Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 08:56

Milli Mətbuat Günü, gələcək nəsillərə saxlanan borc mirası, «sürünən devalvasiya» və dövlət qurumlarında «ölü canlar» bu gün medianın aparıcı mövzusudur.

ƏLİYEV VƏ MİLLİ MƏTBUAT

«Azərbaycan» qəzetində 22 iyul Milli Mətbuat Günü ilə bağlı «Güclü media jurnalist məsuliyyətinə söykənməlidir» sərlövhəli məqalə oxumaq olar.

Yazıda müəllif əvvəlcə ölkə mətbuatının müstəqillik tarixinə nəzər salır. Ancaq Azərbaycanda ilk milli qəzeti nəşr edən Həsən bəy Zərdabinin yox, keçmiş prezident Heydər Əliyevin xidmətlərinə geniş yer verilir: «Hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi dövründə mətbuata ideoloji basqıların qarşısı alınmış, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olunmuşdu».

Müəllifin XX əsrin 90-cı illərində baş verən hadisələrə də öz baxış bucağı var. Yazıda milli azadlıq mübarizəsi və bu mübarizə fonunda yaranan qəzetlər haqqında heç nə deyilmir: «Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı».

Məqalədə 1998-ci ildə mətbuat üzərində senzuranın ləğvi də Heydər Əliyevin iradəsi kimi dəyərləndirilir.

Müəllif yazır ki, güclü media jurnalist məsuliyyətinə söykənməlidir.

Pul

Pul

GƏLƏCƏK NƏSİLLƏRİN YEYİLƏN HAQQI

«Azadlıq» qəzetində isə «Hökumət 66 milyardı necə talan edib?» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycanın bütün parametrlər üzrə dünyada ön sıralarda yer tutmaq potensialı var. Ancaq hakimiyyət ölkəni böhran və tənəzzülə sürükləyib: «Ən böyük imkanlar da səriştəsiz, acgöz, ədalətsiz adamların əlində lazımsız vasitəyə çevrilir. Azərbaycan hakimiyyəti uzun illər ərzində Allahın bəxş etdiyi yeraltı və yerüstü sərvətləri şəxsi maraqlar naminə istifadə etdi. Dövlət və xalq üçün isə bu sərvətlər heç bir əhəmiyyət kəsb etmədi».

Müəllifin fikrincə, indi Azərbaycan vətəndaşları dünyanın ən zəngin ölkəsinin ən kasıb sakinlərinə çevriliblər. Yazıda iddia olunur ki, bu illər ərzində təkcə neftin satışından gələn vəsait ilə ölkəni bütövlükdə ağ günə çıxartmaq olardı. Hökumətdən isə yalnız dövlət və xalq sevgisi tələb olunurdu. Yazıda daha sonra da yada salınır ki, 2003-cü ildən indiyə kimi Dövlət Neft Fondundan büdcəyə 66 milyard dollar köçürülüb.

Müəllifin gəldiyi nəticəyə görə, bu illər ərzində ölkəyə gələn böyük neft pulları ya səmərəsiz istifadə edilib, ya da talanıb: «Bəli, korrupsiya, inhisarçılıq, hesabatsızlıq təkcə bu günün deyil, gələcək nəsillərin də taleyini qaraldır. Gələcək nəsillərin sığortasına çevrilməli olan neft pulları bu gün hökumətin gələcəyinin sığortası üçün mənimsənilir».

Müəllif yazır ki, əgər ölkədə korrupsiya olmasaydı, dövlət büdcəsi indikindən qat-qat böyük olardı: «Məsələ gələcək nəslin pulunu mənimsəməklə də bitmir. Hökumət xarici borcun miqdarını artırmaqla, gələcək nəsilləri də borclu duruma salır. Neft pulları nəinki gələcək nəsillərə saxlanmayıb, əksinə gələcək nəsilləri girova çevirib».

Valyuta mübadiləsi. Foto arxiv

Valyuta mübadiləsi. Foto arxiv

UCUZLAŞAN MANAT: SÜRÜNƏN DEVALVASİYA...

«Novoye Vremya» qəzetində isə ölkə iqtisadiyyatındakı durumun dəyərləndirildiyi «İnflyasiya və «sürünən devalvasiya» iqtisadiyyatı laxladır» başlıqlı məqalə ilə tanış olmaq olar.

Müəllif yada salır ki, 2015-ci ildə manatın iki dəfə sürətli devalvasiyası baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib: «Bu gün Azərbaycan «sürünən devalvasiya» ilə üz-üzədir. Məsələn, yanvarın əvvəlində dollar 1.51 manat dəyərində idisə, bu gün bu, 1.57 manata yüksəlib. Dollara və avroya münasibətdə manatın bundan sonra da zəifləyəcəyi şübhəsizdir. Bu meyl isə öz növbəsində inflyasiyaya aparır».

Müəllifin fikrincə, bu proses ilin əvvəlindən qiymətlərin təqribən 4-15 faiz yüksəlməsinə səbəb olub: «Göründüyü kimi, iqtisadi böhran Azərbaycan iqtisadiyyatının bütün sahələrinə mənfi təsir göstərib, O təkcə iş adamlarının yox, sadə vətəndaşların da cibinə ziyan vurub».

Müəllif yazır ki, bunun başlıca səbəbi ölkəyə böyük neft pulları gələn zaman xalqın mənafeyi baxımından düşünülmüş siyasətin aparılmamasıdır. Yazıda qeyd edilir ki, Azərbaycan məmurları ölkədə baş verən iqtisadi böhranı anlamırlar, inhisarçılığı saxlamaqla qiymətləri daha da bahalaşdırırlar.

Müəllifin fikrincə, ölkəni böhrandan xilas etməkdən ötrü bəzi şərtlər yerinə yetirilməlidir. Bunlardan ən başlıcası korrupsiyanı ləğv etmək, məhkəmə sisteminin keyfiyyətini yüksəltməkdir.

Fəhlələr

Fəhlələr

«ÖLÜ CANLAR»

«Exo» qəzetində isə «Büdcə təşkilatlarında «ölü canlar»» sərlövhəli yazı dərc edilib.

Müəllif «ölü canlar» deyəndə, ştat cədvəllərində saxta iş yerlərini nəzərdə tutur. O qeyd edir ki, bu hal Azərbaycanda sovet dönəmində daha geniş yayılmışdı. Şəxsin adı işdə təşkilatın əməkdaşı kimi qeyd edilirdi, amma özü orada çalışmırdı, maaş cədvəlinə imza atır, amma maaş almırdı: «Azərbaycanda «ölü canlar» bu gün də var. Amma ölkədə qeyri-formal bazarın səviyyəsi o qədər yüksəkdir ki, bunu müəyyən etmək mümkün olmur».

Mövzu ilə bağlı fikirləri öyrənilən ekspertlər deyir ki, belə hallara daha çox rəqabətsiz tenderlərdə qalib gələn təşkilatlarda rast gəlmək olur. Onların fikrincə, müəyyən layihəni yerinə yetirməkdən ötrü işçi sayı çox göstərilir, əslində isə göstərilən rəqəmin yarısı qədər həmin qurumda işçi olur. Ekspertlər deyirlər ki, bu hal dövlət qurumlarında da geniş yayılıb. Onların demələrinə görə, dövlət pullarının cəmləşdiyi yerdə «ölü canlar» avtomatik olaraq ortaya çıxırlar. Ekspertlərin gəldiyi nəticəyə görə, bu halların arxasında həm də əmək müqavilələrinin bağlanmaması durur.

XS
SM
MD
LG