Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:32

Amerika Türkiyə deyil, amma şəxsiyyət və siyasi strategiya baxımından Erdoğan-la Donald Trump əkizdirlər; İŞİD-ə qoşulan çinli müsəlmanlar – 21 iyul Qərb mediasının icmalı.

Beş xəzəryanı dövlət dənizin bölüşdürülməsi mübahisəsinə son verməyə yaxındırmı? Eurasianet.org saytında Joshua Kucera bu suala cavab axtarır.

Müəllif yazır ki, son zamanlar sahilyanı ölkə diplomatlarının qeyri-adi dərəcədə müsbət bəyanatları mübahisənin sonunun görünməsi barədə gümanlar yaradıb. Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri ötən həftə Astanada görüşüblər. Rusiya təmsilçisi Sergei Lavrov deyib ki, bir ilə razılaşma əldə edə bilərlər. «İnanıram ki, 2017-ci ildə Xəzər dənizinin Hüquqi Statusu üzrə Konvensiya imzalamağımız tamamilə realdır. Məncə, bunu hətta ilin birinci yarısında edə bilərik», - Lavrov söyləyib.

«Görəsən, nə dəyişib? Azərbaycan, Qazaxıstan və Rusiya dənizin bölünməsi prinsipləri üzrə az və ya çox dərəcədə razılıq əldə ediblər, amma İranla Türkmənistan məsələni uzadıblar. İran israr edir ki, hər bir ölkə dənizdən bərabər pay alsın, yəni 20 faiz. Digər dövlətlər isə sahil xətlərinin uzunluğuna uyğun ərazi istəyirlər. Belə olsa, İrana cəmi 13 faiz çatar. Bu arada Türkmənistanla Azərbaycan eyni neft-qaz yatağına iddia edir», - yazan müəllif vurğulayır ki, bu ziddiyyətlər mübahisəli ərazilərdə bir neçə dəfə, az qala, toqquşma yaradıb, eləcə də Türkmənistan qazını Azərbaycana, oradan da Avropaya nəql edəcək kəmər layihəsi yubanıb.

Müəllif sahilyanı ölkələrdən bir neçə xarici siyasət ekspertinin fikrini öyrənib, bu fundamental narazılıqlarla bağlı irəliləyişdən xəbəri olan olmayıb. «Ola bilsin, özəl görüşlərdə türkmənlər Lavrov-a söz veriblər ki, razılığa gələ bilərlər, ancaq buna elə bir dəlil görünmür», - Qlazqo Universitetində Orta Asiya üzrə mühazirəçi Luca Aneschi deyib. «Real olaraq, bu razılaşmanın necə bağlanacağını anlamıram».

Amma Azərbaycanla İrandan da müsbət açıqlamalar gəlib. Xəzər işçi qrupunun martdakı görüşündən sonra İran xarici işlər nazirinin müavini Ibrahim Rahimpour deyib ki, yaxın gələcəkdə Xəzərin statusunun həllinə nail olmaqdan ötrü ilkin şərtlər mövcuddur. Azərbaycanlı həmkarı Xələf Xələfov da söyləyib ki, «qısa müddətdə Xəzərin statusuyla bağlı ciddi məsələlərin koordinasiyasını yekunlaşdıracağıq».

Lakin Astana görüşündən sonra Rahimpour 13 faizin az olduğunu, Xəzərin «bərabərlik prinsipi» əsasında bölünməli olduğunu bildirib.

«Bəs onda nə baş verir axı? Bütün bu ölkələrin qapalı təbiətini nəzərə alsaq, məsələnin bu dərəcədə qeyri-müəyyən qalması təəccüblü deyil. Bütün bu bəyanatlar da mənzərəni aydınlatmır. Ola bilsin, gələn ilin birinci yarısında daha çox bilgimiz olacaq».

Donald Trump

Donald Trump

TRUMP VƏ SULTAN

«The New York Times» qəzetində Thomas L.Friedman amerikalıları Türkiyədə prezident Recep Tayyip Erdoğan-a qarşı çevriliş cəhdini öyrənməyə çağırır. «Amerika Türkiyə deyil, amma şəxsiyyət və siyasi strategiya baxımından Erdoğan-la Donald Trump əkizdirlər».

Müəllif yazır ki, bu gün Türkiyədəki dram uğurlu bir ölkənin yolundan necə döndüyünü göstərir. Səbəb də liderinin bütün rəqiblərini əzməsi, onları şeytan cildində təqdim etməsi, ağılsız sui-qəsd nəzəriyyələrini ortaya atmasıdır.

«Türkiyəni yaxından izləyən bilir ki, Erdoğan illər boyunca ölkə demokratiyasına qarşı sakitcə, damla-damla həyata keçirdiyi çevriliş sayəsində yüksəlib. Jurnalistləri həbsə atdırıb, rəqiblərinə qarşı nəhəng vergi tələbləri ortaya qoyub, kürdlərə qarşı müharibə sürdürməklə millətçiliyi alovlandırıb, bununla daha çox hakimiyyət qəsb edib və özündən müasir sultan düzəldib», - yazan müəllif Trump-ın da eyni taktikaya söykəndiyini, faktları və rəqəmləri saxtalaşdırdığını, bəzi nəzəriyyələr ortaya atdığını yazır. «Məsələn, deyir ki, prezident Obama-nın jestləri onda nəyinsə baş verdiyini göstərir. Eyham vurur ki, Obama qaradərili silahlıların polis əməkdaşlarını qətlə yetirməsini elə də rahatlıqla pisləmir və radikal islamçılara rəğbət bəsləyir».

«Trump seçilərsə, demirəm ki, hərbi çevriliş olacaq, amma zəmanət verirəm ki, Jeb Bush-un dediyi düz çıxacaq, o, «xaos namizədi» olduğu kimi, «xaos prezidenti»nə çevriləcək. Amerikalılar tez-tez küçələrə çıxmalı olacaqlar, çünki onlar istənilən böyük məsələdə nəfəsi yalanla alan adamın arxasınca gedən deyillər. Axı o bu vəzifəyə zərrə qədər də hazırlaşmayıb, sadəcə, sui-qəsd nəzəriyyələri qondarmaqla, adamları gələcəklə və bir-birilə qorxutmaqla dəstək qazanır. Bu gün Türkiyədə baş verənlərdən xoşlanırsınızsa, Trump Amerikasını sevəcəksiniz», - müəllif yazır.

Urumçidə uyğurların etirazı.

Urumçidə uyğurların etirazı.

İŞİD-Ə QOŞULAN ÇİNLİ MÜSƏLMANLAR

Çinin dövlət mediası 300 çinli müsəlmanın İraq və Suriyada «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulduğunu iddia edir. Hakimiyyət ölkənin şimal-qərbindəki zorakılıqların arxasında islamçı ideologiyanın, sakinlərin xarici terrorçu şəbəkələrə bağlılığını görür. «Foreign Policy» dərgisi yazır ki, amerikalı ekspertlər və insan haqları qrupları hər iki iddianı mübahisələndirir, gərginliyə Çinin repressiv siyasətinin səbəb olduğunu bildirir.

Amma bu ilin əvvəlində keçmiş İŞİD yaralısının sızdırdığı sənədlərdən də görünür ki, Pekin İŞİD-ə qoyulmuş uyğurların sayında çox yanılmayıb.

Vaşinqtonda mənzillənən «Yeni Amerika» beyin mərkəzi iyulun 20-də yaydığı hesabatda 2013-cü ilin ortasından 2014-cü ilin ortasına qədər İŞİD-ə qoşulmuş yaraqlıların sənədlərini araşdırıb. Bəlli olub ki, həmin müddət ərzində İŞİD-ə azı 114 çinli uyğun qoşulub. Hesabatda qeyd olunur ki, uyğur yaraqlılar yoxsul, bacarıqsız, təhsilsiz olublar, heç biri kollecə getməyib. Üstəlik, daha çox uyğur İŞİD-in yüksəliş dönəmində - 2014-cü ilin iyununda silahlı qruplaşmaya qoşulub. Bu dönəm isə uyğurların kompakt yaşadığı Sincan vilayətində zorakılıqların artmasıyla təxminən eyni vaxta düşür.

Yazıda uyğurların Çində məruz qaldıqları məhdudiyyətlərdən də söz açılır. Türkiyədə yaşayan bir uyğur qaçqın 2015-ci ildə «Reuters» agentliyinə danışıb: «Bizə müsəlman kimi yaşamağa icazə vermirlər. Namaz qıla bilməzsən. Evində birdən artıq «Quran» saxlaya bilməzsən. Uşaqlarına islamı öyrədə bilməzsən. Oruc tuta və Həcc ziyarətinə gedə bilməzsən. Milli mənsubiyyətindən tamamilə məhrum edilirsənsə, niyə yaşayırsan?».

Günün bütün mövzuları

XS
SM
MD
LG