Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

REAL dəyişikliklərə qarşı çıxdı


-

“Heç bir ön müzakirələr aparılmadan Konstitusiyaya dəyişiklər təklifinin hazırlanıb birbaşa Konstitusiya Məhkəməsinə göndərilməsi respublikaçı davranış tərzinə ziddir”.

REAL (Respublikaçı Alternativ) Hərəkatının Konstitusiyaya dəyişiklik edilməsi təşəbbüsü ilə bağlı bəyanatda belə deyilir.

Hərəkat hesab edir ki, belə addımlarla konstitusion ənənə qurmaq mümkün deyil.

Hərəkat ölkədə dərin islahatlara ehtiyac olduğunu vurğulayır.

“Bu islahatları hazırkı siyasi sistemi qorumaqla gerçəkləşdirmək mümkün deyil. Konstitusiya, hətta indiki halında, hər nə qədər işlək olmasa belə, köklü islahatların təməli olmalıydı. Lakin, Konstitusiya ölkəmizin əsas qanunu ola bilmədi. Bunun bir səbəbi indiki YAP iqtidarı və onun siyasətidirsə, başqa səbəbi YAP-ın özünü də içinə almış, onu tamamilə təsirsiz hala gətirmiş siyasi sistemdir”, bəyanatda bildirilir.

REAL-a görə, problemləri aradan qaldırmağın yolu sistemi kökündən dəyişməkdir. “Konstitusiyaya təklif olunan dəyişikliklər sistemi nəinki dəyişmir, onu daha dərin böhrana sürükləyir. Ölkə üçün əlavə risklər və təhlükələr yaradır”, deyə bəyanatda bildirilir.

Hərəkat bu təkliflərə qarşı təşviqat aparmaqdan ötürü qanunun icazə verdiyi gərəkli fürsətlərdən istifadə edəcəyini bəyan edib.

Daha əvvəl aparıcı müxalifət partiyaları da Konstitusiyaya dəyişiklik təklifinin əleyhinə olduqlarını ifadə ediblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli demişdi ki, bu Konstitusiya dəyişikliklərinin bir məqsədi var: “İlham Əliyevin istədiyi müddətə qədər hakimiyyətdə qalmasına şərait yaratsın, sonra da istədiyi vaxt asanlıqla heç kimdən soruşmadan, heç kimdən asılı olmadan hakimiyyəti ailə üzvlərindən birinə ötürsün”.

Müsavat Partiyası başqanı Arif Hacılı isə bildirmişdi ki, hakimiyyət mövcud qanunvericiliyi kifayət qədər ciddi avtoritar, monarxist rejim qurmaqdan ötrü yetərli hesab etmir.

Hakim Yeni Azərbaycan Partiyasının ( YAP) təmsilçiləri isə layihəni dəstəkləyən mövqe ifadə ediblər. Onların fikrincə, cəmiyyət inkişaf etdikcə, Konstitusiyanın da yenilənməsinə ehtiyac yaranır. YAP funksionerləri deyiblər ki, layihədə əks olunan bir çox müddəalar əksər inkişaf etmiş ölkələrin Konstitusiyanda var.

Dövlət başçısı İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG