Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:37

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 17 dəfə pozublar.
Bu zaman iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Azərbaycan ordusunun Ağstafa rayonundakı mövqeləri, Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndləri atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Azərbaycan Silahlı Qüvvələrinin Tovuz, Krasnoselsk rayonundan da Gədəbəy rayonundakı mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər və Füzuli rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG