Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:59

"Bəzi vəzifəlilər düşünür ki, bizdə belə hadisə ola bilməz"


-

Şirvan şəhərindəki “Araz” hərbi zavodunda iyulun 26-da baş verən partlayış zamanı xəsarət alanlardan dördü hələ xəstəxanadadır. İki nəfər isə həlak oldu.

Azərbaycan müəssisələrində təhlükəsizlik texnikası qaydalarına necə riayət olunur? Problem nədədir? Ciddi qaydalar yoxdur ya bunlara ciddi riayət olunmur?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirir ki, baş verən hadisə onu deməyə əsas verir ki, strateji vacib əhəmiyyətli obyektlərdə belə təhlükəsizlik məsələlərinə lazımi səviyyədə diqqət yetirilmir:

İlham İsmayıl

İlham İsmayıl

“İstehsal obyektlərində təhlükəsizlik məsələləri ola bilsin ki, biz fikirləşdiyimiz kimi yüksək səviyyədə olmasın. Amma bu silah zavodudur. Silah zavodunda təhlükəsizlik ən üst mövqedə olmalıdır. Bu hər hansısa bir kafel-metlax istehsal edən zavoddan fərqli olmalıdır. Burda təhlükəsizlik ona görə yüksək şəkildə qorunmalıdır ki, birincisi, vacib ciddi bir obyektdir. Belə obyektlər gizli, məxfi obyekt sayılır.

İkincisi, düşmən hər zaman orda terror da törədə bilər. Belə çıxır ki, təhlükəsizlik məsələləri yüksək səviyyədə qorunmur. Rəsmi məlumata görə ilkin rəy budur ki, köhnə mərmilərin utilizasiyasının nəticəsində yaranıb hadisə.


Hər halda bunun özü də təhlükəsizliyə diqqətin lazımi qədər verilməməsidir. Hər halda bu ciddi bir siqnaldır. Hesab edirəm ki, Müdafiə Sənayesi Nazirliyinə tabe olan, Müdafiə Nazirliyinə birbaşa bağlı olan obyektlərdə ikinci hər hansı bir səhlənkar münasibət gələcəkdə çox böyük bədbəxtliklərə səbəb ola bilər. Məsələyə ciddi yanaşılmalıdır. Bu adi istehsal sahəsi deyil.”.

Buna da bax: İ.Əliyev partlayışla bağlı sərəncam imzaladı, cinayət işi də açıldı

İNSAN FAKTORU

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə vəzifəli və məsul şəxslərə iradını bildirir. Onun sözlərinə görə səhlənkarlıqdan baş verən bu cür hadisələr təhlükəzilik məsələsində arxayınlığı aradan qaldırmalıdır:

“Şirvan şəhərində yerləşən Araz zavodunda baş vermiş hadisə bir daha strateji əhəmiyyətli obyektlərdə təhlükəsizlik məsələlərinin hansı səviyyədə olduğunu gündəmə gətirir. Və çox təəssüflər olsun ki, bizdə hadisə baş verməyənə qədər bəzi vəzifəli şəxslər elə düşünürlər ki, bizdə elə hadisələr baş verə bilməz.

Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Sanki biz nədənsə sığortalanmışıq. Bu təkcə Şirvandakı zavoda aid deyil. Ümumiyyətlə bütün strateji əhəmiyyətli obyektlərə aiddir. Mən xüsusən Bakı şəhərini qeyd etmək istəyirəm. Bakı şəhəri belə texnogen xarakterli hadisələrə hazır deyil. O mənada ki, bizdə sığınacaqlar yoxdur. Vaxtı ilə keçmiş sovet zamanı olan obyektlər yoxdur.

Dünənki hadisədə açıq şəkildə görünür ki, orda insan faktoru var. Yəni səhlənkarlıq və məsuliyyətsizliyin nəticəsində bu hadisə baş verib. Çox təəəsüflər olsun ki, bu hadisə birinci deyil. Ötən ilin bu vaxtı da Telemexanika zavodunda belə bir hadisə olmuşdu. Müdafiə Sənayesi Nazirliyinin bu iki zavodu mərkəzdən bir qədər kənarda olduğundan orda bu təhlükəsizlik məsələsi lazımi şəkildə həyata keçirilmir. Çünki Bakıdakı zavodlara Nazirliyin idarə rəisləri, şöbə müdirləri iş ilə əlaqədar tez-tez gedirlər, yoxlama aparırlar,

Şirvan bir qədər kənar olduğu üçün ona bir qədər diqqət azdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə araşdırma yekunlaşacaq və ən azından zavod rəhbərliyi yəqin ki, cinayət məsuliyyətinə cəlb olunacaq. Çünki orda daxili komissiyanın tövsiyyələrini nəzərə alınmayıb. 2013-cü ildə açılmış zavodun xüsusən utilizasiya aparılan sexində bəzi təhlükəsizlik məsələləri o qədər də lazımi şəkildə yerinə yetirilməyib. Məhz dünənki hadisə də məhz belə səhlənkarlığın nəticəsində baş verib”.

KİMSƏ ÖZ VƏZİFƏSİNİ YERİNƏ YETİRMƏYİB

Hərbi ekspert Təbriz Dadaşov bu hadisənin baş verməsini təhlükəsizlik tədbirlərinin görülməməsi və səhlənkarlıqla əlaqələndirir.

“Əgər müəssisədə təhlükəsizlik tədbirləri görülsəydi bu hadisə baş verməzdi. Deməli hansısa vəzifəli şəxsin səhlənkarlığı ucbatından bu hadisə baş verib. Burda terror aktı izi görünmür. Utilizasiya vaxtı ya mütəxəssis olmayıb, ya da kimsə öz vəzifəsini yerinə yetirməyib, kiməsə həvalə edib, nəticədə bu cür hadisə baş verib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG