Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:32

Böhran dövründə idmançıya $255 min mükafat vermək düzgündür?


►Azərbaycan idmançılarına bu il də böyük məbləğdə mükafatlar ayırıb

Rio Olimpiadasında ilk üç yeri tutan Azərbaycan idmançılarına bu il də prezident böyük məbləğdə mükafat təyin edib.

Qızıl medal qazanan idmançı 400 min manat (255 min dollar), gümüş medala yiyələnən 200 min manat, bürünc medal sahibi isə 100 min manat mükafat alacaq.

Azərbaycan idmançılarına London Olimpiadasında da bu məbləğdə mükafatlar ayrılmışdı.

Onda da Azərbaycan dünyada ən böyük mükafat ayıran ölkələrdən idi. Bu müddət ərzində manat devalvasiyaya uğrasa da, başqa ölkələrlə müqayisədə mükafatın məbləği böyük olaraq qalır.

Məsələn, bu il Amerika Olimpiya Komitəsi birinci yerə 25 min dollar, gümüş medala 15 min dollar, bürünc medala 10 min dollar ayırıb. Böyük Britaniya, ümumiyyətlə, mükafat ayırmayıb. Gürcüstan idmançılarından ötrü birinci yerin mükafatı 125 min dollar, ikinci yer 85 min dollar, üçüncü yer 55 min dollardır.

Buna da bax: Azərbaycan olimpiadada neçə qızıl qazana bilər?

20 ilə 314 min dollar

Rusiya Rio Olimpiadasında birinci yeri tutan idmançıya 63 min dollar (4 milyon rubl), ikinci yerə 39 min 500 dollar (2,5 milyon rubl), üçüncü yer sahibinə 26 min 700 dollar (1,7 milyon rubl) verəcək.

Bəzi ölkələr böyük məbləğdə mükafat versələr də, bunu 20 ilə ödəyirlər. Məsələn, Tailand olimpiadada qızıl medal qazanacaq idmançısına 314 min dollar, Filippin 237 min dollar ayırır. Ancaq hər iki ölkə bu məbləği 20 ilə bölür və ilbəil ödəyir.

Medalların da öz qiyməti var. Qızıl medalın tərkibinin yalnız bir faizi qızıldır. 92,5 faizi gümüş, qalanı isə bürüncdür. Beləliklə, qızıl medalın dəyəri təxminən 500 dollardır. Gümüş medalın tərkibinin 93 faizi gümüşdür. Təxmini qiyməti 260 dollardır. Bürünc medal misdən ibarət olduğundan dəyəri 5 dollara yaxındır.

57 idmançı olimpiadaya yola salındı

"Dövlətin ayırdığı mükafat yarıbayarı azaldılmalıydı"

İdman şərhçiləri bildirirlər ki, təkcə prezidentin mükafatları deyil, ayrı-ayrı dövlət qurumlarının, şirkətlərin ayırdığı pul, ev, maşın hədiyyələri idmançıları əməlli-başlı varlandırır.

İdman şərhçisi Sərxan Musayev deyir ki, böyük məbləğdə mükafatları alandan sonra bəzi idmançılar idmanla yox, bizneslə məşğul olurlar. Yəni, dövlətin ayırdığı bu vəsait idmanın inkişafına yox, biznesə yönəlir:

Sərxan Musayev: Ölkədəki indiki iqtisadi böhran dövründə məbləğin belə böyük olması doğru deyil
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00
Direct-ə keçid

“Ölkədəki indiki iqtisadi böhran dövründə məbləğin belə böyük olması doğru deyil. Federasiyaların, şirkətlərin ayırdığı mükafatlar da var. Onsuz da medal qazanan idmançı böyük mükafat alır. Dövlətin ayırdığı mükafat yarıbayarı azaldılmalıydı. Başqa ölkələrə baxanda da görürsən ki, Azərbaycanın verdiyi mükafat çoxdur”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bu məbləği prezidentin ayırdığını vurğulayır:

Çingiz Hüseynzadə: Buna prezident qərar verir
Gözlə

No media source currently available

0:00 0:00:06 0:00
Direct-ə keçid

“Bu, prezidentin sərəncamı ilə təsdiq olunmuş bir məsələdir. Buna prezident qərar verir”.

Nazim Hüseynov
Nazim Hüseynov

İdmançılar bundan da yaxşısına layiqdir

Azərbaycanın ilk olimpiya çempionu Nazim Hüseynov (1992-ci il Barselona Olimpiadasında qızıl medal qazanıb) deyir ki, idmançılar bu mükafatlara layiqdir. Ancaq gərək “ulduz xəstəliyi”nə tutulmasınlar:

Nazim Hüseynov: Ayrılan mükafat böyük deyil
Gözlə

No media source currently available

0:00 0:00:21 0:00
Direct-ə keçid

“Ayrılan mükafat böyük deyil. Bizim idmançılar bundan da yaxşısına layiqdir. Əziyyət çəkirlər. O əziyyəti də ancaq idmançı başa düşə bilər. Ancaq onu da demək istəyirəm ki, o məbləği alandan sonra gərək idmançı da dəyişməsin. Əsas odur ki, etimadı doğrultsunlar, öz üzərlərində çox işləsinlər”.

Azərbaycan bu ilki olimpiadada 18 növ üzrə 56 idmançı ilə təmsil olunur. Dopinq qalmaqalına görə, ağırlıqqaldıranlar bu dəfə olimpiadada iştirak etməyəcək. Onların bütün lisenziyaları ləğv olunub.

Rio Olimpia Oyunları avqustun 5-dən 21-ə qədər davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG