Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:26

Çörəyin bahalaşmasının səbəbləri


Azərbaycan olimpiyaçıları
Azərbaycan olimpiyaçıları

Azərbaycanda olimpiya hərəkatı, konstitusiyaya dəyişikliklər və çörəyin bahalaşması bu gün medianın əsas mövzusudur.

OLİMPİYA HƏRƏKATININ LİDERİ

«Azərbaycan» qəzetində dövlət başçısı İlham Əliyevin fotosu fonunda «Olimpiya hərəkatının lideri» sərlövhəli məqalə dərc edilib.

Müəllif 19 il bundan əvvəl İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsini xatırladır və bununla da ölkədə idmana qayğının yeni mərhələsinin əsasının qoyulduğunu bildirir: «Beləliklə, cənab İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı. Respublikamız beynəlxalq Olimpiya Hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü».

Yazıda ölkədə idmanın maddi texniki bazasının möhkəmləndirilməsinə diqqət çəkilir və 2000-ci ildən bu yana 40 dan çox olimpiya idman kompleksinin inşa edildiyi vurğulanır.

Müəllif görə, bütün bu maddi-texniki bazaların yaradılması idman sahəsində qələbələrə yol açıb. Hazırda Azərbaycan 202 ölkə arasında olimpiya nəticələrinə görə, 30-cu yerdədir.

Daha sonra yazıda son illər Azərbaycanda beynəlxalq idman yarışlarının keçirilməsi dəyərləndirilir. Bu mənada xüsusilə də ötən il Azərbaycanda keçirilən I Avropa Oyunları yada salınır: «Avropanı bir araya gətirən idman və dostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu qitənin sərhədlərini aşdı və dünyada daha da artdı».

ÇÖRƏK BAHALAŞDI

«Azadlıq» qəzetində dərc olunan «Çörək bahalaşdı» başlıqlı yazıda ekspertlərlə bunun səbəbləri təhlil edilib.

Yazıda bildirilənlərə görə, satıcılar iyulun 31-dən etibarən satış nöqtələrinə çörəyin yeni qiymətlərlə gətirildiyini deyiblər: «Daha çox istehlak olunan və «zavod çörəyi» kimi tanınan məhsul bu gündən (iyulun 31-i) etibarən bizə 46 qəpiyə gətirilir. Təbii ki, biz də qiymət artımına getməyə məcbur olduq. Bundan öncə 40 qəpiyə satılan çörək hazırda 50 qəpiyə satılır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb».

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov deyir ki, çörəyin qiymətinin qalxması buğdanın qiymətinin artması ilə bağlı deyil.

Ekspert dünya bazarında buğdanın qiymətində 30 faizdən çox azalma müşahidə olunduğunu deyir. O, bu artımın başqa əsaslarla baş verdiyi fikrindədir: «Suyun, elektrik enerjisinin qiyməti artıb, manatın məlum devalvasiyası baş verib».

Ekspertin deməsinə görə, çörək istehsalçıları bir müddət çəkini azaltmaq, keyfiyyəti aşağı salmaq və nəmliyi artırmaqla bu məsələləri birtəhər kompensasiya edirdilər. Onun fikrincə, indi hökumət sosial çörək istehsalına başlamalı və kasıb təbəqənin ehtiyaclarını nəzərə almalıdır.

V.Məhərrəmov deyib ki, əslində, iri çörək istehsalçıları olan oliqarxlar böyük zavodlar tikdirərək fərqli formada məhsul istehsal edib qiyməti çoxdan artırıblar. Ancaq kiçik çörək istehsalçıları öz müəssisələrində avadanlıqları dəyişə bilmirlər, onlar maliyyə problemləri ilə üzləşiblər. Ekspert qiymət artımının bir səbəbini də ölkədə haqsız rəqabətdə görür.

Əli Əhmədov və İlham Əliyev
Əli Əhmədov və İlham Əliyev

AVROPAYA İNTEQRASİYA VƏ ŞAHSEVƏNLƏR

«Yeni Müsavat» qəzeti «Yenə də yaş senzi» sərlövhəli məqalədə sentyabrın 26-na təyin edilən referenduma çıxarılacaq konstitusiya layihəsi ilə bağlı müzakirələri davam etdirir.

Müəllif yada salır ki, XX sərin 90-cı illərində Konstitusiyaya yaşı 65-dən yuxarı olan şəxslərin prezidentliyə yolunu bağlamaqdan ötrü məhdudiyyət qoyulmuşdu.

Müəllif qeyd edir ki, indi referendum Aktında da yaş senzi yenə müzakirə mövzusuna çevrilib: «İndi isə söhbət aşağı yaş həddini yenidən müəyyənləşdirməkdən və bir də prezidentin səlahiyyət müddətinin 7 ilə artırılmasından gedir».

Müəllif indi rəsmi şəxslərin aşağı yaş məhdudiyyətinin götürülməsi ilə bağlı tarixi hadisələrə, orta əsrlərlə baş vurmasını doğru saymır: «Birincisi, orta əsr xanədanlıqları ilə müasir dövrdə seçki yolu ilə formalaşdırılmalı olan idarəetmə sistemlərini müqayisə etmək çox qüsurludur. Çünki qədim dövrlərdə hökmdar olmaq üçün heç 14 yaşa çatmağa da ehtiyac yox idi. Xanədanlığın 1-2 yaşlı varislərinin də taxta çıxarıldığı hallar olub. Buna isə hakimiyyətə gəlmək deyilməz».

Müəllif daha sonra qeyd edir ki, hakimiyyət müdafiəçiləri prezidentlik müddətinin 7 il olmasının vacibliyindən danışarkən də xarici təcrübəyə istinad edirlər: «O «bir çox ölkələr» hansılardır? Hansı inkişaf etmiş, demokratiya örnəyi olan ölkələrdir, konkret bir şey yoxdur. Dünyanın ən demokratik ölkələrində artıq prezidentlik institutunun özü simvolik hala gəlib. Onun səlahiyyət müddətinin nə qədər olması da mübahisə mövzusu olmaqdan çıxıb».

Müəllif bu təklifləri müdafiə edənləri «şahsevənlər» adlandırır və belə düşüncə ilə Avropaya inteqrasiyanı mümkün saymır: «Konstitusiya üzərində vaxtaşırı düzəlişlər aparmaqla, bu toxunulmaz qanunları hər dəfə arzuya, günün konyunkturasına uyğunlaşdırmaqla xəyallarda olan, haqq-ədalətin bərqərar olduğu, dünya miqyasında adından yaxşı mənada söz etdirən dövləti qura bilməyəcəyik».

Bu günlər baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov «Azərbaycan» qəzetinə verdiyi müsahibədə aşağı yaş məhdudiyyətinin götürülməsi ilə bağlı təklifi dəyərləndirərkən demişdi ki, Şah İsmayıl Xətai 14 yaşında hakimiyyətə gəlib.

AZƏRBAYCANIN İRADƏSİ...

Əli Əhmədovun konstitusiya layihəsi ilə bağlı fikirlərinə Yeni Azərbaycan Partiyasının (YAP) saytında da yer verilib. Sədr müavini sayta deyib ki, Azərbaycan demokratiyanın oturuşması yönündə iradəsini daim ortaya qoyub. Ölkədə demokratiyanın təkmilləşməsi həmişə diqqət mərkəzində saxlanılıb.

«İndi Azərbaycanda demokratiya Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul olunduğu 1995-ci illə müqayisədə daha kamil təsisatdır. Lakin unudulmamalıdır ki, demokratiyanın inkişaf tarixi onun fasiləsiz bir proses olduğunu sübuta yetirmişdir. Bu gün dünyanın ən demokratik ölkələri sayılan dövlətlərdə belə insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi proses olaraq müşahidə olunmaqdadır», - deyə YAP sədrinin müavini qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG