Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:21

"Hakimiyyəti istədiyi şəxsə ötürmək"


Azərbaycan Konstitusiyasından çıxarışlar

Azərbaycan Konstitusiyasından çıxarışlar

Azərbaycanda hakimiyyətin ötürülməsi müxanizmimi hazırlanır? Konstitusiyaya dəyişiklərin - 1-ci vitse prezident, vitseprezidentlər vəzifələrinin təsisi olunmasının məqsədi nədir?

Hüquqşünas Fuad Ağayev bildirir ki, Konstutusiya aktına nəzərdə tutulan dəyişikliklər hüquqi dövlət üçün yolverilməzdir:

“Son 15 ili götürsək, artıq bu neçənci referendum aktı layihəsidir ki, ortalığa çıxır. Ümumilikdə götürdükdə və bu yeni vitse prezidentlik haqqında müddəalar xoş təsir bağışlamır. Və bunun həyata keçəcəyi təqdirdə əlbəttə ki, xalq hakimiyyəti, demokratik idarəetmə üsuluna, siyasi rejiminə çox neqativ təsir göstərəcək. Təqdim olunmuş layihədən görünür ki, vitse prezident yalnız və yalnız dövlət başçısı tərəfindən təyin olunmuş bir vəzifəli şəxsdir. Olduqca böyük səlahiyyətlərə malik olan bir şəxsdir.

Fuad Ağayev

Fuad Ağayev

Qanunla, Konstitusiyada nəzərdə tutulmuş əsaslar olacağı təqdirdə prezident vaxtından əvvəl vəzifədən getdikdə super prezident səlahiyyətləri xalq tərəfindən seçilməmiş, hətta Milli Məclis tərəfindən də namizədliyi verilməmiş 1-ci vitse prezidentə keçmiş olacaq. Bu nəinki demokratik quruluşlu dövlətlər üçün, nəinki Qərbi Avropa dövlətləri üçün ümumiyyətlə hüquqi dövlət adlandırılmaq istəyən dövlət üçün yolverilməzdir”.

"HÖRMƏTDƏN SALMAQDIR"

Hüquqşünas Ənnağı Hacıbəyli isə hesab edir ki, nəzərdə tutulan dəyişikliklər hakimiyyətin istədiyi şəxsə ötürülməsinə xidmət edir:

“Hesab edirəm ki, Konstitusiyanın bu şəkildə bir neçə ildən bir oxşar təkliflərlə və siyasi mülahizələrlə dəyişdirilməsi bütövlükdə Konstitusiyanın hörmətdən salınmasıdır. Və dövlətin ali qanunverici aktı kimi Konstitusiyanın hüquqi baxımdan nizamlama rolunu aşağı endirir.

Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyli

1-ci vitse prezident və vitse prezidentlər postlarının təsis edilməsi hüquqi rəydə hakimiyyətin ötürülməsinin yeni mexanizmi kimi qəbul edilir. Və xeyli adamların fikri belədir ki, bu mexanizm əslində hakimiyyətin hüquqi yolla ötürülməsindən daha çox mövcud hakimiyyətə sərf edən şəkildə, yəni hakimiyyətin istədiyi şəxsə ötürülməsinə xidmət edir.”

NORMAL SEÇKİ OLSA, BELƏ DƏYİŞİKLİYİ QƏBUL ETMƏK OLAR

Hüquqşünas Qurban Məmmədov deyir ki, əgər Azərbaycanda normal seçki institutu olsa, qanuni prezident, parlament seçkiləri keçirilsə, ondan sonra bu təklifləri qəbul etmək olar. Indiki halda bu təkliflər xoş məramlı deyil:

Qurban Məmmədov

Qurban Məmmədov

“Azərbaycanda indiki rejimin vaxtında hakimiyyətin irsən ötürülməsi problem deyil. Necə ki, 2003-cü ildə ötürülüb, bundan sonra da eyni qaydada ötürülə bilər. Bununçün nə Konstitusiyanı belə deşik-deşik etmək, nə əlavə xərc, millətin cibindən pul xərcləmək lazımdır.


O ki qaldı təkliflərə, 1-ci, 2-ci, 5-ci vitse prezident də təsis etmək olar, bütün təklif olunan yenilikləri də qəbul etmək olar. Yalnız bir şərtlə. İcazə versinlər mən prezident seçilim, ondan sonra dəyişiklik edək.

İcazə versinlər Azərbaycanda heç olmasa bircə dəfə qanuni prezident və parlament seçkiləri keçirilsin, o təklifləri sonra qəbul edək. Məsələ təklif edilən təklifdə, qəbul olunan qanunda deyil, onların məzmununda deyil. Azərbaycanda yazılan heç bir qanun icra olunmur ki. Ona görə də edilən təkliflər xoş niyyətli deyil. Bu hamıya bəllidir. Hesab edirəm ki, bu bizim dövlətimizi çox böyük uçuruma və fəlakətlərə aparır”.

XS
SM
MD
LG