Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:20

Pokemon-lu suriyalı uşaqlar: «Məni xilas et» – 22 iyul Qərb mediasının icmalı.

«Türkiyədə hərbi çevrilişə cəhddən sonra bəzi ölkələrin liderləri hakimiyyətlərini möhkəmləndirməkdən ötrü hərəkətə keçiblər. Bunun üçün çox uzağa deyil, Türkiyənin periferiyasındakı Qafqaza və Orta Asiyaya baxmaq yetər. Bu həftə Azərbaycan prezidenti İlham Əliyev konstitusiyaya dəyişikliklər təklif edib, prezidentliyini 5 ildən 7 ilə uzadır. Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov da eyni addımı atır, konkret tarix də qoyub». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Təhlildə qeyd olunur ki, xarici təhlükəsizlik hədəsi bu ölkələrdə mərkəzləşdirmə səylərini gücləndirir. «İslam Dövləti» (İŞİD) qruplaşmasının yüksəlişi də Qafqazı və Orta Asiyanı silkələyib. Azərbaycan və Orta Asiya üzərindən bu qruplaşmaya üzvlər cəlb olunur, bu ölkələrdə yüzlərlə vətəndaş Suriya və İraqda yaraqlılara qoşulub.

«Amma Türkiyədə olduğu kimi, həmin ölkələrdə də xarici təhlükə məsələnin bir hissəsidir. Həmin hökumətlər adətən siyasi opponentlərinə təzyiqi əsaslandırmaqdan ötrü yaraqlıların təhlükəsini şişirdirlər. İŞİD və digər islamçı yaraqlıların regiona yaratdığı təhlükənin miqyası elə də aydın deyil. Əslində, bu ölkələrdə rejim daha çox öz hakimiyyətinə görə narahatdır, xaricdən ilhamlanan cihadçılıqdan çox daxili müxalif elementləri əzməyə çalışır».

«Stratfor» yada salır ki, bu ölkələrdə sosial-iqtisadi şəraitin pisləşməsinə etirazlar da yüksəlir. Neftin ucuzlaşması, Rusiyadan miqrantların qayıtması ilə bir arada maaşlar kəsilir, işsizlik artır. Hökumətlər itaətsizliyə sinə gərmək məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirirlər. Hələ Azərbaycan və Türkmənistandan öncə Tacikistan konstitusiyanı dəyişib, müddət məsələsini ləğv edib. Ermənistan parlament sisteminə keçir, məqsəd prezident Serzh Sarkisian-ın hökumət üzərində təsirini təmin etməkdir. Qazaxıstan və Özbəkistanda da sovetlərin çöküşündən sonra hakimiyyət əl dəyişməyib, yaşlı prezidentlər varis planları hazırlayırlar.

«Qafqazda və Orta Asiyada təhlükəsizlik tədbirləri gücləndikcə, daha artıq təlatüm yaradır. Qazaxıstanda hakimiyyət iyunda planlaşdırılan etirazlardan öncə mindən artıq insanı saxladı, amma bundan sonra təhlükəsizlik qüvvələrinə iki dəfə hücum olundu. Ermənistanda hələ də polis idarəsi mühasirədədir, müxalifət qrupu girovlar götürüb. Bu qrup hərəkətlərinin bir səbəbini də aprel toqquşmalarında Dağlıq Qarabağda Ermənistanın ərazi itirməsinə bağlayır. Münaqişədə qarşı tərəfdə duran Azərbaycan isə cəbhədə hərbi uğur qazanmaqla daxili siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışdı».

«Türkiyə kimi, Qafqaz və Orta Asiya da artan təhlükəsizlik riskiylə mübarizə aparırlar. Bu riskin arxasında islamçı yaraqlıların, yaxud siyasi narazılığın durmasından asılı olmayaraq, region ölkələri onu yatızdırmaqdan ötrü siyasi mərkəzləşdirməyə və təhlükəsizlik əməliyyatlarına əl atırlar. Türkiyədə çevriliş cəhdi, Ermənistan və Qazaxıstanda son zorakılıqlar göstərdi ki, bu səylər işləri daha da pisləşdirə bilər», - «Stratfor» yazır.

Pokemon-ların fotolarını tutan suriyalı uşaqlar dünyadan kömək istəyir.

Pokemon-ların fotolarını tutan suriyalı uşaqlar dünyadan kömək istəyir.

POKEMON-LU SURİYALI UŞAQLAR: «MƏNİ XİLAS ET»

Dünyada xeyli məşhurlaşmış «Pokemon» oyunundakı qəhrəmanların fotolarını tutan suriyalı uşaqlar dünyadan kömək istəyir. Bu fotolar internetdə yayılıb. Məlumatı «The Independent» qəzeti yayıb.

Facebook-da yayılmış fotolarda suriyalı uşaqlar kədərlə kameralara baxır, əllərində də Pokemon qəhrəmanlarının fotolarını tutub: «Burdayam, gəl, məni xilas elə» deyirlər.

Fotolarda uşaqların olduğu yer də göstərilir. Onlar Suriyanın müxtəlif şəhərlərində yaşayırlar. Fotonun birində oxuyuruq: «İdlibin kənarındakı Kafr-Nabl şəhərindəyəm, gəl, məni xilas elə». Digərində isə «Kafr-Zetadayam, məni xilas elə» yazılıb.

Bu fotoları Suriya İnqilab Qüvvələrinin (RFS) media ofisi yayıb. Bu media qurumu suriyalıların prezident Bashar al-Assad rejiminə qarşı mesajlarını çatdırır.

Qurumun sözçüsü qəzetə deyib ki, məqsəd mühasirədə qalan uşaqlara, Suriya xalqının əzablarına diqqət yönəltməkdir.

Bu fotolar 21 min 500 dəfə yayılıb. Facebook izləyiciləri uşaqlara rəğbət göstərib, onlardan ötrü dua etdiklərini bildiriblər. Fotolar Twitter şəbəkəsində də paylaşılıb, bir izləyici yazıb ki, bu «Pokemon oyununu heç vaxt görməmisiniz».

Böyük Britaniyada mənzillənən Suriya Həmrəylik Kampaniyası (SSC) yazıb ki, «suriyalıların Pokemon tutmaqdan daha vacib problemləri var».

RFS sözçüsü bildirir ki, «suriyalı uşaqlar Assad-ın qatil maşınını dayandıracaq beynəlxalq hərəkətsizliyin bədəlini ödəyirlər».

UNICEF-in hesablamalarına görə, təkcə Mənbic şəhərində 35 min uşaq mühasirədədir.

Praqada Klementinum kitabxanası

Praqada Klementinum kitabxanası

ÇEXİYADA ADDIMBAŞI KİTABXANA VAR

«The New York Times» qəzetində Hana de Goeij Çexiyadakı kitabxanalardan yazır. Müəllif vurğulayır ki, «Amazon» (onlayn satış saytı) və internet erasında dövlət kitabxanasına gedib kitab götürmək köhnə dəbli sayıla bilər, amma Çexiya Respublikasında bu ənənə qorunur.

Bu ölkədə hər yerdə kitabxana var. Dünyada ən sıx kitabxana şəbəkəsi Çexiyadadır. Bunu Bill və Melinda Geyts Fondunun son araşdırması ortaya qoyub. Çexiyada qrammatika məktəblərindən çox kitabxana mövcuddur. Hər 1971 çexiyalıya bir kitabxana düşür. Bu, əhalisinin sayına görə orta Avropa ölkəsindən 4, ABŞ-dakından 10 dəfə çoxdur. ABŞ-da hər 19 min 583 nəfərə bir kitabxana düşür.

Müəllif bunun səbəbini araşdırmağa çalışır. Yada salır ki, on illər boyu bu, məcburi olub, qanunla böyük şəhərlərdən tutmuş, kiçik kəndlərədək hər bir icmanın bir kitabxanası olmalıydı. Bu qanun 1919-cu ildə Çexoslovakiya müstəqil ölkə kimi yarananda qüvvəyə minib. Məqsəd almandilli Avstriya-Macarıstan İmperiyasından ayrılandan sonra ölkədə savadlılığı, təhsilin səviyyəsini yüksəltmək idi. Və bu, nəticə də verib.

«Çexlərdə güclü oxu vərdişi yarandı. Bu gün onlar kitabxanalardan ildə ortalama 11 kitab götürürlər ki, bu da digərlərindən çoxdur», - Çexiya Milli Kitabxanasının Kitabxanaçılıq İnstitutunun direktoru Vit Richter deyir.

Ölkədə kitabxanaçılıq qanunu alman işğalından, kommunist erasından salamat çıxıb. Amma maliyyə təzyiqindən yayına bilməyib. 2001-ci ildə Çexiyada 6 min 19 kitabxana vardı. Onların 11 faizi ya birləşib, ya da bağlanıb.

Bəzi kitabxanalar müasirliklə ayaqlaşmaqdan ötrü görüşlər, oxu klubları, sərgilər təşkil edir, seçki məntəqələri kimi işləyir, kompüter kursları keçirir. Amma çoxu elə çexlərin 92 faizinin onlardan gözlədiyi işi görür, oxucunun əlinə kitab verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG