Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:03

Dövlətdən qəzetlərə fərqli 'baba'lıq


İlham Əliyev güləşçi Rövşən Bayramovla birlikdə

İlham Əliyev güləşçi Rövşən Bayramovla birlikdə

Ölkədə iqtisadi vəziyyət, dolların bahalaşması, mətbuata dövlətin maliyyə yardımı və Braziliyada keçiriləcək XXXI Yay Olimpiada oyunları bu gün medianın aparıcı mövzusudur.

QƏLƏBƏ GÖZLƏNTİSİ

«Azərbaycan» qəzetində dərc edilən «Rio-2016 Azərbaycan idmanının uğur ili olacaq» sərlövhəli yazıda gələn ay Braziliyada keçiriləcək XXXI Yay Olimpiada oyunları ilə bağlı gözləntilərə yer verilib.

Məqalədə qeyd edilir ki, Azərbaycan son vaxtlar bütün sahələrdə uğurlar əldə edir. İdmanın da burada özünəməxsus yeri var. Müəllifin fikrincə, bu uğurlarda dövlət başçısı İlham Əliyevin rolu böyükdür: «Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti müstəqil Azərbaycanda güclü idman potensialının formalaşması ilə nəticələnib. Düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət müsbət nəticələrini verməkdə davam edir».

Məqalədə qeyd edilir ki, təkcə keçən il yarışlarda ölkə idmançıları 823 medal qazanıblar. Bunun 321-i qızıl medaldır.

İlham Əliyev nəşriyyat evində

İlham Əliyev nəşriyyat evində

«MƏTBUATA QAYĞI» ŞOUSU

«Azadlıq» qəzetində isə «İlham Əliyevin «mətbuata qağı» şousu ifşa olundu» sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edilir ki, dövlət başçısının sərəncamı ilə mətbuata 1 milyon manatlıq birdəfəlik yardım ayrılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu vəsaiti 27 qəzetə verib. Yazıda bu vəsaitin cəmi 27 qəzetə paylanması belə dəyərləndirilir: «Görünür, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası ayrılan vəsaiti yenə də «nə qədər az qəzet olsa, bizə çox qalar» prinsipi ilə bölüşdürməyi düşünüb».

Müəllifin fikrincə, elə yardım alan çap mediası var ki, jurnalistikada uzun müddət külüng çalmış qələm sahiblərinin belə, onların mövcudluğundan xəbəri yoxdur. Eyni zamanda yazıda bu siyahıda «Azadlıq» qəzetinin adının olmamasına da toxunulur: «Doğrudur, «Azadlıq»ın İlham Əliyevdən yardım gözləntisi olmayıb. Bu mövzuya toxunmağımız sadəcə hakimiyyətin «mətbuata qayğı» barədə iddialarının tamamilə əsassız olduğunu, yerli və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıdığını ortaya qoymaqdır».

Müəllif yazır ki, qəzetin bu yardımdan kənar saxlanması ilə bağlı Mətbuat Şurası ilə əlaqə saxlanılıb. Şuradan öncə bunu qəzetdən olan şikayətlərlə izah ediblər. Müəllifin qeyd etməsinə görə, sonradan başqa cavab alıblar: «Dedilər ki, «yardım etdiyimiz qəzetlərdən gözləntilərimiz var». Bunu deməklə «Azadlıq»ın müxalifyönlü olduğuna görə siyahıdan kənarda saxlanıldığını etiraf etmək məcburiyyətində qaldılar».

Müəllif ehtimal edir ki, «Azadlıq»la bağlı qərar elə Prezident Administrasiyasından verilib.

Dollar/Avro

Dollar/Avro

BAHALAŞAN DOLLAR, LAQEYD HÖKUMƏT

«Novoye Vremya» qəzetində isə «Dollar bahalaşır, hökumət, hələ də, möcüzəyə ümid edir» başlıqlı yazı ilə tanış olmaq olar.

Müəllif hər gün manatın dollar qarşısında, az da olsa, dəyər itirməsini belə dəyərləndirir: «Göründüyü kimi biz yumşaq da olsa, yenə də devalvasiya ilə üz-üzə qalmışıq. Son vaxtlar dolların məzənnəsindəki dəyişiklikləri daxili və xarici amillərlə izah etmək olar».

Məqalədə xarici amil kimi bütün dünyada dolların bahalaşması, Avropada ticarət üzrə tərəfdaş ölkələrin iqtisadi baxımdan vəziyyətlərinin pisləşməsi, Rusiyaya tətbiq edilən sanksiyalar, Türkiyədəki siyasi durum və neftin qiyməti göstərilir: «Korrupsiya, inhisar, bütün iqtisadiyyatın dollarlaşması daxili amillərə aiddir. Qısaca desək, bu, iqtisadi investisiyaların azalmasında, əmtəə dövriyyəsinin və maliyyə axının pisləşməsində özünü göstərəcək».

Müəllifin düşüncəsinə görə, yürüdülən siyasət fonunda ölkə iqtisadiyyatının gələcəyinə nikbin baxmaq mümkün deyil: «Biz iqtisadi böhrana tərəf hərəkət edirik. Hökumət isə dolların kursunun bahalaşmasına və qiymətlərin artmasına laqeyddir, o, situasiyanı tənzimləmək istəyir. Müstəqil iqtisadi siyasət dövrü keçib. Bu gün qloballaşan dünyada ancaq o ölkələr inkişaf edir ki, onlar öz milli maraqları naminə beynəlxalq iqtisadi şəraitin meyl və trendlərini nəzərə alaraq çevik siyasət yürüdürlər».

Sinqapur

Sinqapur

«SİNQAPUR MODELİ» VƏ AZƏRBAYCAN İQTİSADİYYATI

«Exo» qəzetində «İnkişafın «Sinqapur modeli»Azərbaycan üçün məqbuldurmu?» sualına ekspertlərin cavabları təqdim edilir.

Məqalədə son 50 ildə Sinqapurun əldə etdiyi başgicəlləndirici inkişafdan danışılır. Bunun Azərbaycana tətbiqinin mümkünlüyü barədə mülahizələr söylənilir. Ekspert Nəriman Ağayev deyir ki, Azərbaycanda bu modelin tətbiqindən ötrü şərait yoxdur. Onun fikrincə, həmin modelin tətbiqinin öz şərtləri var: «Ölkədə korrupsiya olmamalıdır. İş adamlarının öz bizneslərinə görə sosial məsuliyyəti, bütünlükdə dövlət intizamı və sabitlik olmalıdır».
Ekspert deyir ki, dövlət şəffaf biznesə şərait yaratdıqda çox şeyə nail olmaq olar.

Digər ekspert Seyfəl Əliyev de deyir ki, sosial təminat olmadan bu modeli tətbiq etmək mümkün deyil. S.Əliyevin fikrincə, həmin modelin inkişafında iki xüsusiyyət var: «Əlbəttə, korrupsiyaya və cinayətkarlığa qarşı amansız mübarizə olmasa idi, orada heç bir iqtisadi artım ola bilməzdi».

Başqa bir ekspert Oqtay Haqverdiyev isə deyir ki, indi Azərbaycan iqtisadiyyatının ən başlıca problemi onun neftdən asılılığıdır. Onun fikrincə, indi qarşıda duran ən birinci məsələ iqtisadiyyatın neftdən asılılığına son qoymaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG