Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:16

Ölkədə sahibkarlığın inkişafı, dövlət qurumlarında maliyyə pozuntuları, bankların vəziyyəti və iş axtaran insanların üzləşdiyi çətinliklər bu gün medianın əsas mövzusudur.

SAHİBKARLIĞIN İNKİŞAF YOLU

«Azərbaycan» qəzetində «Azərbaycan iqtisadiyyatını sahibi sahibkarlardır» sərlövhəli məqalə oxumaq olar.

Məqalədə ölkə iqtisadiyyatında özəl sektorun yeri, inkişafı və bunda iş adamlarının rolundan danışılır. Müəllifə görə, Azərbaycanda sahibkarlığın inkişafı keçmiş prezident Heydər Əliyevlə bağlıdır: «Bəli, məhz Heydər Əliyev 1993-cü ilin ortalarından başlayaraq Azərbaycanda bazar iqtisadiyyatı sisteminə keçidin əsasını qoydu».

Məqalədə qeyd edilir ki, ölkədə özəl sektorun inkişafı 1996-cı ildən başlayıb. Dünya təcrübəsinə əsasən bazar iqtisadiyyatının hüquqi əsasları yaradılıb, sahibkarların azad fəaliyyətinə təminat verilib.

Müəllif yazır ki, son illər dünyada baş verən hadisələr, neftin dəyərdən düşməsi ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritetə çevirib. Dövlət başçısı İlham Əliyev bu istiqamətdə mühüm addımlar atıb.

Məqalədə qeyd edilir ki, 2015-ci ildə 54 milyard manatlıq Ümumi Daxili Məsul istehsal edilib. Bunun 82 faizi özəl sektorun payına düşür: «Bu rəqəmləri artırmaq da olar. Amma elə bunlar da ölkədə sahibkarlığın inkişafının davamlı xarakter alması üçün görülən tədbirlərin nəticəsiz qalmadığını görməyə kifayət edir».

Ancaq yazıda 2016-cı ildə Ümumi Daxili Məsulun azalmasından bəhs edilmir.

Dollar

Dollar

TALANÇILIQ VƏ YA «HAMI BİLSİN, ARAMIZDA QALSIN»

«Azadlıq» qəzetində «Dövlət orqanlarının talançılığı niyə dayanmır?» sərlövhəli məqalədə Hesablama Palatasının hesabatına əsasən bəzi dövlət qurumlarındakı maliyyə pozuntularından bəhs edilir.

Yazıda qeyd edilir ki, maliyyə pozuntularına yol verən qurumlar sırasında AZAL-ın, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin adları var.

Müəllif diqqəti milyon manatlarla ölçülən mənimsəmələrlə bağlı cəza tədbirlərinin görülməməsinə yönəldir. Yazıda vurğulanır ki, məhz cəzasızlıq mühiti fürsət gözləyən məmur tayfasını daha da şirnikləndirib.

Müəllifə görə, bu, ölkənin qənaət rejiminə keçməsi, korrupsiyaya ilə mübarizənin gücləndirilməsi ilə bağlı deyilənlərin əsassız olduğunu üzə çıxarır: «Bütün bu xəbərdarlıqlar, qənaətlə bağlı açıqlanan planlar boşuna idimi? Çünki biz deyilənlərin əksinə, bu cür bəyanatlardan sonra israfçılığın daha da artdığını müşahidə edirik. Təkcə Hesablama Palatasının yaydığı hesabatlara baxmaqla, israfçılıq və maliyyə pozuntularının necə böyük miqyas aldığını görə bilərik».

Müəllif SOCAR-ın futbol üzrə Avropa Çempionatında sponsorluq etməsini və Vergilər Nazirliyinə yeni bina tikilməsindən ötrü müqavilə imzalanmasını israfçılıq adlandırır: «Ölkədəki cəzasızlıq mühiti onları daha da «cəsarətləndirir», ya da ki, İlham Əliyevin açıqlamaları «islahatlar aparırıq» görüntüsü yaratmaq üçün imitasiya xarakteri daşıyır. Bunu özü də bilir, ətrafı da. Odur ki, hamısı rahat kreslolarında əyləşib soyğunçu əməllərinə davam etdirirlər».

Cib

Cib

ƏHALİ NƏDƏN BORCUNU QAYTARA BİLMİR?

«Novoye Vremya» qəzetində dərc olunan «Dünya Bankı köməyə tələsir» sərlövhəli məqalədə ölkədə maliyyə institutlarının durumu müzakirə edilib.

Müəllif diqqəti ölkədə problemli kreditlərə və onun həll edilməməsinə yönəldir. Məqalədə qeyd edilir ki, indi bu məsələnin həllinə Dünya Bankı (DB) da qoşulub. Müəllif yada salır ki, rəsmi qurumlar problemli kreditlərin 1.5 milyard manata çatdığını və bunun getdikcə artdığını etiraf edirlər. Yazıda gəlinən nəticəyə görə, Azərbaycan reallıqlarını nəzərə almadan beynəlxalq maliyyə qurumları bu problemi həll edə bilməyəcək: «Bu xüsusiyyətləri nəzərə almaq isə normal bank sisteminə yad olan korrupsiya, inhisar və s. kimi qanunazidd fəaliyyətlə təmas deməkdir. Başqa sözlə, yazılmamış qaydalara uyğun işləmək lazım gələcək. Odur ki, real kömək ancaq DB-nın irihəcmli kreditləri ola bilər».

Müəllif yazır ki, ölkə iqtisadiyyatı böhrandadır və bunun sonu görünmür. Belə olan halda da ölkəyə investor cəlb etmək mümkünsüz görünür.

Yazıda vurğulanır ki, bankların bağlanması da problemin həlli demək deyil. Müəllifin fikrincə, əhalinin götürdüyü kreditləri qaytara bilməməsinin əsas səbəbləri yüksək bank faizləri və iqtisadi böhranla bağlı yaranan kütləvi işsizlikdir.

İş axtaranlar

İş axtaranlar

«ÇARƏSİZ» FIRILDAQÇILAR

«Bizim Yol» qəzetində «İş axtaranlara qənim kəsilən işbazlar» sərlövhəli məqalədə işsizliyin doğurduğu fəsadlardan bəhs edilir.

Müəllif yazır ki, son vaxtlar ölkədəki ağır iqtisadi böhran bir çoxlarının öz iş yerlərini itirməsi ilə nəticələnib.

Məqalədə qeyd edilir ki, indi təlaş içində iş axtaran bəzi insanlar da dələduzlarla rastlaşır.

Müəllif yazır ki, iş axtaranlara telefon nömrəsi verilir, rüsum, sığorta (?) ödənməsi şərtləri irəli sürülür. Burada rəqəm 10 manatdan 38 manat arasında dəyişir. Amma sonunda məlum olur ki, sadəcə bu «işbazlar» insanların düşmüş olduqları durumdan istifadə edərək onları aldadıblar.

Yazıda deyilir ki, «işbazlar» iş axtaranlara, əsasən, bundan öncə müflis olmuş şirkətlərin ünvanlarını verir. İşsiz insan da bu dolaşıq şəraitdə nə edəcəyini bilmir: «İşsizlik insanları o qədər biçarə edib ki, bir qrup insanları fırıldaqçıya, digər qrup insanı isə qurban halına çevirib».

XS
SM
MD
LG