Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:36

-

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu tamam aşağı salıb.

Agentlik iyunda verdiyi proqnoza yenidən baxaraq, real Ümumi Daxili Məhsulun ( ÜDM) artımını 1 faizdən 2017-ci ilə 0 faizə qədər endirib.

Turan-ın məlumatına görə, 2016-cı ildə agentlik ÜDM-in 0,7 faizə qədər azalacağını proqnozlaşdırır.

“Moody`s” maliyyə sektorunda vəziyyətin pisləşməsini, devalvasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsirini və ikirəqəmli inflyasiyanın artmasını nəzərə alır. Ölkə iqtisadiyyatının inkişaf sürətinin azalmasına gətirib çıxara biləcək risklərin olduğunu qeyd edir.

Azərbaycanın makroiqtisadi proqnozlarının pisləşməsi energetika bazarlarının dəyərləndirilməsi və neft qiymətləri ilə bağlı ümidlərin azalması ilə əlaqədardır.

Bundan başqa, “Moody`s” Azərbaycanın maliyyə sisteminə təzyiqin artmasını, ödəmə balansının vəziyyətini, milli valyutaya etibarın azalmasını və bank sisteminin dollarlaşmasını qeyd edib.

“Hökumət xaricdən kredit ala bilməyəcək”

“Beynəlxalq maliyyə qurumlarından kredit axtaran Azərbaycan hakimiyyətinin imkanları daralır, ya ona pul verən olmayacaq, ya da çox yüksək faizlə borc alacaq”.

İqtisadçı Natiq Cəfərli “Moody`s” beynəlxalq reytinq agentliyinin Azərbaycan iqtisadiyyatı üzrə verdiyi “0” proqnozunu şərh edərkən deyir.

Natiq Cəfərli

Natiq Cəfərli

Onun sözlərinə görə, belə bir proqnoz gözlənən idi, çünki çevik iqtisadi islahatlar aparılmırdı, manat təzyiq altındadır və nəticələri ölkə üçün ağır olacaq: ““Moody`s” kimi bir beynəlxalq reytinq agentliyinin belə bir qiymətləndirməsi Azərbaycanın borc almasını çətinləşdirir, bəlkə də mümkünsüz edir. Hətta Azərbaycan hökuməti xaricdən ona borc pul verən mənbə tapsa belə, bunu çox böyük faizə alacaq. Reytinq yüksək olanda az faizlə borc almaq mümkündür”.

“İnvestorlar gəlməyəcək”

İqtisadçı əlavə edir ki, bu proqnoz ölkəyə investisiya qoymaq istəyən xarici iş adamlarını ölkədən qaçıracaq:

“Ölkəyə kapital qoyuluşu zəifləyəcək və gələcəkdə bunun ciddi fəsadları olacaq”.

Belə bir proqnozun ölkə əhalisinə də birbaşa və dolayısı ilə təsirləri var, Natiq Cəfərli deyir. Onun sözlərinə görə, getdikcə Azərbaycanın valyuta tələbatını ödəyə bilmək qabiliyyəti tükənəcəyindən manata təzyiqlər davam edəcək, yəni manat dollara nisbətdə daha da ucuzlaşacaq:

“Düzdür, hələ ki, hökumətin dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşları ödəməyi ilə bağlı problemi yoxdur, ancaq vəziyyət belə davam etdikcə, maaş məsələsi də ciddiləşəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG