Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

'Dedilər ki, o yan-bu yan eləsəz, heç bunu da verməyəcəyik'


"25 il qəpik-qəpik yığdığımız hamısı puça getdi"
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

"25 il qəpik-qəpik yığdığımız hamısı puça getdi"

►Zərərçəkmiş: "Elə adam var ki, ona 30-40 min ziyan dəyib. Kompensasiya məsələsi belə olmamalıydı"

"Dəymiş ziyana görə 15 min manat kompensasiya verdilər. Amma biz bu məbləğlə razı deyilik. Elə evlər var, dəyən ziyan xeyli çoxdur. Etiraz da eləyə bilmədik. Çünki dedilər ki, “əgər o yan-bu yan eləsəz, heç bunu da verməyəcəyik"”.

Bunu ötən ilin aprelində Xətai rayonunda 9 mərtəbəli yaşayış binasındakı yanğından ziyan çəkmiş Elman Qəribov bu iş üzrə məhkəmədə ifadəsində deyib.

Bina yanğını ilə bağlı məsələ xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir.

Buna da bax: Yanan binanın sakini: «Nə «siqnalizasiya» var, nə detektor»

“GƏLİNİN CEHİZLƏRİ YANIB”

Yanğına görə həbs olunanlardan Nüsrət Muxtarov 15 gün əvvəl Kürdəxanıdakı istintaq təcridxanasında dünyasını dəyişdiyindən, iyulun 26-da keçirilən məhkəmə iclasında əvvəlcə onun hüquqi varisilə bağlı məsələyə baxılıb. Hakim məlumat verib ki, N.Muxtarovun oğlu Asif Muxtarov onun hüquqi varisi kimi tanınıb. Hakimin sözlərinə görə, hüquqi varis istəsə, onun barəsindəki cinayət işinə xitam verilə bilər. Yox, əgər bəraət verilməsini istəyirsə, prosesdə iştirakını davam etdirər. Asif Muxtarov atasına bəraət verilməsi üçün çalışacağını bildirib.

Daha sonra zərərçəkmişlər dindirilib. Onlar hər mənzilə verilmiş 15 min manatlıq kompensasiyadan narazılıq ediblər.

Məsələn, bina sakinlərindən Əli Məmmədov deyir ki, hadisə oğlunun toyundan iki gün əvvəl baş verib və gəlinin cehizləri də yanıb. 15 min manatlıq kompensasiya isə dəymiş ziyanı ödəmir.

Əli Məmmədov onu da qeyd edib ki, binanın üzlənmə prosesinə Xətai Rayon İcra Hakimiyyəti rəhbərlik edib və təmir işlərinin də bu qurum tərəfindən aparıldığı barədə lövhə asılıb.

“ELƏ ADAM VAR, ONA 30-40 MİN ZİYAN DƏYİB”

Digər zərərçəkmiş Sabir Sultanov isə hamıya standart 15 min manat verilməsi və mənəvi ziyanın nəzərə alınmamasından narazılıq edib:

"Elə adam var ki, ona 30-40 min ziyan dəyib. Kompensasiya məsələsi belə olmamalıydı".

Təqsirləndirilən qismində məhkəmə qarşısına çıxarılan şəxslərdən şikayətçi olmadığını deyən Sabir Sultanov bildirib ki, sifarişçilər həbs olunmalıdır.

Zərərçəkmişlərin məbləğin azlığından, onlara mənəvi kompensasiya ödənilməməsindən narazılığını görən hakim onların diqqətinə çatdırıb ki, hər bir zərərçəkmiş bu məsələ ilə əlaqədar ayrıca mülki qaydada məhkəməyə müraciət edə bilər.

“ZƏRƏRÇƏKMİŞLƏRİN ONDAN ŞİKAYƏTİ YOXDUR”

Təqsirləndirilən şəxslərdən Fərid Sadıqovun vəkili Rəsmiyyə Qəhrəmanova onun səhhətində ciddi problemlərinin olduğunu əsas gətirərək, ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb: "Onun səhhəti imkan vermir ki, o həbsxanada saxlanılsın. Ailəlidir, daimi yaşayış yeri var. Zərərçəkmişlərdən heç birinin də ondan şikayəti yoxdur".

Vəkil tibb müəssisəsinin Fərid Sadıqovla bağlı rəyini də məhkəməyə təqdim edib.

Lakin hakimlər kollegiyası vəkilin vəsatətini əsassız sayraq, təmin etməyib.

Məhkəmə prosesi avqustun 2-də davam edəcək.

Xatırladaq ki, bu iş üzrə üç nəfər təqsirləndirilən şəxs qismində tanınıb - binanı poliuretan materialla üzləyən "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara qarşı CM-nin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb.

Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, "Astoriya" MMC adlı tikinti şirkətinə rəhbərlik etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, "TNH" şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanı tərk edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG