Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:32

'Azərbaycan heç bir ölkəyə hərbi baza vermir' - Rəsmi açıqlama


İllüstrasiya
İllüstrasiya

►Prezident “Qızıl Şərq ” hərbi şəhərciyi haqqında protokolu imzaladı

Azərbaycan Müdafiə Nazirinin müavini Ramiz Tahirov prezident İlham Əliyevin «Qızıl Şərq» hərbi şəhərciyi haqda protokolu təsdiq etməsinə münasibət bildirib.

«Trend»in xəbərinə görə, nazir müavini deyib ki, Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması barədə mətbuatda yayılan məlumatların heç bir əsası yoxdur. O, qeyd edib ki, bəzi KIV-lərdə Azərbaycan ərazisində Türkiyə Silahlı Qüvvələrinin hərbi bazasının yaradılması barədə yayılan məlumatlar doğru deyil.

R.Tahirov deyib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən Azərbaycan hərbi qulluqçularının Kosovo, İraq və Əfqanıstana yola salınması məqsədilə istifadə edilir:

«Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub. Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi buradakı 2 otağı açır. Təyyarə aerodromda olarkən ona texniki qulluq göstərilməsi, yanacaqla təchiz olunması və digər prosedurlar icra olunan zaman pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra isə otaqlar bağlanır. Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür. Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər».

Nazir müavini vurğulayıb ki, təsdiq edilmiş protokola əsasən, hələ keçən əsrin 90-cı illərindən ölkədə fəaliyyət göstərən və «Qızıl Şərq» hərbi şəhərciyi ərazisində yerləşən bina Türkiyənin Azərbaycandakı hərbi attaşelik aparatına icarə qismində müvəqqəti istifadəyə verilib.

+++

Prezident İlham Əliyev “Qızıl Şərq” hərbi şəhərciyinin və Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən terminalın Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsinə ayrılması haqqında protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

President.az saytının xəbərinə görə, fərmanda Azərbaycan Müdafiə Nazirliyinəprotokolun müddəalarını həyata keçirmək tapşırılıb.

Azərbaycan ilə Türkiyə arasında bu protokol 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanıb.

Buna da bax: Erdoğan Bakıya gəlir

Əli Kərimli: "Müsbət baxırıq"

“Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi çoxdan gündəmdə var idi və prinsip etibarilə, biz də buna müsbət baxırıq”.

​Bunu AXCP sədri Əli Kərimli “Qızıl Şərq” hərbi şəhərciyinin və Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən terminalın Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsinə ayrılmasını şərh edərkən deyib.

Əli Kərimli bildirib ki, bu Azərbaycan ordusunun NATO strukturlarına inteqrasiyasından ötrü də əhəmiyyətlidir:

“Hesab edirik ki, Azərbaycan NATO strukturlarına bütövlükdə inteqrasiya etməlidir. Amma ilkin mərhələdə hərbi strukturların inteqrasiyası, Azərbaycan ordusunun təlimlərində Türkiyədən olan zabitlərin iştirakı məqsədəuyğun sayılır. Ona görə burada qeyri-adi bir şey görmürük”.

(ardı aşağıda)

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimləri (20.09.14)

"Hələlik hərbi bazadan söhbət getmir"

“Bu, hərbi baza deyil. Azərbaycan Respublikasının ərazisində hərbi bazanın olması üçün mütləq mənada təhlükəsizlik konsepsiyasına, o cümlədən hərbi doktrinaya da əlavə və dəyişikliklər edilməlidir. Burda heç bir halda, hələlik, hərbi bazadan söhbət gedə bilməz”.

​Bunu isə hərbi ekspert Üzeyir Cəfərli deyir. O, Azərbaycan müstəqillik əldə etdikdən bəri ölkədə silahlı qüvvələrin formalaşdırılmasında Türkiyə Silahlı qüvvələrinin nümayəndələrinin roluna diqqət çəkir:

“Onlar o vaxtdan Azərbaycandadırlar. Təkcə Müdafiə Nazirliyində deyil, ayrı-ayrı qoşun birləşmələrində həm təlimatçı, həm də müşavir kimi təmsil olunurdular. Ötən illərdə Azərbaycanla Türkiyə hökumətləri arasında iki ölkənin silahlı qüvvələri ilə bağlı sənəd imzalandı. O sənəd imzalanandan sonra, faktiki olaraq, Türkiyə hərbçilərinin Azərbaycanda olmasının hüquqi bazası yarandı. Onlar elə əvvəldən də burda yerləşmişdilər, Naxçıvandakı əlahiddə ümumqoşun ordusunda da təmsil olunurlar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki aerodromda yerləşən bir terminal artıq bundan sonra tam Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin istifadəsində olacaq. Həm də ki, bütövlükdə onun icarə haqqı, təminatını Türkiyə Silahlı Qüvvələri özü həyata keçirəcək. Əgər indiyə qədər Azərbaycanın Müdafiə Nazirliyi onları yanacaqla təmin edir, eləcə də burda saxlanması ilə bağlı müəyyən xərcləri üzərinə götürürdüsə, artıq bundan sonra o şəhərciyin tam şəkildə istismarını, cari, əsaslı təmirini Türkiyə Silahlı Qüvvələri həyata keçirəcək. “Qızıl Şərq” tam qorunan bir hərbi şəhərcikdir. Tağıyev qəsəbəsindəki aerodromda isə Azərbaycanla Türkiyə hərbçiləri birgə təlimlər keçirir. Türkiyə Silahlı Qüvvələri üçün F-6, F-4 təyyarələri, döyüş helikopterləri tanklar gətirir. Həmin terminala bundan sonra Türkiyə Silahlı Qüvvələri şəxsi heyətini özü yerləşdirəcək”.

“Bu, Azərbaycan ordusuna kömək edə bilər”

“Bu, iki dövlət arasında sıx əməkdaşlığın təzahürüdür. İki ölkənin Silahlı Qüvvələri mütəmadi olaraq birgə təlimlər həyata keçirirlər. Qərargahların birgə işi var, hazırlıq məsələləri uzlaşdırılır. Bu baxımdan, iki qardaş ölkənin silahlı qüvvələri arasında maddi bazanın yaradılması müsbət hadisədir”.

Zərdüşt Əlizadə: Bu, Azərbaycan ordusuna daha güclü Türkiyə ordusundan öyrənməyə imkan verəcək
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

Bunu politoloq Zərdüşt Əlizadə deyir və Azərbaycan ordusunun Türkiyə ordusuna nisbətən zəif, xeyli cavan və təcrübəsiz olduğunu vurğulayır:

“Ona görə də daha güclü türk ordusunun təcrübəsini öyrənmək Azərbaycan ordusuna kömək edə bilər”.

Zərdüşt Əlizadə iyulun 15-də Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbçisinin çevriliş cəhdinin Azərbaycan-Türkiyə münasibətlərinə təsirinin olmadığını da sözlərinə əlavə edir.

“Suallar doğur”

“Bəzi media orqanları yazır ki, Türkiyə burda hərbi baza yaradır. Belə deyil. Bu, sadəcə, türk hərbçilərinin bir yerdə yerləşməsi üçündür. Şəhərcik onların sosial təminatına görədir. Bir terminalın Türkiyə Silahlı Qüvvələrinə verilməsi hərbi baza xarakteri daşımır. Bu, birgə təlimlər keçirilməsi üçün nəzərdə tutulub. Çünki Türkiyə ilə Azərbaycan arasında hərbi bazanın yaradılması haqqında müqavilə yoxdur. Azərbaycan Konstitusiyasına görə də burda başqa ölkənin bazasının yerləşdirilməsi yolverilməz sayılır”.

Elxan Mehdiyev: Yazırlar ki, guya hərbi baza verilir...
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid

Bunu deyən konfliktoloq Elxan Mehdiyev də vurğulayır ki, bu fərman həm də Türkiyə hərbçilərinin Azərbaycan ordusuna yardımı üçündür:

“Çünki 2010-cu ildə təhlükəsizliklə bağlı qarşılıqlı anlaşma müqaviləsi imzalanıb. Ona görə hərbi əməkdaşlığın güclənməsinə yönəlmiş bir anlaşmadır. Maraqlıdır ki, bu, Türkiyənin qalmaqallı dönəmində imzalanıb. Bu da bir sıra suallar doğurur”.

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri təyyarələrinin döyüş atışlı təlimləri

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG