Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:06

Qəbul imtahanlarında az bal toplamağın səbəbləri


Bakıda Bayraq meydanı
Bakıda Bayraq meydanı

Ölkənin iqtisadi inkişafı, təhsildəki problemlər, referendum və onun ətrafında gedən proseslər bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCAN–İQTİSADİ İNKİŞAF MƏKANI

«Azərbaycan» qəzetində «Azərbaycan bölgədə təhlükəsizlik, sabitlik və inkişaf məkanadır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, ölkənin yerləşdiyi regionda qeyri-sabitlik hökm sürür. Amma buna baxmayaraq, bu ilin 6 ayında da ölkədə makroiqtisadi sabitlik təmin edilib.

Yazıda qeyd edilir ki, ölkə iqtisadiyyatı şaxələndirilib, dayanıqlı inkişaf təmin edilib. Ötən 6 ayda qeyri-neft sahəsinin 2.4 faiz artdığı, ölkə iqtisadiyyatına 6.3 milyard manat sərmayə qoyulduğu vurğulanır. Müəllif görülən işləri dövlət başçısı İlham Əliyevin iradəsinin nəticəsi kimi dəyərləndirir: «Bu gün Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir».

Müəllif yazır ki, ölkə iqtisadiyyatı sosial yönlüdür. İnsan amili, onun rifahı nəzərə alınır. Məqalədə ümid edilir ki, qarşıdakı illərdə də bu siyasət xalqı uğurlu gələcəyə aparacaq.

2013-cü il prezident seçkisi
2013-cü il prezident seçkisi

BAHALAŞAN DOLLAR VƏ TƏLƏSİK REFERENDUM

«Azadlıq» qəzetindəki «Referendumun tələsik keçirilməsinin pərdə arxası» sərlövhəli yazıda Konstitusiyaya dəyişikliklər ölkənin iqtisadi vəziyyəti kontekstində dəyərləndirilir.

Müəllifə görə, referendumun tələsik keçirilməsinin ilkin səbəbi ölkədə davam etməkdə olan ağır iqtisadi böhrandır: «Hazırda ölkə dərin iqtisadi böhran keçirir. Manat hər gün ucuzlaşır. Ekspertlərin sözlərinə görə, mayın 26-dan iyulun 26-dək dollar 10 qəpik bahalaşıb».

Müəllif yazır ki, ilin sonuna kimi 1 dolların 1 manat 80 qəpiyə bərabər olacağına artıq çoxları şübhə etmir.

Yazıda vurğulanır ki, hakimiyyət də bütün bunların fərqindədir və referendumu tez keçirməyi daha məqsədəuyğun sayır.

Müəllifin ehtimallarına görə, üstəlik, qarşıda hakimiyyətin hüquq-mühafizə orqanları və silahlı qüvvələrlə bağlı narazılığa səbəb olacaq planları var. Yazıda qeyd edilir ki, hüquq-mühafizə orqanlarında və silahlı qüvvələrdə xidmət müddətinin artırılması gözlənilir.

Müəllif vurğulayır ki, bu, «Əmək pensiyaları haqqında» Qanuna dəyişikliklərlə bağlıdır.

Zamin Hacı
Zamin Hacı

«ƏLİ MÜƏLLİM 14 YAŞ DEYƏNDƏ, KİMİ NƏZƏRDƏ TUTUR?»

«Yeni Müsavat» qəzetində də Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendum mövzusunun müzakirəsi davam edib. Qəzetin yazarlarından Zamin Hacı yenə öz ənənəsinə sadiq qalaraq mövzuya yumor hissi ilə yanaşıb.

«Bağça uşaqları daha safdır» başlıqlı yazısında o, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun layihədə prezident və parlament seçkilərində aşağı yaş həddinin qaldırılması ilə bağlı fikirlərini dəyərləndirilib.

«YAP liderlərindən biri, baş nazirin müavini Əli Əhmədov deyib ki, Şah İsmayıl Xətai hakimiyyətə gələndə 14 yaşı var idi... Ancaq şəxsən mənə qaranlıq qaldı. Əli müəllim 14 yaş deyəndə, konkret kimi nəzərdə tutur, növbəti liderimiz hansı 14 yaşlı gənc olacaqdır? Bunu bir az açıq demək lazımdır. Camaat işini bilsin, o qədər yaltaq var, növbəyə durublar. Lakin çıxışı «anamız-bacımız»la başlasınlar, yoxsa «atam-qardaşım»la - hələ müəyyən eləməyə çətinlik çəkirlər. Qəfil elan olunanda kim qabağa düşə-düşə. Bu isə ədalətli yarış prinsiplərini pozur. Yaltaqlara şərait yaratmalıyıq, repressiyaya məruz qoymaq düzgün deyil. Əks halda sabah bir qrup İTV-AZTV işçisi də Almaniyadan sığınacaq alacaqdır, indiyə qədər çox gördük belə halları...»- Zamin Hacı yazır.

YAP ƏMİNDİR...

Yeni Azərbaycan Partiyasının ( YAP) saytı isə xəbər verir ki, Nərimanov rayon təşkilatı referendum üzrə ilk təşəbbüs qrupunu yaradıb.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tədbirdə çıxış edərək referendumun keçirilməsini belə izah edib: «Konstitusiyaya dəyişikliklərlə bağlı Referendum Aktı layihəsinə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və bir sıra məsələlər daxildir. Bilindiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə sentyabrın 26-da ölkəmizdə bu dəyişikliklərin qəbulu ilə bağlı ümumxalq səsverməsi keçiriləcək. Mən əminəm ki, Azərbaycan xalqı hər zaman olduğu kimi bu dəfə də dövlətimizin inkişafına yönələn bu təşəbbüsü dəstəkləyəcək».

İmtahan
İmtahan

TƏHSİL GERİ GEDİR

«Exo» qəzetində dərc edilən «Təhsil mürəkkəb sosial sistemdir» sərlövhəli məqalədə Müstəqil Müəllimlər Birliyinin rəhbəri Məlahət Mürşüdlü və parlamentin elim və təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərovla abituriyentlərin bu il qazandıqları nəticələr müzakirə olunur.

M.Mürşüdlünün fikrincə, Azərbaycan məktəbləri proqram tərtibi sahəsində qabaqcıl ölkələrdən geri qalır: «Abituriyentlərə proqram tərtib etməkdə geri qalırıq. Bu daha çox şagirdin düşüncə tərzini göstərən məsələlərə aiddir».

M.Mürşüdlü builki qəbul imtahanlarında II və III qrup abituriyentlərinin yarıdan çoxunun 200 baldan çox bal toplaya bilməmələrini belə izah edir: «Bu daha çox onunla bağlıdır ki, suallar tərtib edildikdə, çoxu məktəb proqramı ilə üst-üstə düşmür. Bu isə abituriyentlərdə çətinliklər yaradır».

Onun fikrincə, bu sahədə vəziyyət getdikcə pisləşir.

Keçmiş deputat Şahlar Əsgərov da deyir ki, ölkə təhsilində kardinal dəyişikliklər baş verməyib. Ona görə də, ölkə təsili müasir tələblərə cavab vermək gücündə deyil. Ş.Əsgərov qısa zamanda bu sahədə durumun yaxşılaşacağını da gözləmir. O deyir ki, abituriyentlərin 56 faizinin 200-dən aşağı bal toplamaları haqqında bütün ölkə düşünməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG