Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:58

Milyardlarla xərclənən pul və bəzi rayonları susuz şəhər


İlham Əliyev
İlham Əliyev

Prezidentin xarici səfərləri, Konstitusiyaya dəyişikliklər layihəsi, dövlət büdcəsində yaranan kəsir və Bakının içməli su problemi bu gün medianın əsas mövzusudur.

SƏFƏRLƏR...

«Azərbaycan» qəzetində dövlət başçısı İlham Əliyevin xarici ölkələrə səfərlərindən bəhs edən bir yazı dərc olunub.

Müəllifin yazır ki, hər il olduğu kimi, bu il də dövlət başçısının xarici səfərləri Azərbaycana yeni imkanlar yaradır. Yazıda onun Almaniyaya, Böyük Britaniyaya, İrana, Türkiyəyə, ABŞ və Rusiyaya səfərlərindən ayrı-ayrılıqda bəhs edilir.

Müəllif İ.Əliyevin bu il Türkiyəyə 3 dəfə səfər etməsini xüsusi vurğulayaraq, iki ölkə arasında münasibətlərin xüsusilə önəmli olduğuna işarə edir.

Məqalədə qeyd edilir ki, keçən dövr ərzində prezident 8 ölkəyə 11 səfər edib, 7 sammitə qatılıb: «Azərbaycan prezidentinin xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər və sammitlərdə, konfranslardakı çıxışları bir daha sübut edir ki, tam müstəqil siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sisteminin öz səsi, mövqeyi olan, rəyinə hörmətlə yanaşılan nüfuzlu subyektinə çevrilib. Bu da cəmi 25 ildir dövlət müstəqilliyini əldə etmiş bir ölkə üçün çox böyük uğurdur. Dövlət başçısının son 13 ildə xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması Azərbaycan dövlətçiliyi baxımından son dərəcə əhəmiyyətlidir».

İlham Əliyev və ailəsi
İlham Əliyev və ailəsi

SÜLALƏ HAKİMİYYƏTİ QURULUR

«Azadlıq» qəzeti bu sayında da dövlət başçısı İlham Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsi ilə bağlı müzakirələrə geniş yer ayırıb .

Yazıda, xüsusilə, prezidentlik müddətinin artırılması, vitse-prezidentlik institutunun təsis edilməsi, yaş senzinin götürülməsi və bir sıra hüquqlarla bağlı məqamlar üzərində dayanılır.

Müəllifin fikrincə, layihədə nəzərdə tutulan müddəalar göstərir ki, hakimiyyətin məqsədi heç də ölkədə islahatlar aparmaq, anti-böhran tədbirləri hazırlamaq deyil. Məqsəd sülalə hakimiyyətinin ömrünü uzatmaqdır.

Yazıda bu dəyişikliyə görə indiki vaxtın seçilməsinin də təsadüf olmadığı vurğulanır: «İ.Əliyev hakimiyyəti 23 il ərzində belə vəziyyətə düşməyib. Yarıtmazlıq, səriştəsizlik, məsuliyyətsizlik, acgözlük ölkəni elə bir fəlakətə sürükləyib ki, bu komanda ilə vəziyyəti dəyişmək mümkün olmayacaq».

Yazıda qeyd edilir ki, bunu İ.Əliyevin özü də bilir, qarşıdakı mərhələdə narazılığın daha çox artacağını, hökumətə nifrətin dərinləşəcəyini başa düşür: Ona görə də məsələni indidən həll etmək, əbədi hakimiyyətə gedən yolu legitimləşdirmək istəyir».

Müəllifin fikrincə, İ.Əliyevin bu dar macalda Konstitusiyaya dəyişiklik etmək istəməsi cəmiyyətdəki etimad limitinin tükəndiyindən xəbərdar olmasının göstəricisidir.

Büdcə. Karikatura
Büdcə. Karikatura

BÖHRAN

«Novoye Vremya» qəzetində isə «Neft gəlirləri olmadığı üçün dövlət büdcəsində kəsr» sərlövhəli məqalə dərc edilib.

Bu yazıda oxuyuruq: «Dövlət büdcəsinin ilin ilk yarısına olan yekunları hesablanıb. Cari ilin ilk yarısına aid bütün iqtisadi göstəricilər kimi, bu da sevindirici deyil. Büdcə gəlirlərinin əsas təminatçısı olan iki dövlət idarəsinin öz proqnozlarını yerinə yetirmələri haqda raportlarına baxmayaraq, büdcənin nə gəlir, nə də xərclər hissəsi icra edilib».

Müəllif yazır ki, bu ilin ilk yarısında büdcə gəlirləri 6 milyard 133.8 mln. manat (icra 79 faiz), xərcləri isə 6 milyard 821.5 mln. manat (icra 89 faiz) olub. Nəticədə Ümumi Daxili Məhsulun 2 faizi həcmində və ya 687.7 mln manat büdcə kəsiri yaranıb.

Yazıda qeyd edilir ki, ikinci rübdə isə büdcə xərcləri proqnozlaşdırılan gəlirləri kəskin şəkildə üstələyəcək.

Müəllif büdcədə kəsir yaranmasına əsas səbəb kimi Neft Fondundan daxil olan vəsaitlərin azalmasını göstərir və bunu belə izah edir: «Beləliklə, büdcənin gəlir hissəsinin icra olunmaması Dövlət Neft Fondundan daxilolmalara tam əməl edilməməsi ilə bağlıdır. Bu bir daha neft gəlirləri olmadan büdcənin keçinə bilmədiyini göstərir».

Müəllifin fikrincə bu, artıq ölkə iqtisadiyyatının böhranlı vəziyyətə düşməsinin göstəricisidir. Bu isə sadə insanlara heç də xoş güzəran vəd etmir.

Su maşını
Su maşını

BAKININ SU DƏRDİ VAR

«Bizim Yol» qəzetində dərc edilən «Azərbaycanın su dərdi» sərlövhəli məqalədə ölkənin içməli su problemi araşdırılır.

Müəllif yazır ki, bu sahəyə uzun illərdir ki, böyük investisiyalar cəlb edilib, amma problemin heç yarısı həll olunmayıb: ««Taxtakörpü» su anbarının tərkibinə daxil olan Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına Dövlət Neft Fondundan 1.3 milyard manat xərclənib. Tikinti işləri davam etməkdədir. Oğuz-Qəbələ-Bakı su kəmərinə isə 780 milyon manat sərf edilib. Amma Abşeron yarımadası, hələ də, fasiləsiz su ilə təmin edilmir».

Yazıda qeyd edilir ki, Bakının ətraf rayonları, yeni fərdi yaşayış massivləri artezian quyularından istifadə edirlər: «Ekspertlər bildirirdilər ki, Oğuzdakı yeraltı su mənbələri Oğuz-Qəbələ Bakı kəmərini təmin edəcək gücdə deyil. Kəmərin bir müddət çalışması nəticəsində yeraltı suların quruması baş verər və ərazi üçün ekoloji problemlər yarada bilər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG