Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:15

Əgər gələcəyin qapıları üzünüzə açılsaydı


-

"İrəliləyib beşinci qapını açdı. Elə içəri girən kimi məhkəmə salonunu gördü. Boşanırdılar. Çoxlu hay-küyə rəğmən əri sakit oturmuşdu. Dinmirdi. O isə danışırdı. Hakimə 7 ildir övladının olmama səbəbi kimi ərini göstəridi".

Ülviyyə Tahir

QAPI (lar)

Dəhlizin sonuna qədər getdi. Yol bitmirdi. Nəhayət qarşısına bir qapı çıxdı. Qapını açanda özünü yenə bir dəhlizdə gördü. Dəhlizin bir divarı boyunca qapılar düzülmüşdü. Hər birinə girə bilərdi. Hamısı açıq idi. Yalnız birindən başqa. Lakin hər bir otağın içindən özünəməxsus qoxu gəlirdi. İstəyirdi irəliləsin, amma həmin qoxular ya onu itələyir, ya da çağırırdı. Hər bir qapının önündə ondan bir dənə var idi. Özü idi. Qarşılayan özü idi, yol göstərən özü idi. Nəhayət qapının birindən içəri girməyə qərar verdi. Geniş bir otaq idi. Otağa girəndən sonra qapı bağlandı. Qarşısında 3 otaqlı bir mənzil var idi. Bir addım atan kimi qarşısında səhnə canlandı: Bir kişi ilə təkcə oturmuşdu. Kişini tanımadı. Ev bomboş idi. Saçları ağarmışdı. Deməli ondan ayrılıb ikinci dəfə ailə qurub. Əri siqaret yandırdı. Öskürərək külqabı istədi. Qalxıb getdi. Əlində külqabı ilə döndü. İndi otaqda iki nəfər ondan var idi. Bir gənc səhnəni izləyən, digəri yaşlı, külqabını gətirən qadın Anladı ki, həyat elə-beləcə ikisinin birlikdəliyi ilə davam edib, uşaq olmayıb. Ürəyi sıxıldı. Tənhalıq, o sakit və səssiz mühit onu qorxutdu. Axı, belə olmamalı idi. Cəld geri addım atıb qapını açmağa cəhd etdi. Qapı açıldı. Qapını açan özü idi. İstədi soruşsun özündən yoxmu bir çarəsi? Axı dəyişdirmək üçün çapalayır, özünün yanına özü gəlib. Lakin bu sualı verə bilmədi. Qapıların qarşısında duran onun oxşarlarının hamısını eyni bir bənzərlik birləşdirirdi: Heç birinin ağzı yox idi.

Buna da bax: Səməndər Viktor Hüqo olası deyil ki, baş onun nəyinə lazımdı?!

İrəliləyib ikinci qapıdan içəri girdi. Yenə 3 otaqlı mənzildə idilər. Əri yox idi. Hər tərəfdə qara lentlər asılmışdı. Hər kəs başsağlığı verirdi. Odur orada divanda oturmuşdu. Bəlkə də 30 yaşı zorla olar. İnsanlar danışırdılar. Hamısı baş vermiş qəzanı, vaxtsız ölümü müzakirə edirdi. İstədi əlini uzadıb onlara toxunsun, qəfil dərk etdi ki, onlarla onu zaman və edəcəyi seçimlər ayırd edir. Öz pıçıltısını eşitdi: "O qədər onu hirsləndirməməli idim. O qədər onu sükan arxasında əsəbləşdirməməli idim. Ona elə deməməli idim." Canlanan səhnədəki evdən tənhalıq və məşumluq tökülürdü. Qorxdu, yaşaya biləcəklərindən qorxdu. Öz pıçıltısını sona qədər eşitməsə də,anladı ki, yenə mübahisə həmin məsələ üzərində olub. Cəld dönüb qapını açdı. Dəhlizdə dayanıb azca nəfəs almağa cəhd etdi. Axı hər şey belə bitə bilməzdi.

Budur üçüncü qapı qarşsındadı. İçəri girdi. Bu dəfə geniş həyət evində idi. Otağın qapısı bu dəfə bağlanmadı. Əri qarşısında idi. Bağda ağacın altında qoyulmuş bir stulda oturmuşdu. Diqqət etdi, 50 yaşında olardı. Qəfil bağdan balaca bir qız uşağı qaçaraq ona tərəf gəldi. O elə guman etdi ki, uşaq indi ona baba deyəcək. Amma balaca qız yüyürüb onun qucağına çıxaraq kənddən və bibilərindən dil boğaza qoymadan danışmağa başladı. Söhbət əsnasında əri qızı öpür, qız isə yarımpəltək dili ilə "ata, atam" deyə onu əzizləyirdi. Elə o anda bağın o başında özü göründü. 45 yaşlarında idi. İlahi hələ 20 il gözləyəcəkdi, bu ola bilməzdi..

Buna da bax: Allah bu aparat çıxardanın başına yekə daş salsın...

Özünü qayıdıb dəhlizə atdı. Dayana bilməyib ağladı. Bu qədər zaman gözləyə bilməzdi. "Ola bilməz" deyə var gücü ilə səsləndi. Səsi dəhliz boyunca əks-səda verdi. Bütün qapılar açılıb örtüldü. Yalnız 7-ci qapıdan başqa. O isə özünü birtəhər ələ alıb dördüncü qapıya doğru irəlilədi. Dördüncü qapının dəstəyinə əl uzadıb bir anlıq düşündü. Bəlkə heç bu qapıları açmasın elə birbaşa dünənki qərarını həyata keçirsin, yox bunu dəyərləndirməli idi. Pirdə qoca daşı ona uzadanda: "Qızım çox tələsirsən, seçimlərə tez qərar verirsən. Al, bunu qoy başının altına, amma tələsmə! Hər şeyi görəcəksən. Amma görməyin kifayət deyil, daha başqa şeylər var..." demişdi. Elə "Ya Səbr" deyib dördüncü qapıdan içəri girdi. Çoxlu adamlar var idi. Ətrafda qaynaşırdılar. Bir az diqqət edəndə gördü ki, şadlıq evindədi. Hər kəs danışır və gülürdü. Bütün bu məsələlərin ona nə dəxli olduğunu ayırdı etməmiş bir oğlan gördü. Gənc idi, sarışın idi. Paltarından bəy olduğunun fərqinə vardı. Az sonra özünü gördü. Çox sevincli idi. Anlamadı. Təxminən 45-46 yaşı olardı. Bəs, bu oğlan kim idi? Elə onda tamadanın səsi eşidilidi:

"Bu gün elə bir gündür ki, iki qat bayramdı. Axı, düz 22 il öncə bu balaca körpənin valideynləri qəzaya uğrayanda kimin xəyalına gələ bilərdi ki, o özünə daha xoşbəxt bir ailə əldə edəcək. Allah bir qapını bağlayanda, bir qapını açar demiş böyüklərimiz. Var olsun belə ürək sahibləri ki, bu uşağı belə təhsilləndirib, belə toy edərək böyük bir əmələ imza atdılar." Daha tamadaya qulaq asmaq istəmədi. İçində özündən asılı olmadan bu yığıncağa, bu insanlara qarşı ikrah hissi oyandı. Başqasının uşağını saxlayacaq qədər ... Yəni bu qədər dəyişilə bilərdi?!.. Cəld fırlanıb otaqdan çıxdı.

Yenə dəhlizdə idi. 3 qapı qalmışdı. Bir anlıq özünə sual verdi: Dəyərmi yerdə qalan 3 qapını açmağa? Halbuki 4 qapı onun heç də ürəyincə olmamışdı. Azacıq düşündü. Sonra qəfil xatırladı ki, zamanı azdır. İrəliləyib beşinci qapını açdı. Elə içəri girən kimi məhkəmə salonunu gördü. Boşanırdılar. Çoxlu hay-küyə rəğmən əri sakit oturmuşdu. Dinmirdi. O isə danışırdı. Hakimə 7 ildir övladının olmama səbəbi kimi ərini göstəridi. Artıq qayınana, baldız, qonşu töhməti yeməkdən yorulduğunu deyirdi. Deyirdi, deyirdi, elə hey danışırdı. Öz qulaqlarını tutub özünə qulaq asmaq istəmədi. Çox iyrənc görünürdü. Bəlkə də iyrənc deyildi, çox səmimi idi. İllərdi demədiyini məhkəmədə beş dəqiqə ərzində hamıya söyləyəcək qədər səmimi idi. Bəlkə də bu dünən pirə getməzdən əvvəl verdiyi qərardan- xəyanətdən qat-qat daha səmimi bir addım idi. O bunun fərqində idi. Amma... Bu amma isə hələ onun dilinə gətirə bilmədiyi səbirsizlik üsyanı qədər böyük idi. Hələ ümidi var idi. Hələ iki qapı var idi. Hələ iki seçim var idi.

Buna da bax: “Fərsiz kişi ya şair olar, ya da Cəbiş müəllim”

Dəhlizə qayıtdı. Qorxa-qorxa altıncı qapıya doğru baxdı. İrəlilədi, qapıdan içəri girdi. Bir anda qəbirstanlıqda olduğunu gördü. Hər kəs arvadlı kişili orda idi. Hər kəsə nəzər yetirdi. Hamı orda idi. Bircə özü yox idi. Başına toplaşdığı qəbirə diqqət etdi. Başdaşında fotosu var. Zaman 2 ay sonranı göstərirdi. Anası qəbirin baş tərəfində oturaraq ağlayırdı. Arada bir: "Sən bunu etməyəydin, sən bunu etməyəydin gərək" deyirdi. Anladı ki, daim beynində fırladığını və etməyə cəsarət etmədiyini edib. Anladı ki, bu otaq onun intihar seçimidir. Elə ona görə bu mənzərəni səhnə kimi görmədi. Birbaşa özünü elə bunun içində tapdı. Görəsən, hansı səbəb onu bu qərara itələyib. İstədi elə orada anasından soruşsun ki, niyə, intihar? Axı intihar seçim deyil? Bu problemin həlli deyil...

Elə bu sualı ağlına gətirən kimi özünü dəhlizdə gördü. Qapı bağlanmışdı. Bu dəfə otağı özü tərk etməmişdi. Onu otaqdan atmışdılar. Əsəbi halda altıncı qapıya cumdu. Nə qədər dəstəyini dartdısa açılmadı. Qapının açılmayacağını anlayanda kişisayağıı yerə tüpürüb, "Alın başınıza çırpın, qapılarınızı! Mən getdim!" deyə səsləndi. Səsi əks-səda verib özünə qayıtdı. Bütün qapılar bağlandı, bayaqdan bağlı olan yeddinci qapı açıldı. O isə əlini yelləyib oranı tərk etdi. Yeddinci qapıdan içəri girmədi. O artıq qərarını vermişdi.

Dəhliz bomboş idi. Bütün qapılar yox olmuşdu. Yalnız dəhlizin sonunda bir otaq qapısız halda qaynayırdı. Orada tamamilə başqa bir həyat canlanmışdı. O gedirdi, saçları pərişan halda pillələri dırmaşırdı. Sonra bir qapını döyür, hey yumruqlayır və "Mən dəli deyiləm" deyə qışqırırdı. Qapının o tayında isə ağ xalatlılar qaynayır. Ərinə qətiyyən bənzəməyən bir gənc isə sənədlərə qol çəkirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG