Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

'Üstündən xətt çəkilən' Çəmənli camaatı


►“Apreldə üç mərmi düz yaxınlığımıza düşdü”

“1993-cü ildə atılan mərmilər onsuz da evi qəzalı vəziyyətə salmışdı. O vaxtdan icra hakimiyyətinə gedib gəlirdim ki, evimi təmir-bərpa etsinlər. 23 ildir evimin düzəldilməsinə nail ola bilmirdim. Bu ilin aprelində üç mərmi düz yaxınlığımıza düşdü, havasından evin dam örtüyü, divarları daha da yarıq-yarıq oldu”.

“SANKİ ÜSTÜMÜZDƏN XƏTT ÇƏKİBLƏR”

Ağdamın Çəmənli kəndində yaşayan Xəzangül Əsədova AzadlıqRadiosuna danışır ki, cəbhə xəttindəki başqa evlər kimi, onun da evi atılan mərmilərdən, az qala, dağılmaq təhlükəsi ilə üzləşib. Deməsinə görə, hadisələrin üzü yaya düşməsi ailəni xilas edib. Çünki azından, ailə dağılmaq təhlükəsi olan evin içərisində qalmır:

“Yaydır deyə, yerimizi çöldə salırıq. Ancaq çöldə yatmağın da başqa qorxusu var. Buralar kərtənkələ-ilanla doludur. Kəlmeyi-şəhadətimizi deyib yatırıq ki, birdən gecə qurd-quşa yem olarıq, səhərə salamat qalmarıq. Biz cəbhə xəttində yaşadığımızdan üzərimizdə daha çox diqqət olmalıdır. Ancaq əksinə, sanki üstümüzdən xətt çəkiblər. Məmurlara çatdırmaq lazımdır ki, dövlətin ayırdığı pulların yarısını ciblərinə qatlayanda, yarısını ev-eşiyi mərmidən dağılana xərcləsinlər”.

Buna da bax: Ermənistan mövqeləri möhkəmləndirməyə milyonlar xərcləyir

“HƏR GƏLƏN EVİN ŞƏKLİNİ ÇƏKİR”

Xəzangül xanımın sözlərinə görə, atılan mərmilərin 100 metrliyində yaşamağa məcburdurlar. Bu səbəbdən də, ərazidəki evlərin çoxu eyni taleni yaşayır. İnsafən, buralara aradabir yerli icra hakimiyyətinin və başqa qurumlarının qədəmləri də dəyir. Deyir, ancaq gəlməklərindən nə fayda:

“Hər gələn evin şəklini çəkir, bizə bir-iki kağıza qol çəkdirir, şəxsiyyət vəsiqəmizin seriyasını götürüb gedir. O adamı ikinci dəfə görmürük. Dörd övladım var, ikisi oğlandır. Hərbi xidmətlərini başa vurmaqlarına baxmayaraq, aprel döyüşlərindən sonra gedib könüllü orduya yazıldılar. İndi də orduda xidmət edirlər. Sabah olmadı elə, oldu belə, bu uşaqlar şəhid olub üstümə qayıdanda cənazəsi bu xarabalıqdanmı çıxacaq? Bizi bu şəraitdə yaşamağa məhkum edən məmurlar utanmayacaqlarmı? Vallah, imkanımız olsa, bu qəlbidaşlara yalvarmarıq. İşsiz, çörəksiz ailəyik, dərmanla yaşayan adamlarıq”.

Xəzangül xanımın sözlərinə görə, Bakıya teleqram vurduqdan sonra yerli icra hakimiyyətinin işçiləri gətirib ailəyə 20 şifer verib gediblər. Ancaq əsaslı təmirə, bərpaya ehtiyacı olan evin yarası bununla sağalmır.

Buna da bax: Köçkünlər: 'Tualetdə çimirik'

“İSTİSMAR MÜDDƏTİ BAŞA ÇATIB”

Çəmənli kəndinin icra nümayəndəsi Mobil Quliyev deyir, həm Xəzangül Əsədovanın, həm də kənddəki daha bir neçə evin təmir-bərpasına yaxın vaxtlarda başlanılacaq:

“Əslində o ev qəzalı yox, istismar müddəti bitmiş evdir. Bərpa mərkəzinin işçiləri gəlib evə baxış keçirəndə onun özünə də bildiriblər ki, “sənin evinin istismar müddəti çoxdan başa çatdığından bu vəziyyətdədir”. İstismar müddəti başa çatan şəxsi evi isə dövlət söküb təzədən tikmir. Bununla belə, biz o evi təmir-bərpa siyahısına salmışıq”.

İcra nümayəndəsi deyir, Çəmənlidə mərminin qəzalı vəziyyətə saldığı təqribən 15-ə yaxın ev də təmir-bərpa olunacaq.

Prezident İlham Əliyev bu il mayın 2-də “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında”Sərəncam imzalayıb. Sərəncama görə, əsasən Ağdamın kəndlərində mərmilərdən zərər çəkmiş evlərin təmir-bərpası qıza zamanda başa çatmalıydı.

Buna da bax: Ağdam rayonundakı qəsəbəyə mərmi düşmə anı

Ağdam rayonunundakı qəsəbəyə mərmi düşmə anı
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00

XS
SM
MD
LG