Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

'Reklam pulları qlamur jurnallara axır'


►Hökumət müzakirələrə gəlmədi

“Azərbaycanda medianın iqtisadi dayaqları çox zəifdir. Media reklamı bazarının həcminə görə, Azərbaycan ən geridə qalan ölkələrdəndir. Medianı tənzimləyən qanunlar sərtləşdirilir, onun informasiyalara çıxış imkanları olduqca zəifdir...”

Sivil Toplum Platformasının “Milli mətbuatın 141-ci ilində Azərbaycan KİV-i” mövzusunda keçirdiyi ictimai dinləmələrdə vurgulanan əsas nüanslar bunlar olub.

Müzakirələrə media qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, beynəlxalq təşkilatlar və xarici ölkə səfirliklərinin nümayəndələri qatılıblar. Dəvət edilsələr də, dövlət qurumları nümayəndələri müzakirələrdə iştirak etməyiblər.

Tədbirdə Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin medianın iqtisadi durumu haqda məruzəsi dinlənilib.

Buna da bax: Prezident köməkçisi: «Öncə peşəkarlıq artırılmalı...»

Media reklamı bazarı monopoliyada...

M.Əliyev hakimiyyətin mediaya münasibətdə ayrı-seçkiliyə yol verdiyini, ayrılan maliyyə vəsaitlərinin düzgün xərclənmədiyini deyib.

“Ən başlıcası, reklam bazarı monopoliyadadır. Bu medianın inkişafına ciddi problem yaradır. 2015-ci ildə manatın devalvasiyası və iqtisadi fəallığın azalması ilə əlaqədar Azərbaycan KİV-lərinin iqtisadi vəziyyəti daha da pisləşib ”, M.Əliyev deyib.

O, rəsmi statistikaya istinad edərək, media reklamı bazarının getdikcə kiçildiyini ifadə edib:

Monopoliyadakı bazar kiçilə-kiçilə gedir...

“Dövlət Statistika Komitəsinin bilgilərinə görə, 2015-ci ildə Azərbaycanda KİV-in əsas gəlir mənbəyinin – reklam bazarının ümumi dövriyyəsi 13,3 faiz azalıb. Bir il əvvəl bazar 72,5 milyon manat idi, 2015-ci ildə 62,8 milyon manat təşkil edib. Dollarla ifadə etdikdə bazar 35 faiz geriləyib”

Mehman Əliyev media reklamının təxminən 26 milyon manat olduğunu bildirib:

“Manatla ifadə etdikdə 3 faiz artsa da, dollarla ifadə etdikdə reklam həcmi 22,8 faiz azalıb ”.

Buna da bax: 'Gülənin müsahibəsi ANS-i bağlamağa əsas ola bilməz'

Onun deməsinə görə, televiziyalar tamamilə hakimiyyətin nəzarəti altındadır.

“Buraya daxil olan 22,9 milyon dollarlıq (2014-cü ildə 28,9 milyon dollar) vəsait bu yayımların müəyyən dərəcədə mövcud olmasını təmin edir, amma cüzi gəlir onların inkişafını ciddi şəkildə gecikdirir ”-O qeyd edib.

Reklam pulları qlamur jurnallara axır...

M. Əliyev deyib ki, çap və onlayn KİV-in reklam həcmi isə cəmi 2,9 milyon dollar (2014-cü ildə 1,08 milyon dollar) olub. Onun deməsinə görə, bu rəqəm onların yoxsulluğunu və tamamilə xarici maliyyələşmədən asılılığını göstərir.

“Statistika çap KİV-də reklamın dörd dəfədən çox artdığını göstərir. Amma bu, prezidentin ailə üzvlərinin rəhbərlik etdiyi “Bakı” kimi qlamur jurnallara reklam axını hesabına baş verib ”, M.Əliyev vurğulayıb.

M.Əliyev bildirib ki, Azərbaycanda təxminən 300 real və onlayn KİV var. Orta hesabla bu KİV-in hər birinin payına ildə 8,5 min dollar və ya ayda 708 dollar reklam gəliri düşür. Mehman Əliyevin deməsinə görə, onların böyük əksəriyyəti reklam almır.

Qanunvericilik də mürtəceləşdirilir

“Son illərdə medianı tənzimləyən əksər qanunlara dəyişikliklər edilib. Bu dəyişikliklər təsüflər olsun ki, mürtəce məzmunda olub. Medianın hüquqlarını məhdudlaşdırmağa xidmət edib ”.

Bunu isə media eksperti Ələsgər Məmmədli deyib.

O, qeyd edib ki, 2014-cü ildən bəri "KİV haqqında" Qanuna 4 dəfə müdaxilə edilib. Bu dəyişikliklər isə media ilə bağlı qanunvericiliyi daha da sərtləşdirib.

“Müstəqil şəkildə KİV-in fəaliyyətini bir ay müddətinə dayandırmaq hüququ olan Milli Teleradio Şurası daha bir mürtəce düzəlişdən istifadə etdi. Bu da ANS telekanalı ilə baş verdi. Bundan öncə bu hüquqa ancaq məhkəmələr malik idi. ”, deyə Ə.Məmmədli qeyd edib.

Fiziki basqılarda azalma var...

Müzakirələrdə medianın informasiyalara çatım imkanları da müzakirə mövzusu olub. Media eksperti Xalid Ağaliyev 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə edilməsi haqqında” qanunun 10 il ərzində ciddi dəyişikliklərə məruz qaldığını deyib.

“Qanun qəbul edildikdən bu yana onun mətninin yarıya qədəri çıxarılıb. Qanunun icrasına nəzarət funksiyası Ombudsmana verilib. Reallıq bundan ibarətdir ki qanun işləmir ”, deyən ekspert dövlət qurumlarının əksəriyyətinin informasiya sorğularına cavab vermədiyini, saytlara bütün bilgilərin daxil edilmədiyi qeyd edib.

X. Ağaliyev diqqəti ona yönəldib ki, dövlət orqanları məlumatların yalnız 30-35 faizini açıqlayırlar.

Bununla yanaşı X.Ağəliyev jurnalistlərə qarşı fiziki təzyiqlərin və hədə-qorxuların azaldığını vurğulayıb. Lakin zaldan replika ataraq deyiblər ki, bu, jurnalistlərin çoxunun ölkəni tərk etməsi, işi buraxması, ya da dövlətin nəzarətinə keçməsi ilə əlaqədardır.

“KİV-ə yeni təzyiq forması ölkədən çıxışa qadağa qoyulmasıdır. Hazırda ən azı 10 nəfər KİV işçisi ölkədən çıxa bilmir”, X.Ağəliyev bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG