Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:18

Çörək bahalaşarsa...


Naxçıvan sement zavodunun açılışı - 2012
Naxçıvan sement zavodunun açılışı - 2012

Neftin qiymətinin düşməsi, bunun iqtisadiyyata mümkün təsirləri, taksi xidmətində vahid qiymət siyasəti və bahalaşma bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCANIN İXRAC MƏSULLARI ARTIB?

«Azərbaycan» qəzetində «Azərbaycanın ixrac məsulları artıb» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, ölkədə əsas hədəf iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyadır. Bu mərhələdə milli iqtisadiyyatın aparıcı təbəqəsi kimi sahibkarların ön plana çıxmasını vurğulayan müəllif dövlət başçısı İlham Əliyevin gördüyü işlər üzərində dayanır: «Ölkə rəhbərliyinə gəlişinin ilk günlərindən Azərbaycandakı yerli və xarici sahibkarların hamisinə çevrilmiş dövlət rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoyub».

Məqalədə deyilir ki, bu il ölkədə sahibkarlara 73 milyon manat güzəştli kredit ayrılıb. Bunun 73 faizi regionlara yönəldilib.

Müəllifin fikrincə, qeyri-neft sektorunun inkişafının qarşıya əsas hədəf kimi qoyulması Azərbaycanı xammal satan ölkədən sənaye və texnologiya istehsalçısına çevirəcək. Yazıda vurğulanır ki, ölkənin müxtəlif bölgələrində sənaye parkları məhz bu məqsədlə yaradılıb.

Büdcə. Karikatura
Büdcə. Karikatura

KƏSİR ARTIR...

«Azadlıq» qəzetində ölkədəki iqtisadi vəziyyət tamam fərqli dəyərləndirilir. «Neftin qiymətinin aşağı düşməsi ölkənin tədiyyə balansında kəsirin böyüməsi ilə bitəcək» sərlövhəli yazıda iqtisadçı Nemət Əliyevlə dünya bazarında neftin ucuzlaşması və bunun Azərbaycana mümkün təsiri müzakirə edilir.

N.Əliyev bu prosesin ölkəyə yaxşı gələcək vəd etmədiyini düşünür. O, hesab edir ki, qeyri-neft sektoru ölkəyə valyuta cəlb edə bilmir.

N.Əliyev deyir ki, bu məqam Azərbaycanın gəlirlərinə təsir göstərəcək və ölkə investisiya baxımından cəlbediciliyini itirəcək: «Müəyyən müddət sonra bütövlükdə ölkənin enerji sektoru xarici investorlar üçün cəlbedici olmayacaq. Bir müddət sonra isə xarici investorlar ümumiyyətlə, Azərbaycandan getməyə başlayacaqlar».

Yazıda qeyd edilir ki, bu proses Neft Fondunun gəlirlərinə də mənfi təsirini göstərəcək, onun büdcə qarşısında öhdəliklərini daha da ağırlaşdıracaq.

N.Əliyev vurğulayır ki, 2015-ci ilin nəticələrinə görə, tədiyyə balansında 220 milyon manat mənfi saldo yaranıb. Bu ilin ilk rübündə də bu kəsir 440 milyon manata kimi böyüyüb.

İqtisadçı deyir ki, Azərbaycanda əvvəlki illər ixrac yalnız neftin hesabına idxalı üstələyib. Neftin qiyməti düşdükcə, ticarət dövriyyəsində mənfi saldo artacaq: «Neftin dünya bazar qiymətinin aşağı düşməsi Azərbaycanın tədiyyə balansında kəsirin böyüməsi ilə başa çatacaq».

Çörək
Çörək

ÇÖRƏYİN QİYMƏTİNİ QALDIRMAĞA ƏSAS VARMI?

«Novoye Vremya» qəzeti «Çörəyin qiyməti bahalaşır?» sualına cavab axtarır.

Yazıda qeyd edilir ki, bir sıra saytlar artıq unun satış qiymətinin 1-2 manat artması haqqında məlumatlar yayıblar.

Müəllif yazır ki, çörəyin qiyməti qalxacağı halda bu, aztəminatlı ailələrin dolanışığına mənfi təsir göstərəcək.

Yazıda əvvəlcə qiymət artımı ilə bağlı sahibkarların arqumentlərinə də yer verilir: «Bu, manatın devalvasiyası və dünya bazarında buğdanın qiymətinin artması ilə bağlıdır. Bu da Azərbaycanda çörək və çörək məmulatları bazarına təsir edir».

Ancaq yazıda bir sıra rəqəmlərin üzərində dayanmaqla qeyd edilir ki, sahibkarların arqumentləri tənqidə davamlı deyil. Müəllif yazır ki, Rusiyadan taxılın bir tonu 389 dollara alınır. Hər tonunun Bakıya gətirilməsi 15 dollar xərc tələb edir. Müəllif daha sonra qeyd edir ki, taxılın bir tonunun üyüdülməsi 30 dollara başa gəlir. Bu, ümumilikdə 435 dollar və ya 689 manat edir. 1 ton buğdadan isə təqribən 1310 çörək almaq olar: «Belə görünür ki, qiymət artımı möhtəkirliyinin əsası yoxdur. Görünür ki, çörək bazarına nəzarət edən şəxslər devalvasiya ilə bağlı itkilərini istehlakçıların hesabına kompensasiya edərək, özlərinin fövqəl gəlirlərini endirmək fikrində deyildirlər».

Sürücü: İqtisadi böhrandan sonra az qala hamı taksi sürür
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

İNHİSARÇILIĞA YOL AÇMAQ

«Bizim Yol» qəzetində «Taksi xidmətində vahid qiymət alınmayacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edilir ki, Tarif Şurası taksi xidmətində də vahid qiymət tətbiq etmək niyyətindədir.

Müəllifin söhbətləşdiyi fərdi taksi sürücüləri bu məsələnin gerçəkləşəcəyinə inanmadıqlarını bildiriblər. Onların fikrincə, taksi xidməti özəl sahə olduğundan, hökumət ancaq dövlət rüsumunun ödənilməsi ilə maraqlanmalıdır.

Ekspertlərdən Ərşad Hüseynov da taksi xidmətində vahid tarifin tətbiq olunmasını mümkün saymır: «Düşünürəm ki, belə bir şey olmayacaq, çünki mümkün deyil. Belə ki, 10 il öncə dövlət taksi xidməti sahəsinə vahid qiymət müəyyənləşdirmişdi, sonradan bu qərarını ləğv etdi. Yenidən həmin qərara qayıtmağa ehtiyac yoxdur».

İqtisadçı Natiq Cəfərli də deyir ki, hökumət bu sahədə müsbət iş görmək istəyirsə, rəqabət mühiti yaratsın: «Taksi xidmətində qiyməti hökumət tənzimləyəcəksə, deməli, bu sahədə də inhisarçılıq olacaq. Taksi xidməti nadir sahələrdən biridir ki, burada kiçik və orta sahibkarlığın inkişafı üçün potensial var».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG