Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:05

Gülen 'New York Times' qəzetinə yazdı


Fethullah Gülen
Fethullah Gülen

Türkiyədə durum o dərəcədə qeyri-sabitdir ki, Egey dənizindən miqrantlarla yanaşı, türkiyəli jurnalistlər və akademiklər də keçir – 26 iyul Qərb mediasının icmalı.

ABŞ-ın «The New York Times» qəzeti Pensilvaniya ştatında yaşayan ilahiyyatçı Fethullah Gülen-in məqaləsini dərc edib. Qeyd edək ki, Ankara Gülen-i 15 iyul çevriliş cəhdinin təşkilatçılığında ittiham edir və ABŞ-dan onun ekstradisiyasını istəyir.

«Türkiyədə hərbi çevriliş cəhdi vaxtı bunu qətiyyətlə pislədim. Dedim ki, hökumət azad və ədalətli seçkiylə qazanılmalıdır, güclə deyil. Türkiyə, bu ölkənin vətəndaşları, Türkiyədə yaşayan bütün insanlardan ötrü dua edirəm ki, bu durum tezliklə sülhlə həll olunsun».

«Amma Türkiyənin üç əsas müxalifət partiyasının bəyanatlarına oxşar, birmənalı etirazıma baxmayaraq, getdikcə avtoritarlaşan prezident Recep Tayyip Erdoğan məni dərhal qiyamın idarə olunmasında suçladı. 1999-cu ildən bəri könüllü mühacirətdə yaşadığım Pensilvaniyadan ekstradisiyamı tələb edir», - yazan Gülen vurğulayır ki, bu fərziyyə onun inandığı hər şeyə zidd olmaqla yanaşı, həm də yanlış və məsuliyyətsizdir.

Fethullah Gülen yazır ki, bağlı olduğu «Hizmet» hərəkatı qanuniliyini xalqın iradəsindən alan, bütün vətəndaşlarının hüquqlarına sayqı göstərən hökuməti təbliğ edir. Bu hərəkatın dəyərlərindən ilhamlanan sahibkarlar və könüllülər 150-dən artıq ölkədə müasir təhsilə və icma xidmətinə yatırım ediblər.

«Qərb demokratiyalarının mötədil müsəlman səsləri axtardığı bir dönəmdə mən və «Hizmet» hərəkatındakı dostlarım ekstremist zorakılığa qarşı aydın mövqe tutublar. 11 sentyabr hücumlardan tutmuş, «İslam Dövləti» qruplaşmasının törətdiyi qəddar edamlara, «Boko Haram» qruplaşmasının adam oğurluğu hallarına qədər».

Buna da bax - Fethullah Gulen kimdir?

«Həyatım boyunca ölkə siyasətinə hərbi müdaxilələri açıq və qapalı görüşlərdə pisləmişəm. Faktiki olaraq, on illər boyu demokratiyanı təbliğ etmişəm… Çevriliş cəhdində «Hizmet» rəğbətlisi iştirak edibsə, mənim ideallarıma xəyanət edib. Erdoğan-ın ittihamı isə sürpriz sayıla bilməz, bu onun təkadamlıq idarəçiliyinə doğru sistemini və təhlükəli yürüşünü ortaya qoyur».

Gülen yazır ki, «Hizmet» hərəkatçıları Erdoğan hakimiyyətinin ilkin illərində Türkiyəni demokratikləşdirmə, Avropa Birliyinə üzvlük tələblərini yerinə yetirmək yolunda səylərini dəstəkləyiblər. Amma o, demokratiyadan despotizmə yönələndə susmayıblar. «Hətta bu qiyam cəhdindən öncə, son illər Erdoğan qəzetləri bağlayıb, hakimləri, prokurorları, polis zabitlərini, dövlət qulluqçularını işdən çıxarıb, kürd icmasına qarşı sərt addımlar atıb. Özünə qarşı çıxanları isə dövlətin düşməni adlandırıb. «Hizmet» isə, özəlliklə, hədəfə alınıb. 2013-cü ildə Erdoğan Türkiyə hökuməti daxilində «Hizmet»ə rəğbət bəsləyənləri öz kabinetinə və yaxınlarına qarşı korrupsiya araşdırması başlamaqda suçladı. Onlarla ədliyyə və polis əməkdaşı sadəcə işlərini gördüklərinə görə həbsə atıldılar. 2014-cü ildə prezident seçiləndən bəri Erdoğan Türkiyəni parlament demokratiyasından prezidentliyə çevirməyə çalışır…».

«Türkiyə prezidenti Birləşmiş Ştatları ölkəsinin İŞİD-ə qarşı beynəlxalq koalisiyaya dəstəyini məhdudlaşdırmaqla hədələyir. Məqsədi etibarlı sübut-dəlil, ədalətli məhkəmə prosesi olmadan ekstradisiyama nail olmaqdır. Erdoğan-a istədiyini vermək meyli də anlaşılandır. Amma Birləşmiş Ştatlar buna dirəniş göstərməlidir», - Gülen vurğulayır.

Miqrantlar Yunanıstanda
Miqrantlar Yunanıstanda

MİQRANT SAZİŞİ TƏHLÜKƏDƏ

«Hələ Türkiyədə çevriliş cəhdinə görə böhran yaranmamışdan Avropa Birliyi ilə miqrasiya sazişi ətrafında gərgin durum vardı: türklər onlara vəd olunan vizasız səyahəti ala bilmədilər, Yunanıstan isə sığınacaq müraciətləri içində çabalayır, həftələr boyunca miqrantları da deportasiya edə bilmirdi. İndi isə razılaşmanın tənqidçiləri xəbərdarlıq edirlər ki, Türkiyə daha təhlükəlidir və sazişin tamamilə iflası qaçılmazdır. Bu da miqrantların AB-yə əsas giriş qapısı sayılan Yunanıstanda narahatlığı artırır». Bunu «The Associated Press» agentliyi yazır.

Məsələ ondadır ki, «Amnesty International» insan haqları qrupu çevriliş cəhdinə görə saxlananların döyülməsi, işgəncəyə məruz qalması barədə dəlillər topladığını bildirir.

Ankara AB ilə saziş imzalayandan Türkiyədən yunan adalarına keçən miqrantların sayı kəskin azalıb. Miqrasiya məsələləri üzrə ekspert Brd Blitz hesab edir ki, qaçqınların yenidən Türkiyəyə qaytarılması üzrə razılaşma iflasa məhkumdur. «Türkiyənin təhlükəsiz olduğunu heç kəs iddia edə bilməz. Durum o qədər qeyri-sabitdir ki, Egey dənizindən miqrantlarla yanaşı, türkiyəli jurnalistlər və akademiklər də gəlir. Yunanıstana təzyiq güclənəcək».

Agentlik yazır ki, hazırda Yunanıstanda 57 mindən çox miqrant qalıb. Onlardan 8 min 500 nəfəri Türkiyə yaxınlığındakı yunan adalarına mümkün deportasiyalarını gözləyir. İndiyədək 400-dən də az miqrant geri qaytarılıb.

Türkiyədə etirazçılar orduya qarşı.
Türkiyədə etirazçılar orduya qarşı.

ÇEVRİLİŞDƏ CİNLƏRİN «ROLU»

Türkiyə Avropa Birliyi və Birləşmiş Ştatları uğursuz çevriliş cəhdindən sonra soyuq dəstəkdə ittiham edir. Bunu «The Independent» qəzetində Patrick Cockburn yazır.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu bazar ertəsi bildirib ki, AB Türkiyənin quruma üzvlüyünün əngəllənəcəyi barədə «təhdidedici bəyanatları» dayandırmalıdır. Daha öncə Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker xəbərdarlıq edib ki, Ankara ölüm cəzasını bərpa etsə, AB üzvlük prosesini dərhal dayandıracaq.

Türklər hesab edirlər ki, AB və ABŞ çevriliş cəhdini qətiyyətlə pisləməlidir. Ölkədə böyük təmizləmə əməliyyatı aparılır, bazar ertəsi 42 jurnalistin həbsi barədə qərar çıxarılıb.

«Hürriyet Daily News» qəzetinin yazdığına görə, Çavuşoğlu gülençilərin onun rəhbərlik etdiyi nazirliyə işə qəbul prosesinə də nüfuz etdiyini bildirib: «Nazirliyin tarixində ən çətin suallar qoyublar və cavabları öz tərəfdarlarına veriblər… Nazirliyimi bu satqınlardan təmizləməmiş burada necə rahat işləyə bilərəm?».

Müəllif çevrilişlə bağlı müxtəlif versiyaların dolaşdığını yazır. Bir qəzet cəhdin arxasında amerikalı generalın durduğunu iddia edir. Bir köşə yazarı ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, hətta Vatikanı ittiham edib. Ən qeyri-adı nəzəriyyəni isə Ankaranın meri Melih Gökçek ortaya atıb, deyib ki, Fethullah Gülen insanları köləyə çevirib nəzarətinə almaqdan ötrü cinlərdən istifadə edib.

XS
SM
MD
LG