binasını ələ keçirənlər buna çox böyük qısqanclıqla yanaşdılar. Üstəlik, S.Sargsyan da müəyyən tədbirlər görmüşdü – yüzlərlə etirazçı və onların lideri olmaq iddiasında bulunan bir sıra adamlar həbsxanaya atılmışdı...

İDARƏ OLUNAN “XAOS”...

Əvvəlcə mənə də belə bir ehtimal daha çox inandırıcı görünürdü ki, Sargsyan qəsdən prosesi uzadır, çünki bəzən idarə olunan siyasi “xaos” da bəlli qazanclar gətirir.

Amma hər dəfə bunu da düşünürdüm ki, belədirsə, söhbət çox təhlükəli oyundan gedir, axı proses hər an axarından çıxa və idarəolunmaz xarakter ala bilərdi...

Böyük iğtişaşlara yön vermək, idarə olunan etirazları yaratmaq elə də asan məsələ deyil. Yalnız keçmiş KQB (DTK) məktəbini keçənlərə bu “elmi” öyrədirdilər. Sargsyan-sa, yanılmıramsa, həmin məktəbi keçməyib...

Üstəlik, proseslərin sonrakı inkişafı göstərdi ki, vəziyyət bir siyasi oyun olmaqdan çox-çox ciddi xarakter alır. Artıq diaspor da S.Sarqsyan-a münasibərini korrektə etməyə başlamışdı. Ermənistan prezidenti son anlarda anladı ki, prosesin önü kəsilməsə, adi hərbi-kriminal olaydan böyük siyasi prosesə çevriləcək və bəlkə sonda onun istefası ilə nəticələnəcək...

Buna da bax: Qarabağ münaqişəsinin Ermənistandakı etirazlarda rolu

TƏQVİMİN DAHA BİR AYI TARİXƏ DÜŞƏCƏK?

Bütün bu olub-bitənlərdə Azərbaycana maraqlı tək məqam vardı: Görəsən, bu olayların Qarabağ probleminə hansı təsiri ola bilər?

Əvvəldə dedim ki, S.Sargsyan, ən azı, bu iki həftə ərzində hər şeydən az Qarabağ danışıqları haqqında düşünürdü. Elə bu səbəbdən, daha bir sual öz-özünə doğur: “Bəyəm Ermənistan prezidentinə elə bu lazım deyildimi? Məgər o, həmin danışıqlardan canını qurtarmağı düşünmürdümü?”.

Məsələ bundadır ki, S.Sargsyan aprel döyüşlərinin nəticəsilə barışmaq istəmirdi. Gah Azərbaycanın bu döyüşlərdə tutduğu əraziləri Ermənistanın zəbt etdiyi və nəzarətdə saxladığı ərazilərlə müqayisə edir, gah Qarabağa yollanır, gah da Azərbaycanla müharibəyə hazır olmağa çağırırdı...

Qarabağ danışıqları ilə bağlı nə bilirsiz? (SORĞU)

İndi budur, sanki Rusiyada da Qarabağı unudublar. Cəmi 3-4 həftə əvvəlki nikbinlik yoxdur. Rusiya mətbuatı tənbəl-tənbəl Ermənistanda cərəyan edən proseslərdən yazır və bunu heç bir halda Qarabağ danışıqları ilə əlaqələndirmirdi. Sanki proses tam başqa koordinat sistemində baş verirdi...

Hərçənd, olub-bitənlərin birbaşa Qarabağ danışıqları ilə bağlı məqamları az deyildi. Proseslər, ən azı, danışıqları qeyri-müəyyən müddətə geri ata, hətta tam dayandıra bilər. Bu isə o deməkdir ki, Putin-in də “aralıq planı” ATƏT-in arxivlərinə göndərilər...

Son 2 həftədə Ermənistanda baş verənləri, birmənalı şəkildə, kiminsə dirijorluğuyla gerçəkləşən süni qarşıdurma sayanlar da durumun ciddiliyini fərq etmək zorundadılar. Hər halda bir şey aydındır ki, S.Sargsyan bu prosesdən güclənərək çıxa bilmədi. Proses göstərdi ki, onun iqtidarı nisbi dayanıqlıq halındadır və hər an bu hakimiyyətin taleyi hər hansı sarsıdıcı siyasi tələbin predmetinə çevrilə bilər.

O səbəbdən düşünürəm ki, S.Sargsyan danışıqlarda maksimum dərəcədə güzəştə getməməyə çalışacaq və böyük ehtimalla, ən azı, onun dövründə Putin planı reallaşmamış qalacaq...

Bu halda Qarabağ probleminin çözümüylə bağlı nikbinliyə heç bir əsas qalmır. İki həll variantını – mərhələli və paket həll variantlarını özündə birləşdirən, bir növ onları barışdırmaq istəyən plan da qəbul edilmirsə, o zaman nəyə ümid bəsləmək olar?

Təkcə onu demək qalır ki, tərəflər məsələni yenə də diplomatik dəhlizlərdə deyil, döyüş meydanlarında aydınlaşdırmalı və təqvimin daha bir ayını “əbədiləşdirməli” olacaqlar...

Bəli, Qarabağ danışıqlarının qeyri-müəyyən müddətə ertələnməsi Bakıdan ötrü, ən azı, o demək olacaq ki, Azərbaycan özünün ilk hərbi uğurundan – aprel döyüşlərinin yaratdığı yeni reallıqlardan yararlana bilmədi. Axı ilk dəfə idi ki, Azərbaycan diplomatları danışıqlara üstün mövqeli tərəf kimi gedirdilər. Amma indi duyulur ki, hətta bu da digər tərəfi – Ermənistanı daha realist siyasət

yürütməyə sövq edə bilmədi. Bəs belədirsə, onda nə qalır? Güman etmirəm ki, bu suala kiminsə qənatəbəxş cavabı olsun. Prinsipcə, çox şey demək mümkündür. Bəli, demək olar ki, aprel hadisələri də təsir göstərmədisə, yeni reallıqlar yaratmaq və təzyiqi bir az da artırmaq lazımdır. Amma məsləhət verməyə nə var!.. Çətini prosesi “ölü nöqtə”dən tərpətməkdir. O isə alınmır ki alınmır...

Putin Qarabağ haqda danışır

XS
SM
MD
LG