Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:53

Zəngi çalıb qaçan kim idi


Kilsə zəngi
Kilsə zəngi

-

Tural Tüksoy

KİMDİR MÜQƏSSİR?

“Sən saydığını say, gör fələk nə sayır”.

(Atalar sözü)

Bazar günü idi. Axşam saat 11-ə işləyirdi. Firəngiz hər gün olduğu kimi, bu gün də səhər açılandan ev işləri ilə məşğul olub yorğun düşmüşdü və adəti üzrə, qonaq otağında divana dirsəklənib mürgü vura-vura hər bazar günü ZTV-də efirə gedən “Reyhanlı” verilişinə baxırdı. Amma buna baxmaq demək olmazdı, çünki veriliş boyu ifa edilən mahnılar səslənər-səslənməz yorğunluqdan Firəngizin gözləri yumulur, ağzı açılır və başı arxaya gedir, mahnının ikinci bəndinin nəqarətində ayılır, beş-on saniyəyə bayaqkı proses təkrarlanır və bir də mahnı qurtarıb zalda oturan tamaşaçıların alqış səsləri eşidiləndə ayılırdı. Yorğunluğundan bixəbər olan adam, yəqin ki, onun ürəkkeçməyə tutulduğunu zənn edərdi.

Yazar Tural Türksoy
Yazar Tural Türksoy

“Reyhanlı” bayağılıq çirkabına bulaşmış Azərbaycan musiqisinin bu çirkabdan təmizlənməsi yolunda atılan nadir addımlardandır. Bu verilişdə, əsasən, Azərbaycan sovet mahnıları duet şəklində ifa olunur və bu ifalar orta və ahıl yaşlı tamaşaçıların nostalji duyğularını körükləməklə yanaşı, gənc tamaşaçıları da Azərbaycan mahnı sənətinin böyük inkişaf yolu keçdiyinə inandırırdı. Bu verilişin yeknəsəq gedişatında istisna təşkil edən duzlu-məzəli bir məqam da var. Belə ki, hər ifanın bitişi zalda oturan tamaşaçıların alqışları ilə müşayiət olunandan sonra hər dəfə verilişdə qonaq qismində iştirak edən populyar müğənnimiz Fauna Təbiətovaya söz verilir, duyğusallığı da səsi kimi dörd oktavalıq olan bu yetmiş beş yaşlı iftixarımız isə ürək sözlərini söyləyər-söyləməz, adəti üzrə, ifanın gözəlliyindən təsirlənərək musiqili verilişə dəvət olunmuş qonaq kimi yox, yasa gəlmiş arvadlar kimi ağ dəsmalını qara əlcəkli əlləri ilə gözlərinə sıxıb ağlaya-ağlaya ayağa qalxır və ifaçı cütlüyün hər birinin alnını və üz-gözünü marçıldadaraq sanki onlara başsağlığı verib yerinə oturur. Bu qəribə səhnə tamaşaçılarda elə özü kimi qəribə təəssürat oyadır. Belə ki, bu səhnəni izləyənlər, xüsusən də, qadınlar gülməkdən uğunur, amma ardınca da əsəbiləşib təxminən: “Ay üszüvə kül!.. Boyuvu yerə soxum sənin!.. Axmağ qızı axmağ elə bil hüzrə gəlib...”, − kimi deyinirlər. Əlbəttə, Firəngiz də belə tamaşaçılardan idi. Mürgüləyib ayılmaqla hər nə qədər mahnıların bir başını, bir də ayağını yaxalasa da, xoşbəxtlikdən, mahnının “ayağı”nda ayılır və bu əvəzolunmaz səhnəni izləyərək sayıqlayırmış kimi yuxarıdakına bənzər cümlələri dilinə gətirib yenidən mürgüləyirdi.

Firəngizin iyirmi beş yaşlı oğlu Elçin isə həmişəki kimi, bekarçılıqdan divana paralel stolun arxasındakı stulda oturub feysbukda qurdalanırdı.

Birdən qapının zəngi çalındı. Firəngiz divandan, Elçin isə stuldan dik atılıb zəngi qonşunun vurduğunu zənn edərək həyət darvazasına tərəf elə götürüldülər ki, elə bil saatlarla sürən üzücü intizardan sonra nəhayət, növbələri çatmış və adları çəkilərək çağırılmışdılar. Elçin, adəti üzrə, ehtiyata riayət edib darvazanın arxasından soruşdu:

− Kimdir?

− ............

− Kimdir? – səsini bir az yüksəltdi.

− ............

− Ay gələn, kimsən? – səsini əməlli-başlı “forte”yə qaldırdı.

− ............

Vəziyyəti belə görən Elçin gecənin zülmətində qapını açmaqdan çəkindi, anasını da bu işdən çəkindirdi. İlk dəfə bu cür situasiya ilə qarşılaşanlar olaraq, “Görəsən kim idi?” məzmunlu çaşqın və qorxu dolu nəzərlərlə bir-birlərinə baxa-baxa evə qayıtdılar. Elə bil meyit görmüşdülər.

Firəngiz “Reyhanlı”ya baxsa da, artıq nə aparıcı Reyhanı, nə duet oxuyan müğənniləri, nə də az öncə bəhs etdiyim, hamının vərdiş etməsinə baxmayaraq, özlərini reaksiya göstərməkdən heç cür saxlaya bilmədikləri bu əvəzolunmaz səhnəni görürdü:

− Oy, Reyhanıçqa! Qızım, bular necə gözəl oxudular! – Fauna xanım yasa gələn arvad obrazını canlandırmağa hazırlaşırdı. – Hələ demişdim, ağlamıyacam, − kövrəlib davam etdi, − amma alımmır da, − deyib həmişəki kimi ağ dəsmalını qara əlcəkli əlləri ilə gözlərinə sıxıb həzin-həzin ağlamağa başladı; yalan olmasın, heç şəhid anası bu cür ağlamırdı. Deyibən ənənəsini pozmamağa söz veribmişcəsinə ayağa qalxdı, duet oxumuş qadın və kişi müğənninin hər birinin alnından və üz-gözündən üsulluca öpərək onlara “başsağlığı verdi”, zalda və televiziya ekranları qarşısında oturan tamaşaçıların ağızdolusu qaqqanaqları və “sarsaq köpəkqızı” məzmunlu əsəbi baxışlarının müşayiətilə iyirmi beş yaşlı qız kimi fors-fasonlu yerişlərlə yançaqlarına “ay bərəkallah!” dedirdə-dedirdə keçib yerinə oturdu. Firəngiz bu əvəzolunmaz səhnəni zehnində təkrarladığı “Görəsən kim idi qapını döyən?” sualının fonunda izlədiyindən, təbii ki, heç nə anlamayaraq ənənəvi şəkildə reaksiya göstərməsə də, Elçin nəzərlərini telefonun displeyindən qaldırıb Fauna xanımın hərarətli öpüşlərini seyr edərkən “Ulduz” filmində Tamam xalanın: “Xoşbaxt olun, balalarım!” – deyərək bir-birləri ilə evlənmək istəyən Bəxtiyarla Ulduzun hər birinin alnından öpdüyü epizodu xatırlayıb başını bulayaraq xəfifcə güldü...

Yarım saat keçdi. Saat 11-ə qalırdı. Az öncəki müəmmalı zəngin xofunu yenicə dağıtmışdılar ki, təzədən qapının zəngi çalındı: “dınq!. dınq!.. dınq!. dınq!.” Budəfəki zəng səsi vaxtilə erməniləri qan tökməyə çağırmış Qriqorian kilsəsinin adamı üşəndirən hökmlü zəng sədası kimi səsləndi: “danq!. danq!.. danq!. danq!.” Ana-bala təşviş içində darvazaya yüyürdülər, “Kimsən?” – deyə səslərini başlarına atdılar, səs-səmir gəlmədiyini görüncə hətta cəsarətlənib darvazanı açdılar, gözlərini quyu dibi kimi qapqaranlıq küçəyə formal şəkildə olsa da, zillədilər və təbii ki, heç bir kəs və heç bir şey görməyincə qorxudan gözləri hədəqəsindən çıxarcasına bir-birlərinə baxa-baxa əli ətəyindən uzun evə qayıtdılar. Bu dəfə elə bil meyit yox, xortlamış ölü, ya da ruh görmüşdülər. Evə girib qorxu və həyəcanla o baş-bu başa var-gəl edir, hərdən bir-birlərinə gözlərini bərəldib təlaşla: “Görəsən, zəngi vuran kimdir, məqsədi nədir?” növündən mimikaya bürünür və zəngi vuranın kimliyini müəyyənləşdirməyin üsulunu axtarırlar. Onların bu var-gəlləri Vaqif Səmədoğlunun ssenari müəllifi olduğu "Yaşıl eynəkli adam" televiziya tamaşasında Kazımla arvadının onlara qutuda oyuncaq əjdaha başı gətirmiş qohumları Qafardan telefon zəngi gözləyərkən otaqda var-gəl etdikləri epizodu xatırladırdı. Beş-on dəqiqəlik var-gəlin nəticəsində polisə zəng etmək qərarına gəldilər. Artıq saat 12-yə işləyirdi, “Reyhanlı” da bitmək üzrə idi; Fauna xanım doyunca ağlayıb, nəhayət, kirimişdi, gözləri qıpqırmızı idi, ağlaşmadan çıxıb yemək otağına keçməyə hazırlaşan arvadlara oxşayırdı. Elçin televizorun pultunu əlinə alıb səssiz rejimə qoydu, mobil telefonunu götürərək 102-ni yığmaq əvəzinə, 101-i yığıb “yes”i basdı. Uzunboy-incəbel Reyhan xanımın tamaşaçılarla sağollaşdığını təbəssümlü dodaqlarının tərpənişindən hiss etmək olardı.

− Şərifabad şəhəri Yanğınnan Mühafizə şöbəsi. Buyurun.

− Aaa... Bağışdıyın, siz Allah, elə bildim polisdi... eee... polis neçəydi?

− 102.

− Aha... çox sağ olun.

− Buyurun.

“No”nu basan Elçin anasının danlağına, aşıqlar demişkən, rast oldu:

− Axxx... fərsizsən ki fərsiz... polisin əvəzinə, durub pajarnıya zəng eliyir, − deyə Firəngiz üz-gözünü turşudub oğlunu acıladı.

Oğlu bu danlağa irişə-irişə cavab verdi:

− Deyirəm, lap “Qaynana”ya oxşadıye... Cənnət xala dəlixananın əvəzinə, milsaneri yığır haaa... onu deyirəm.

− Eeeeh...− deyə Firəngiz əlini yelləsə də, istər-istəməz filmin həmin epizodunu yadına salıb gülümsündü, beləcə, gərginlikləri az da olsa, yumşaldı.

Elçin bu dəfə 102-ni yığıb “yes”i basdı.

− Hal-hazırda bütün xətlərimiz məşğuldur. Ən qısa zamanda sizi calaşdırmağa çalışacağıq, − operator qız cır səsi ilə bu cümləni dayanmadan təkrarlayır və bu, sufilərin “Allah” ləfzini vird etmələrini andırırdı.

Elçin: “Ay bləəə!” – deyib hirslə telefonu qapatdı və bir-iki dəqiqə var-gələ davam edib yenidən 102-ni yığınca eyni reaksiya ilə qarşılaşaraq daha da coşdu və başqa çarə axtarıb tapmaq üçün anası ilə evin uzunu boyu bir-birinə əks istiqamətdə minaaxtaranlar kimi var-gəl eləməyə davam etdilər. Bir neçə dəqiqəyə yeni çarə tapdılar; sahə rəisinə zəng edəcəkdilər. Elçin vaxt itirmədən sahə rəisini yığdı.

− Alo!

− Salam!.. eee... bağışdıyın, sizi narahat eliyirəm, − deyə Elçin qorxudan titrəyən səsi ilə əsas mətləbə keçdi. – Biz... Günel Mövlud küçəsi, 77 A ünvanında yaşıyırığ... eee... bayağ darvazamızın zəngi yarım saatdığ fasileynən iki dəfə vurulub, çıxıb baxmışığ, heç kəs yoxdu... eee... xayiş eliyirəm, gəlib marağlanasız, zəngi vuranı tapmağda köməy eliyəsiz.

− Vurublar vurublar da... burda nə var ki... – harın sahə rəisi arxayın əda ilə dedi və dərhal Elçinin təsəvvüründə məsuliyyətsiz yekəqarın bir məmur obrazı canlandı.

− ... bəs neyniyəy? – hirslənmiş Elçin səsini yüksəltdi.

− Əşi, heç nə, bir də zəng vurulsa, mənə diyərsən, − deyib sahə rəisi ədəbsizcəsinə telefonu Elçinin üzünə qapatdı.

Elçin hirsindən çığırıb rəisin qarasına deyindi: “Oğraş köpəyoğlu!.. Oturub kresloda şellənir özüyçün... Əşi, bunun nə dümbülünədiye...” Deyibən acığını televizora töküb onu şəbəkədən ayırdı və bayaqdan “mute”nin hökmü ilə səsini udub aparıcısı lallar kimi jest və mimikalarla danışan verilişin nümayiş olunduğu ekranı zülmət qaranlığa gömdü.

Ana-bala divanda oturub zəngi vuranın kimliyini araşdırmağa başladılar. Firəngiz karıxmış gözlərini oğluna zilləyib öz versiyasını irəli sürdü:

− Deyirəm, bəlkə, üszünə kül ələmmiş Okdaydı zəngi vurdurtduran? – deyib oğlunu elə nifrətlə süzdü ki, elə bil yanaşı oturduğu, əslində, Oqtay idi, sadəcə, Elçinin cildinə girmişdi.

Oqtay Firəngizin keçmiş əri idi, iki il əvvəl ondan boşanmış, bir müddət bacısıgildə, bir müddət də kirayədə yaşayandan sonra nəhayət, iki ay əvvəl hazırda yaşadığı bu orta təmirli xudmani həyət evini almışdı.

− Yooox... sən nə danışırsan... o olmaz, − deyə Elçin anasının baxışlarından üşənib udqundu və bir az fasilə verib gözlərini monqollarsayaq qıyaraq o da öz versiyasını səsləndirdi. − Deyirəm, bəlkə, Hacı Sabirdi zəngi vurdurtduran?

Hacı Sabir Elçinin keçmiş iş yerində müdirin sağ əli idi və onunla ədavəti vardı.

− Kül sarsağ üszüvə!..− deyə Firəngiz əllərini bir-birinə şappıldadıb aralayaraq oğlunun “üstünə kül ələdi” və üz-gözünü büzüşdürüb ikrahla davam etdi. − Nə düşüy-düşüy danışırsan?.. Yox bir, Hacı Sabir!..

Hansısa mərhumun xatirəsini hüznlü sükutla yad edirlərmiş kimi bir neçə dəqiqə lal-dinməz dayanandan sonra Firəngiz dilləndi:

− Sabah açılsın, qonşudan soruşaram, görüm bu küçədə avara, nadürüst adam var, ya yox.

− Həəə, düz deyirsən... Gedəy yatağ, − deyə Elçin “mərhumun xatirəsini yad etmək üçün keçirilən mərasim”i bağlı elan etdi və bir-birlərinə: “Gecön xeyrə qalsın!” – amma “Allah rəhmət eləsin!”ə oxşayırdı – deyərək həyəcandan titrəyən qıçlarını bir-birinə sürtə-sürtə yatmağa getdilər.

Firəngiz yerində bir az o yan-bu yana çevriləndən sonra yuxulasa da, Elçin keçirdiyi qorxu və sarsıntıdan qurtula bilmir, detektiv filmləri xatırlayır, zəngi vuranın qorxunc xəyali simasını zehnində canlandırıb vahimələnirdi deyə, yata bilmirdi. Başqa vaxt Allahın varlığından şübhələnsə də, gecəni salamat keçirib səhərə çıxmaq üçün Ona sığınmaqdan başqa çarəsi olmadığını görüb kəlmeyi-şəhadət gətirərək dua etdi, yalvardı və ehtiyata binaən, üstündən İsa Muğannanın qalaktikamızın sahibi adlandırdığı ƏlAğ EySarın da adını müsibəti aradan qaldıran tilsim kimi pıçıldadı və azacıq da olsa, arxayınlaşıb gözlərini yumdu. Bir azdan mışıltısı otağı başına götürdü.

Səhər açılan kimi Firəngiz qonşuya keçdi. Onun gəlişini səbirsizliklə gözləyən Elçin yarım saata yaxın feysbukda eşələnəndən sonra nəhayət, darvaza açıldı və anası təlaşla həyətə girdi.

− Nə oldu? – Elçin anasının qabağına yüyürüb həyəcanla soruşdu.

− Heç nə, qonşu deyir ki, ola bilsin, kimsə içgili olub, ağlı başında olmuyub zəngi vurub, − Firəngiz təntiyə-təntiyə dedi və əlavə etdi. – Qonşu deyir ki, bəlkə, zəngüvüz xarab olub deyə, öz-özünə çalır.

− Bəlkə də... – Elçin çarəsizcəsinə gözlərini yerə dikdi.

O gün günortaya qədər yenə bir neçə dəfə zəng çalındı, ana-bala cəld küçəyə çıxıb gecə olduğu kimi, darvazanın arxasını boş gördülər, ətrafı çox arayıb-axtarsalar da, heç kəsi tapa bilməyib əliboş suyu süzülə-süzülə geri qayıtdılar. Şübhələnmədikləri adam qalmamışdı. Qərara almışdılar ki, o gün hökmən müqəssiri tapsınlar, yoxsa sakitləşə bilməyəcəkdilər.

Günün ikinci yarısında qonşunun təklifini əsas alıb çöldən darvazanın yanına bərkidilmiş zəng aparatını çıxararaq gətirib evə qoydular və eksperimentlərinin nə ilə nəticələnəcəyini gözləməyə başladılar.

Nəhayət, bir neçə saat davam edən intizar dolu sükutu zəngin dörd notluq və dörd pauzalıq melodiyası pozdu: “dınq!. dınq!.. dınq!. dınq!.” Budəfəki zəng səsi isə məşhur saat qüllələrinin hər il dekabrın 31-i gecə saat 12-də səsləndirdiyi möhtəşəm zəng sədasını xatırladırdı: “dinq!.. donq!.. dinq!. donq!.”

14.07.2016

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG